Azərbaycan müxalifətinin yükünü daha çox Azərbaycan mətbuatı çəkib

Ölkədə qəzetlər də çoxdur, o qəzetlərdə gedən müsahibələr də.Amma nə qədər çox olsa da, mümkün deyil ki, oxucu gözlədiyi bütün sualların cavabını qəzetlərdə tapsın.Elə isə əziz oxucu, nəyə görə bu sualı özün soruşmayasan?“Sizin sual” rubrikası bunun üçündür, buyurun, zəng edin, suallarınızı verin. Rubrikanın qonağının kim olacağı haqda məlumatı isə həftəarası hər gün 2-ci səhifədə görəcəksiniz.

Qasidlik edir: Rasim Körpülü

 

 

Sənubər ƏHMƏDOVA,

ADPU-nun tələbəsi:

– Milli Məclisdə “Qarabğ” fraksiyasını yaratmaqla nəyənail oldunuz? Və bu fraksiya Qarabağ probleminin müsbət həlli üçün hansı təsir imkanlarına malikdir?

– “Qarabağ” fraksiyasını yaratmaqla ən azı Milli MəclisdəQarabağ məsələsini fəal şəkildə gündəmə gətirən bir qurumun olduğunu isbatladıq. Nəyə nail ola biləcəyimiz isə gələcək göstərəcək. Ən azı qarşımızda bir neçə plan dayanır: Xocalı soyqırımının tanınması və parlamentlərdə müzakirəsi. Bu istiqamətdəçalışırıq.Mənə belə gəlir ki, parlamentin aktivliyi ilə cəmiyyətin aktivliyi bir araya gələrsə, Qarabağ probleminin müsbət həlli istiqamətində addım atmış olarıq.

– Partiyanızın qeydiyyatdan keçməsi ilə bağlı hansı problemlər var?

– Partiyamızın qeydiyyatdan keçmasi ilə bağlı olan problem Ədliyyə Nazirliyinin problemidir. Ədliyyə Nazirliyi, görünür, bu problemi yaratmaqda hakimiyyətin maraqlarına xidmət edir.Və hakimiyyət partiyaları qeyri-müəyyən şəkildə saxlamaqla, onları siyasi mübarizədən bir qədər kanarlaşdıra bilir.

Toğrul HƏSƏNOV,

biznesmen:

 – Sizi parlament müxalifətinin müxalifəti adlandırmaq olarmı?

– Məni kimlərinsə necə adlandırmaqlarından, fəaliyyətimə necə qiymət vermələrindən asılı olmayaraq, düşündüklərimi və Azarbaycan xalqının problemlerini Milli Məclis səviyyəsində qaldırıram. Məni kimsə “müxalifətin müxaliləti”, kimsə “parlament müxalifəti”, kimsə “iqtidarın müxalifəti” adlandıra bilər, amma hər şeyi zaman öz yoluna qoyacaq və hər kəsin layiqli qiymətini verəcək, bundan narahat deyiləm.

Nazim SƏMƏDOV,

BDU-nun tələbəsi:

 -Siz hansısa hüquq sahəsində işləmisinizmi?

– Yox. Man yalnız ayrı-ayrı dönəmlərdə siyasi məhbusların, hüqüqları pozulan ayrı-ayn şəxslərin ictimai vəkili funksiyasını yerinə yetirmişəm, amma hüquq sahəsində işləməmişəm. Və heç vaxt da bu sahədə işləmək arzusunda olmamışam.

Hikmət ƏLİZADƏ

tarix muəllimi:

  • Milli Məclisdə “Qarabağ”fraksiyasını Dembloka alternativ kimi yaratdığınızı deyirlər. Bu addımı atmaqda məqsədiniz nədir?

– Azərbaycan xalqının problemi demokratiya ilə yanaşı həm də, Qarabağ problemidir. Və Qarabağ probleminə hər hansı problemi alternativ kimi qoymaq nə dərəcədə doğrudursa, “Qarabağ” fraksiyasını da Demblokun alternativi kimi qəbul etmək o dərəcədə doğru olardı.Mənə elə galir ki, bu fraksiyalar bir-birinə alternativ deyil.

Qəşəm ƏLİYEV,

Ilqrup Qarabağ əlili, müəllim:

– İqbal bəy, sizcə, Qarabağ problemi ilə bağlı Azərbaycanın güzəştlər limiti hansı həddə qədər olmalıdır?

– Azərbaycanın güzəştlər limiti olmamalıdır. Torpaqdan güzəşt olmur. Azərbaycan Qarabağ məsələsində öz strategiyasını müəyyən etməlidir və həmin strategiya “dövlət və millət” prinsipindən kənara çıxmamalıdır. Buna mən “güzəşt” deməzdim, buna “optimal variantda dövlətin seçə biləcəyi yol” deyərdim. O yol da, yenə deyirəm, milli maraqları tapdalamamalıdır.

