Aydın Can ad günü münasibətilə İqbal Ağazadəni belə təbrik etdi: “ÜMİDlərimizin İQBALI”

Günəşlə birgə doğulan…

SİTUASİYANIN – siyasi-geosiyasi proseslərin, iqtisadi-coğrafi istilaların, qlobal maraqların, inteqrasiya zərurətinin yaratdığı ZAMAN Azərbaycanla çox ciddi və həm də pis oynayır!

Bir-bir sıradan çıxarır şahsevən xalqımızın lider institutunun “ana müxalifət”, “ata iqtidar”, radikal, müqtədir, “əsl müxalifət” “öndər”lərini… SİTUASİYANIN YARATDIĞI ZAMAN!

Demokratik dəyərlərə heç kim sahibləndirə bilmir bu ölkəni, bu xalqı!

Qələbənin yollarını nə iqtidar bilir, nə müxalifət… düşmən üzərində! Bilirsə də, nail ola bilmir, bu vətəni və bu xalqı içdən, ürəklə və ürəkdən sevmək heç nəyə stimul və həlledici yük daşımır – mən, əlbəttə ki, Monika Belluççi ilə sevişmək istəyirəm, özümü onu yatağından keçirmiş bütün varlı və gözəl kişilərin hamısından daha artıq və daha çox layiq bilirəm ona, ədəbiyyatdan, sevgidən, “şeirdən-bayemadan” ona daha gözəl qiraət yapa bilərəm, kofeni onun üçün otel odasındakı yatağımıza dünyanın ən aristokrat lakeyindən-ofisiantından milyon dəfə ecazkar gətirə biləcəyəm, zənnindəyəm, amma nərdə? EYNƏN VƏ EYZƏN… bizimkilər də – iqtidarlı-müxalifətli, ziyalılı-ayağıçarıqlı-çiynipatavalı zombi və lümpen soydaşlarımız da: vətəni, demokratiyanı, qələbəni, qüdrəti gözəl sevirlər, anlayırlar, istəyirlər, fəqət… əldə etmək, nail olmaq yolları, imkanları… naməlum!

Bütün resurslar tükənib-tükəndirilib, ağzımızı divara dirəyiblər – düşmənlər bir yandan, özümüz də özümüzü bir yandan!

Dünyanı ən ən güclü dövlətləri çox məharətlə faşizmdən, kapitalizmdən, istiladan-işğaldan bəhrələnib düzəni yapandan sonra… liberal dəyərlər üstündə hökm edirlər! Ac canavar qarşısına yazıq quzu cildində çıxarırlar bizi – təəssüf ki, bu cildi bizə özümüz də rəva görürük!

Əslində, Azərbaycanın bu dəqiqə yeganə xilası şovinist-millətçi ideologiya və faşizm iddialarıdır, demokratiyanı milyard kilometr uzağa – Marsa, Veneraya, Yupiterə tullamaq lazımdır, vəhşi alman əsgəri, hiyləgər ingilis piratı, mübariz irland döyüşçüsü, dönməz “Tamil pələngi”, dəyanətli “imam Hüseyn aşiqi” olmalıykən, qəddarlıqda analoqu olmayan bir iqtidarla savaşda bir geyin təpkisinə dözməyənləri lider sayırıq, xalqın etimadını bir kabadayının zənginə bada verəni xilaskar sayırıq, ərşdən-kürşdən danışırıq, bir qazini qoruya bilmirik, düşmənlə torpaq, müstəqillik savaşındaykən halal-hümmət evimizin toxunulmazlığını anlada bilmirik… heç kimə – nə özümüzə, nə də bir-birimizə!

Ad günü bəhanədir… sadəcə, vəsilə saydım bunları və bundan sonranı yazmağı İqbal Ağazadə haqqında.

… 28 yaşında olan Şahin Əliyevdən 18 il qabaq eşitmişdim (indi əməkdar jurnalistdir, “Tərəqii” medalı alıb, ev veriblər): “Mən bu yaşımacan elə bir hərəkət etmədim ki, durum sonra da deyim üzr istəyirəm, bağışla!”

… Bu gün Azərbaycanı xilas etməkdən danışan siyasətçilər başda lider saydıqları olmaqla… 1993-cü ilin iyunun 4-də ölüblər! Ölüblər!!! On il oyuncaq “zərərdidə” rolunda çıxış edəndən sonra “reabilitasiya”larını “Şeyx Nəsrullah”ın əliylə həyata keçirdilər və fərqinə varmadılar ki, başlarının üstündədi 4 iyun 1993-cü il qəhbə qaxıncı kimi! Tam yeni bir heyət buraxmalıydılar meydana! Etmədilər və “Şeyx Nəsrullah” da bilirdi ki, bunlardan kişi çıxmaz – hamısının bir “üzr istəyirəm, bağışla” yeri var! Vedrələri dallarında, zınqırovları boyunlarında ola-ola başladılar danışmağa! Onların tarixdə qalmaq missiyası, lüksü ancaq bundan ibarətdir. Adına siyasət dedilər, amma yaxşı alver oldu! Arada, indiyəcən milyon dəfə deyilən kimi, “Azərbaycanda oyun gedir, oyunda Azərbaycan”! Siyasi silliogizmlər bu xalqın təsəlli yeri oldu!

27 ilə öz qanıbir-canıbir qardaşını həqiqətə inandırıb hakimiyyəti ala bilməyənlərin düşməndən torpaq almaq və dünya geosiyasi düzənində müstəqillik siyasəti yürütmək bacarığı, sözsüz ki, blef sayılmaqda!

“Novıy russkiy”lərdə – “nuvoriş” çağrılanlarda belə bir “kayfulla”lıq var: özlərinin və dostlarının arvadlarının dalınca adam salırlar yoldan çıxarmağa, “alendelon”ları hər cür təmin edirlər, xəyanət başında yaxalayır və… birgə yaşamağa da… davam edirlər!

Bizim siyasi arenanın “liderləri” də eyni üsul və yollarla 27 il “dinc birgəyaşayış yolu” seçdilər – hamı bir-birinə fahişə kimi baxdı, olmayanı da sürüklədilər, çıxılmaz duruma salıb, bir-birlərini bir-birlərindən asılı etdilər!

Ramiz Mehdiyevin “mən danışsam” bəyanatı ən bariz nümunə!

Adi bir rus qəhbəsində olan cəsarət də olmadı siyasi “lider”lərimizdə ki, etiraf etsinlər: bəli, mən situasiyaya uyğun olaraq, bu yanlışı yapdım! Elə yaxalananın hamısı “bağırsağımdır” dedi!

2000-ci ilə qədər ortada olanları Rusiya kəşfiyyatına bağladıq, 2000-dən sonra meydana gələnləri “Ettelaat”, “Mossad”, “Mİ-5”, “FETÖ”, day yer qalmadı, ağlımıza və ağzımıza gələnlərin emissarları gördük! Yorulmadıq bir-birimizi düşmən kimi kirə çıxarmaqdan!

Ruhu, düşüncəsi, istəyi, sevgisi Azərbaycan olan bir-ikisini də rus-erməni kəşfiyyatının nökərləri çərlətdi!

Heç biri idarəetmədə (hətta partiyadaxili idarəetmədə!) siyasi plüralizmi, demokratiyanı, kreativ düşüncəni, proqressiv və produktiv təklifləri yaxın buraxmadı!

Şahsevən xisləti lider institutunu daha da möhkəmlətdi!

Azərbaycanın müstəqilliyini, Azərbaycanda demokratiyanı, Azərbaycanı vətən kimi bütöv görmək istəyənlər başladılar partiyaları gəzməyə: “karusel” təkcə seçki zamanı olmadı ki!