Əbdül TALIBOV,

iqtisadçı:

– Vaqif Səmədoğlunun və Sabir Rüstəmxanlının həmsədr olduğu – səkkiz millət vəkilinin təmsil olunduğu “Qarabağ” fraksiyasında nəyə görə siz daha çox fəalsınız?

– Görünür, Vaqif  Səmədoğlunun Avropa Şurasında təmsil olunması, Sabir Rüstəmxanlının ham yaradıcı insan, həm Demkonqres sədri olması belə bir görüntü yaradır. Amma əslində, Vaqif bəy də, Sabir bəy də məndən daha fəaldırlar.Sadəcə olaraq, fraksiyanın qərarlarının icrası daha çox mənə həvalə olunur.

Sərxan MƏMMƏDOV,

tələbə:

– “Qarabağ” fraksiyasının hazırladığı “Qarabağın səsi” bülleteninin son səhifəsində Azarbaycanın iki rayonunun adı erməni adıyla gedib. Cümşüd Nuriyev bu səhifəyə görə, siz də daxil olmaqla, “Qarabağ” fraksiyasının üzvlərini ermənilərə işləməkdə ittiham edib…

– Bu, Cümşüd Nuriyevin öz təxəyyülünün məhsuludur. Əgər iki ad səhv verilibsə və buna görə, o, “Qarabağ” fraksiyasında birləşən millət vəkillərini ermənilərə işləməkdə suçlayırsa, bu, ən azı sözün məsuliyyətsizliyidir. Digər tərəfdən, əgər bülletenin son səhifəsində Azərbaycanın iki rayonunun adı səhv yazılmışdısa, bülletenin üz qabığına baxmaq lazım idi – orada həmin adlar düzgün yazılmışdı.Bundan başqa, Ermənistan ərazisində adları artiq dəyişdirilmiş 2 rayon da keçmiş adları ilə – Əzizbəyov və Dilcan kimi verilmişdi.Onda ermənilər də əks ittihamla çıxış edə bilərlər.Bu, nə dərəcədə məntiqidir? Adların səhv yazılması texniki səhvdir, çalışacağıq ki, bülletenin növbəti buraxılışlarında belə səhvlərə yol verilməsin.

– “Qarabağ” fraksiyası Xocalı faciəsinin xarici ölkə parlamentlərində rəsmən tanınması kampaniyasına başlayıb.Əgər fraksiya üzvləri buna nail ola bilsələr, onların parlamentdə qeydiyyata alınması ehtimalı nə qədərdir?

– Fraksiyanın parlamentdə qeydə alınması həm önəmlidir, həm də önəmsizdir. Ona görə önəmlidir ki, qanun layihələrini daha aktiv şəkildə müzakirəyə çıxara bilər. Ona görə önəmsizdir ki, biz qeydə alınmadan da xarici ölkə parlamentləri ilə kifayət qədər aktiv şəkildə işləyə bilirik. Buna görə də hər hansı bir milli masələdən fraksiyanın qeydə alınması üçün istifadə etməyəcəyik. Buna görə də, güman etmirəm ki, Xocalı soyqırımı tanınandan sonra məhz bu fakta görə fraksiyanı qeydə alsınlar. Amma gec-tez bu fraksiya qeydə alinacaq, yəni gec-tez fraksiya üzvlərinin sayı qeydə alınmaq üçün tələb olunan həddə çatacaq.

Aysel TEYMURZADƏ,

İqtisad Universitetinin I kurs

tələbəsi:

            – Müxtəlif sorğularda parlamentdə çalışan ən fəal deputat kimi sizin adınız göstərilir. Həm də parlamentin ən mübariz deputatısınız. Özünüzü heç bir fəallığı olmayan deputatların arasında necə hiss edirsiniz?

– Çətin sualdır… Əvvəla, seçicilərim və müvafiq rəy sorğularında iştirak edən şəxslər çox sağ olsunlar ki, məni bu cür qiymətləndirirlər. Amma mən özümü o cür dəyərləndirmirəm.Və belə hesab edirəm ki, görəcəyimiz işlər gördüyümüz işlərdən qat-qat çoxdur. Beş ilin yekununda bu barədə nəsə demək olar – keçilən yola nəzər salmaq olar. Hələ mövcud parlament cəmi bir ildir ki, fəaliyyət göstərir. Ona görə də istəməzdim ki, bu bölgü prinsipində öz deputat həmkarlarımın fəaliyyətinə münasibət bildirim. Amma yeri gəlmişkən, deputat həmkarlarımı milli məsələlərdə fəal olmağa dəvət edirəm.

Anar ƏLİSOY,

BDU-nun III kurs tələbəsi:

– İndiki vəziyyətdə Azərbaycanın hansısa hərbi bloklaşmaya ehtiyacı varmı, əgər varsa, nə üçün?