Azərbaycandakı siyasi partiya rəhbərlərinin iddialı-hikkəli “lider”lərinin heç birinin ağlına gəlmədi ki, öz aralarında sazişə gəlsin, iqtidarı bütün ittiham dayaqlarından məhrum etsin, anlaşsınlar vahid namizəd məsələsində, bütün partiyalar pay ayırsınlar üzvlərindən hakimiyyəti əldə edə biləcək qədər güclü bir partiya yaratsınlar: YAP-dan öyrəndikləri bu oldu ki, hərəsinin bir bicbala partiyası olsun, amma unutdular ki, YAP hakimiyyətdə tam və qəti qələbə qazanandan sonra bu bicbalaları abort elədi, bunlar uduzanda, uduza-uduza balaladılar!

İstənilən halda istənilən situasiyada çıxış yolu var “tupik”dən-dalandan! Özü də bir yox, iki!

Bugünkü Azərbaycanın xilası bugünkü Azərbaycandan xilas olmaqdır! 1918-ci ildə Rusiya belə bir durumdaydı! Sifətini-mentalitetini dəyişməlidir Azərbaycan!

İki yoldan biri – Azərbaycanın sürətlə müstəmləkə olmağa doğru getdiyi yoldur: Belarus bariz nümunə!

İkinci yol…

İkinci yol hakimiyyətin də, müxalifətin də dalına daha az vedrə qoşa, boynuna daha az zınqırov asa bildiyi, daha az günahlı birinə güzəşt edib bu şahsevən xalqa lider etmək!

Bu seçim… bu gün edilməlidir!

Bu xalqı demokratik seçimin ümidinə qoymaq olmaz: Heydər Əliyev haqqında “bizim yeddimizi yeddiyə vursan, o kişiyə çatmarıq”, Elçibəyə gələndə isə erməniylə qohum çıxaran Nizami Süleymanovu prezident seçəcək!

Sabah yetişə biləcək lider isə situasiyanın daha da çıxılmaz etdiyi zaman qarşısında aciz qala bilər: Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Şəfi bəy Rüstəmbəyli kimi!!!

Xilas elə həmin seçim bacarığı olmayan xalqı seçkiyə gətirib ona İqbal Ağazadəni seçdirməkdir!

Klan və digər maraqları – xarici kəşfiyyat orqanlarının rezidenti olmaqları artıq illər öncədən bəlli olanları da, bu hakimiyyətlə işbirliyi yapanları da, regional mənsubiyyəti də ciddi təhlil edib anlatmaq lazımdır: İqbal Ağazadə qalibdir və onun qalibliyini təmin etmək lazımdır!

Bu… bu hakimiyyətin və bugünkü müxalifətin borcudur: 2003-cü ilin İsa Qəmbəri, 2020-ci ilin Svetlana Tixanovskayası olmaq Azərbaycanın əbədi məhvidir!

Gültəkin Hacıbəyliyə on ildən çox İlham Əliyevə qulluq etməyi bağışlayan “xalqın” təzyiq və təpki altında İqbal Ağazadənin üç dəqiqəlik çıxışını və siyasi etika xatirinə təbrikini bağışlamamasına, “seçiminə” hörmətlə yanaşmaq absurddur! Ona demək lazımdır kimi seçməlidir!

Həbsxanada olmayan, başının üstündə dəyənək, qarşısında ailə üzvünün namusuyla təhdid edilməyən Cəmil Həsənlinin dalını əldən vermişlərin bir cümləsiylə üzr istəməsini qulaqardına vurub dalınca getmək bu xalqın xilası deyil!

1993-də Elçibəyə, 1998-də Etibar Məmmədova, 2003-də İsa Qəmbərə, 1993-dən 2020-ci ilə qədər Heydər Əliyevə və klanına hakimiyyət haqqı verən xalq bu dəfə susmalıdır… İqbal Ağazadənin şansına!

Əli İnsanovun, Ramiz Mehdiyevin Kəmaləddin Heydərovun, Əlilərin… Həsənovunun, Həsənazının, Əhmədovunun etdiklərindən nəticə çıxarmalıdır!

Heydər Əlyev və klanının XİSLƏTİ bəlli!

… Bir dəfə Qulu Xəlilov Xəlil Rzagilə qonaq gedir Salyana. Səhər tezdən durub üzünü yumaq istəyən Qulu Xəlilovun əlinə aftafa ilə su tökən ev adamına yox, Quluya qışqırır Xəlil bəy:

– Suyu tök yerə! Suyu tök yerə!

Ovcundakı suyu yerə tökən Qulu müəllim Xəlil bəydən soruşur:

– Niyə?

– Salyan suyu adamın üzünün abrını aparır!

Heydər Əliyevin və klanının – Yap-ın çörəyi ilə böyüyənlərin üzündə abır yoxdur! Olmayıb, olmayacaq da! İstəyir Əli İnsnaov olsun, istəyir Ramiz Mehdiyev, ya da Kəmaləddin Heydərov!

Onlar çörəyi bu xalqa xəyanətə görə verir, bu xalqa yalan danışmağa görə verir, bu xalqın namusuna ləkə yaxmağa görə verir!

Əvvəl də belə vermişdilər, 27 ildir də belə verirlər, qalsalar, yenə də belə verəcəklər!

XİSLƏT ODUR!

ƏSLİNDƏ…

mən əlikərimliçilərə qoşulub dəstək olmağa hazır olardım – fəqət, həm o “at məsələsi” qoymur, həm də bu hakimiyyət hakimiyyətin onun əlinə keçməsini istəmir də, imkan da verməz: çünki tanıyır, bilir kimdir, özünə və kimlərə işlədiyindən xəbərdardır, xislətini bilir! Heydər Əliyevin və klanının yerini “Heydər Əliyevə və klanı”na təhvil verməz!

Etibar Məmmədovu diriltmək qeyri-mümkündür – silahdaşlarına bir dəfə xəyanət edən yenə də edər! 1993-cü ilin iyunundan tanıdıqları və tanınan Etibar Məmmədov ar-abırda özlərindən geri qalmır! Əli Əhmədov kimi kadrdan bilirlər… ən azından! Heydər Əliyev və klanına üzdə 27 il susan, daldeydə xidmət edən adama bu xalq ikinci şansı tanımaz!

İsa Qəmbər şansından yararlanıb və… hakimiyyət başqan Arif Hacılının yox, Əli Kərimlinin qoluna özünü qaynaq edən Tofiq Yaqublunun timsalında, – bu xalqın gözündə bu an qəhrəman olsa da, – belə təfriqə sala bilib: ötən 17 ildə İsa Qəmbərin 1993, 2003-cü illərdəki səhvlərini daha da ağırlaşdırıb!

Azərbaycanda Zelenskiyə və Saakaşviliyə ümid etməyə dəyməz – İlqar Məmmədov rəsmən 234 min manata (hərçənd bu, onun halal haqqı olmaqla elə siyasətçi kimi də qiymətidir: müstəqim və məcazi mənada) və partiyasının qeydiyyatına satılmaqla liberal dəyərlərin təmsilçisi yox, balağına-topuğuna işəyənlərlə bir sırada olduğunu sərgilədi!

Andrey Şevçenkoya ilk illərdə elçi düşəndə Şevanın gözləri işıldamışdı: 5 milyon dollar! Lobanovski razı olmamışdı! İkinci dəfə 12 milyon dollar təklif olunmuşdu! Şeva Ustaddan razılıq verməsini xahiş edəndə ona demişdi: dəyərini bil! Üçüncü dəfə 17 milyon dollar təklif ediləndə demişdi: hə, Şeva, səni bundan baha satmaq olmaz!

Karyerasını bitirənəcən də o qiymətdən artıq qiymət verən olmadı – hərçənd Çempionlar Liqasında da qalib olmuşdu qızıl top da almışdı!

Xalqın İlqar Məmmədova verdiyi dəyəri İlqar Məmmədov Razi Nurullayevə hakimiyyətin verdiyi dəyərdən də ucuzuna qurban verdi!

Bu faktları yalnız və yalnız İqbal Ağazadədən yazanda söyləmək olur!

Niyə?

Əvvəla:

İqbal Ağazadə bütün digər partiya rəhbərlərindən fərqli və yeganə siyasətçi olaraq, açıq-aşkar bəyan edir:Qarabağı müharibə yoluyla azad etmək – indi əleyhdarları ha desin ki, İqbal Ağazadə bizimlə söhbətdə deyir ki, nə qədər Putin hakimiyyətdədir, Qarabağı qaytarmaq olmaz! Deyənlər özləri bilər, söhbət mövqeyini açıq ortaya qoymaqdan gedir!