– Qafqazda kifayət qədər bloklaşma gedib. Ermənistan Rusiya ilə, İranla, Yunanıstanla ikitərəfli, üçtərəfli hərbi müqavilələr imzalayıb.2005-ci ildə Gürcüstanın NATO-nun üzvünə çevriləcəyi gözlənilir və Rusiya harbi bazalarının bu ölkədən çıxarılması artıq faktdır. Azərbaycan regionda faktiki olaraq hərbi cəhətdən köməksiz bir dövlətə çevrilib. Mənə elə gəlir ki, ən optimal variant Pakistan-Azərbaycan-Türkiyə, yaxud Türkiyə-Azərbaycan-İsrail hərbi bloklarının yaradılması ölkəmizin həm geosiyasi, həm də milli maraqlarına cavab verən ittifaqlar ola bilər. Hesab edirəm ki, Azərbaycan bu planların reallaşması istiqamətində ciddi işləməlidir.

– Sizcə, nə üçün Ümummilli və sosial iqtisadi problemlər şəraitində iqtidar hakimiyyətini qoruyub saxlayır, müxalifətsə bundan istifadə edə bilmir?

– Müxalifətin bundan istifadə edə bilməməsinin müxtəlif səbəbləri var. Əvvəla, Azərbaycan müxalifəti kifayət qədər parçalanıb və bu, əsasən, ideoloji zəmində deyil. Çünki yaranmanın özü ideoloji zəmində baş verməmişdi. O cümlədən, iqtidarın içindən çıxan kifayət qədər partiyalar var ki, müxalifət adı ilə fəaliyyət göstərir. Bu halda da qarşı tərəf – iqtidar mobil komanda təsiri bağışlayır və bütün üsullardan istifadə edərək hakimiyyətini möhkəmləndirir.

Barat İMANİ,

Ağdam qaçqını, ali təhsilli işsiz:

– İlk öncə sizi parlamentdə “Qarabağ” fraksiyası yaratmağınız münasibətilə təbrik edirəm. Bu hadisə keçən 9 ildə Milli Məclisdə Qarabağ məsələsinə biganəliyəaz da olsa son qoya bilər… Azərbaycan xalqının 1 milyonunun acınacaqlı vəziyyətdə yaşayışına baiskar ermənilərlə “xalq diplomatiyası” adıaltında “qardaşlaşma” siyasətinə münasibətini, necədir?

– Təbrikinə görə Barat bəyə minnətdarlığımı bildirirəm. “Qarabağ” fraksiyası bizim yox, bütövlükdə, Azərbaycan xalqının uğurudur. Çalışacağıq ki, bu fraksiya genişlənsin və sözün həqiqi mənasında, Qarabağ məsələsi ilə bağlı parlamentdə təsiredici bir qüvvəyə malik olsun.“Qardaşlaşma” siyasətinə və “xalq diplomatiyası”na gəlincəsə, bu mövqe yanlışdır. Xalq diplomatiyası problem həll olunduqdan sonra baş verən bir proses ola bilər. Münaqişə həll olunmadan belə bir siyasətdən istifadə həmişə uğursuzluğa səbəb olur.

 

 

– “Qarabağ” fraksiyasının QAT-la birgə fəaliyyəti zəlil günə düşmüş insanlarm öz dədə-baba yurduna qayıtmasında nə qədər faydalıdır?

– “Qarabağ” fraksiyası Qarabağla bağlı olan bütün təşkilatlarla əlaqələr qurmağa hazırlaşır.Bizsə parlamentin bir ilində bir mərhələni keçdik.Fraksiyanı tanıtmaq və onun beynəlxalq aləmdə görə biləcəyi işləri ardıcıl şəkildə düzmək və bu strategiyaya doğru getmək də, təbii ki, ikinci mərhələdir.

– …Və öz sualımız:

– Ötən ilin sonunda Milli Məclis “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna təklif edilən bir sıra mütərəqqi əlavə və dəyişiklikləri qəbul etdi. Sizcə, bu daha çox kimin uğuru idi: siyasi hakimiyyətin, siyasi müxalifətin, jurnalistikanın özünün, yoxsa bütövlükdə cəmiyyətin?

– Mən parlamentdə çıxışımda da bu barədə dedim. Azarbaycan xalqının və Azərbaycan müxalifətinin yükünü daha çox Azərbaycan mətbuatı çəkib. Bu, göz qabağındadır. Demokratiyanın, insan haqlarının qorunmasında müxalifətdən daha çox fəal olan və daha çox müxalifətçilik edən mətbuat olub. Azərbaycan mətbuatı “dördüncü hakimiyyət” funksiyasından imtina edərək daha çox “ikinci hakimiyyət” funksiyasını həyata keçirib. Əgər qeyri-peşakar bölümdə yanaşsaq, “ikinci hakimiyyət” – ictimai nəzarət hakimiyyətidir.Azərbaycan müxalifəti, sözün həqiqi mənasında, iqtidar üzərində də, müxalifət üzərində də ictimai nəzarət funksiyasını həyata keçirib. Qanuna əlavə və dəyişikliklər edilməsini mətbuatın, bütövlükdə xalqın qələbəsi hesab edirəm. Arzu edirəm ki, bu qanundakı yeni mütərəqqi müddəalar kağız üzərində qalmasın, həyatda öz əksini tapsın.

08.01.2002 Express

 

 

Şərh yaz