İkinci, İqbal Ağazadə tək və yeganə siyasidir ki, açıq-aşkar bəyan edir: maliyyə amnistiyası tətbiq edəcəm!

İqbal Ağazadə tək və yeganə siyasi liderdir ki, hakimiyyətin siyasi fəalları islami dəyərlər üstündə həbsə alınması yönündə “allahu-əkbər” sədalarına ittihamını açıq-aşkar sıfırlayıb: “allahu-əkbər sənin bayrağındadır! Niyə mən çəkinməliyəm ki?”

Üçüncüsü, İqbal Ağazadə bütün siyasi partiyaların liderlərinə və onların aksiyalarına dəstək olub! Hər birinin də yanlışını özünə deyib, şantaja çevirməyib, trollarına yazdırmayıb… haqlarında bildiklərini!

Dördüncüsü və ən başlıcası, vətəndaşların etimadından sui-istifadə etməyib, vətəndaşların doğal və konstutison hüquqları uğrunda həmişə mübarizə aparıb! Partiya rəhbəri və deputat kimi də hər zaman həqiqətləri deyib, korrupsiya ilə mübarizədə, monopolizmlə, oliqarxlarla savaşda eşitmisiniz: day yıxılandan sonra yox e, VAXTINDA!

Beşincisi, yeganə siyasətçidir ki, ölkədə dəyişikliyin seçkilər yolu ilə olmasının zərərsiz və təhlükəsiz olduğunu deyir, həm də əməl edir, day bu gün “çıxaq, yıxaq”, sabah “babasilim ağrıyır”, “oğlumu əsgər aparıblar”, “kabadayı zəng elədi”, “təxribat olacaq, qan töküləcək” deyə bir şeyləri bəhanə edib, sözünü çevirmədi!

Bu gün İlham Əliyevə “diktator” deyib, sabah “sənin yanındayam” demədi!

İstənilən halda nəzərə almaq lazımdır ki, ölkədə bu və ya digər şəkildə hakimiyyət dəyişməlidir, həm də nəzərə almaq lazımdır ki, hakimiyyətin dəyişilməsi belə, hələ hər şey demək deyil! Azərbaycanı klan düşüncəli “akula”lardan, əjdahalardan qoparmaq üçün regional balansı da dəyişmək lazımdır!

İqbal Ağazadəni prezident seçkisinəcən diri aparmaq, çatdırmaq həm də bütün digər siyasi partiya rəhbərləri və üzvləri ilə birgə, xalqın borcudur və bu borcu yerinə yetirən xalq həm özünü, həm dövlətini, həm də 27 ildir şantaja məruz qalan, siyasi məhbusları azadlıqdakı üzvlərindən çox olan liderlərin xilasıdır!

İqbal Ağazadə qisasçı xislətində deyil!

Cəlal Əliyevdən həm Əli Kərimlinin, həm də Müsavatın sırasında bəs qədərdir – bir Cəlal Əliyevlə bacarmadıq , hərəsinin yanında 50 dənə “Cəlal Əliyev” var, Əli Kərimlinin “Paşa-holdinqi”nə, “Gilan- holdinq”inə isə allah eləməsin imkan yaransın!

Uzun müddət izlədim ki, bizim analitiklər, seçki texnoloqları, “piarşik”lər bir dəfə də olsa, seçki zamanı seçkidən kənar saxlanılan və kənar qalan namizədlərin toplaya biləcəyi səslərin nisbətini ehtimalla da olsa, bəyan etsinlər!

Əslində, gözləməyə də dəyməzdi: bizim müstəqil saydığımız “analitik” və “ekspert”lərimiz mövcud hakimiyyətin məddahlarından heç də geri qalmır! İqtidar məddahları tatını çevirir, bunlar da tatıya vurur!

Faktiki isə, ciddi şəkildə araşdırılmalıydı və bəyan edilməliydi (etməməklərinin səbəbi “əlipeçi trollar”ın var-yox söyüşündən çəkinməkləridir, əslində – günümüzə bax: müstəqil analitiklər və ekspertlər trolların söyüşündən qorxur, amma ölkə üçün proqnoz verirlər, özləri də bilirlər ki, həqiqət qalıb o yanda!)

Əgər nəzərə alsaq ki, istənilən rəqiblə, başda Əli Kərimli və İsa Qəmbər olmaqla:

hakimiyyəti dəstəkləyənlər (əsasən də Naxçıvan klanı) əhalinin 12-15 faizidir, seçim anında özlərinin gələcəyi naminə 8-10 faiz İqbal Ağazadəyə səs verəcək – İqbal Ağazadənin rəqiblərini öz xidmətlərində-qulluqlarında çox görüblər, təbiidir ki, gələcəkdə revanş almaq, Heydər Əliyev kimi susdurmaq metodunun seçiləycəyini istisna ertmədikləri üçün, üstəlik də qürurlarına sığışdırmazlar!

Qarabağ və Qarabağətrafı rayonların əhalisinin 30 faizlik seçici potensialından minimum 25 faizi İqbal Ağazadəyə səs verəcək: bu, Qarabağlıların Azərbaycan və region qarşısında borcudur – yanlış edib inandılar Heydər Əliyevə ki, pencəyini qoltuğuna vurub azad edəcək, əvəzində gördülər ki, Heydər Əliyevə pencək tutan, ondan kitab yazan kimlərdir, yəqin nəzərə almağın vacibliyini özləri də başa düşərlər, baxmayaraq ki, mən də bunu yadlarına salacam… Heydər Əliyevin, Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Etibar Məmmədovun yanında olan qarabağlıların davranışını unutmayıblar Vəzirova lağ edən, elətdirən, İsa Qəmbəri, Tamerlan Qarayevi hədəfə aldıran naxçıvanlılara qoşulan-seçən qarabağlılar!

Təbii ki, cənub regionu açıq-aşkar İqbal Ağazadəni dəstəkləyəcək – yorulublar Püstəxanım kimi “kruq” vurmaqdan İsanın yanından Əlinin, Əlinin yanından Etibarın yanına (və əksi marşrutla da həmşinin) karusel kimi fırlanmaqdan – nə vəzifə verdilər, nə qrant gördülər, nə də regionun maraqlarının ifadəsini! Hazır 10 faizi də burdan varıdır İqbal Ağazadənin!

Şimal regionundan da narahat olmağa dəyməz: onlar istənilən halda fikirləşir ki, kim olur olsun prezident, Rusiya onunla anlaşacaq, şimaldakı etniklərin maraqları təmin olunacaq! 5 faizdən çoxa ümid etməmək hesabı bilməməyin nəticəsi sayılmalıdır!

Gəncə-Qazax istənilən halda İqbal Ağazadəni seçəcək – həm Elçibəyin, həm İsa Qəmbərin, həm də Əli Kərimlinin təəssübünü çəkəndə əlləri yanıb ağızlarına təpib! Özlərinin hazırca dörd prezidentliyə namizədi olduğu halda, dördü də bir-biriylə danışmırdı, ikisi vəfat etdi, biri özü istəmir, o birisi də deputat olmaqla kifayətləndi! 10 faiz seçici səsinə belə adınız kimi əmin ola bilərsiniz!

İndi əsas məsələ qalır o seçkini keçirmək və siyasi rəqiblərin razılığa gəlib açıq-aşkar favorit olanı seçkiyə salamat çatdırmaq!

Bunları mən və həm də belə yazmamalıydım, hər partiyanın təəssübkeş analitikləri, eksrertləri yazmalıydı, amma day zınqırovu pişiyin boynuna asmaq mənim boynuma düşüb!

Azərbaycanın özündə cılız oyunlar getsə də, Azərbaycanın başı üstündə təhlükəli oyunlar gedir!

Rusiya artıq İlham Əliyevə “get” deyib! – Amerika, Avropa da razılaşıb bununla!

İlham Əliyev gedəcək! Seçki yoluyla olmasa da, qan üstündə.

Seçki yoluyla və İqbal Ağazadəyə ölkəni təhvil verməklə getsə… həm özünü, həm də klanını xilas edəcək – səbəblərini yazmışam yuxarıda!

İlham Əliyevin komandasını təhvil-təslim etməyə kadrları bir-bir özünü “yandırır”!

Dünya bizdən də çox yorulub İlham Əliyevin şişmiş, harınlaşmış, oliqarxlaşmış, korrupsioner məmurlarının əlindən. Onlara kapital maraqlıdır, amma kapitalın təhlükəsiz qazancı daha çox maraqlıdır!

İlham Əliyev bunu təmin edə bilmir – Rusyanın, Türkiyənin, İranın təriqətçi, ingilisin rezidentləri, yəhudilərin ravvinləri imkan vermir! Günahkarı da özüdür: Ramiz Mehdiyevi o qədər səlahiyyətləndirmək, şərəfləndirmək, “İstiqlal”çı etmək, “Heydər Əliyev” nəsnələriylə mükafatlandırmaq bəlkə də ilk illərdə vacib və lazım idi, amma Əli İnsanov, Fərhad Əliyev dalğasıyla “boğmaq” olardı!

Elə şeylər var böyük siyasətdə mənim başım üçün deyil, amma istənilən halda…

İlham Əliyevin bugünkü Azərbaycanından İlham Əliyevi də, bizi də İqbal Ağazadə xilas edə bilər!

Həftədə bir dəfə mütəmadi və ardıcıl, gərəkəndə isə situativ olaraq konkret təklifləriylə, etirazlarıyla, iradlarıyla gündəmdə olan İqbal Ağazadəni digərlərindən həm də bu fərqləndirir: İlham Əliyevin sıradan çıxarmaq istədiyi köhnə qvardiyanı öz trollarıyla dəstəkləmir! Kimi tərpədirsə İlham Əliyev, həmən də görürsən ki, “xalqın xilaskar lideri”nin trolları başladı şantaja, “rejim, rejim”, “sistem, sistem” yazmağa. Ki… “əsl müxalifət” bizik və bil ha, çıxarıq küçələrə…

İqbal Ağazadə əsl siyasətçilərə xas mövqedə: sistem özü-özünü tənzimləsin. Sıradan köhnələr çıxarıldıqca qalib gəlmək şansı daha yüksək, amma bəzi başqaları… tormoz oğlu tormozluq edir! Dəstəkləməkdən çox, əlləməklə məşğuldrlar!

Elementar bir misal: Prezident Aparatından rəsmi və nəzarətdə olan saytlara göstəriş verilib: Ramiz Mehdiyevdən yazılmasın!

Heç biri yazmır o “sistem, sistem”, “rejim, rejim” deyənlərin!

Bu qədər iyrənc… “əsl müxalifət” və “xalqın xilaskarı” olan “lider”lərimiz varkən… ÜMİD elə Ümidin sədri İqbal Ağazadəyə qalır!

Məndən demək idi, dedim, day qalanını özünüz bilərsiniz!

Sizin də bilməyinizdən olmaz, maşallah – 27 ildir YAP hakimiyyətdədir, 27 ildir də siz “xilaskar lider”ləsiniz!

Bir də deyirəm: ad günü bəhanəydi, amma həm də vəsilə:

52 il qabaq saat 5 tamamda – Günəş çıxanda dünyaya gələn İqbal Ağazadə sizin də ümidlərinizin günəşi ola bilər – istəsəniz!

Mən elə-belə də təbrik edə bilərdim. Yazdım ona görə ki, gələcəyinizin iqbalı dönməsin deyə, İqbal Ağazadəni nəzərə alın! Udan siz olacaqsınız!

Can deməklə candan can əskik olmaz,

Məhəbbət artırar mehriban eylər!

Bəlkə yavaşlayasınız… düşmənçilik etməkdə, bir az da dostluq edəsiniz sizi düşünəni?

AYDIN CAN

 

 

 

 

 

 

Şərh yaz