Atəşkəs böyük siyasi və mənəvi yanlışlıq olar – İqbal Ağazadə

26

Savaş, müharibə, dava ən son çarədir. Biz son çarə ilə üzbəüz qalmışıq. Başqa yol buraxmayıblar bizə. Nə Ermənistan və havadarları, nə də vasitəçilik missiyasını həyata keçirənlər bu 26 ildə beynəlxalq hüquqa istinad ediləsi yolları qəbul etmədilər.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkə hesabında paylaşıb.

Partiya sədri bildirib:

“Nə etməli?

Əslində cavab tapılıb.

rb yolu ilə işğal olunmuş torpaqları geri almaq və dövlətimizin ərazi bütövlüyünü təmin etmək tək çıxış yoludur. Bu gün dövlətimiz və ordumuz o missiyanı həyata keçirir. Döyüş nə vaxt dayandırıla bilər, danışıq masasına nə vaxt otura bilərik?

1. Torpaqları işğaldan tam azad etməliyik.

Danışıqlar masasına əyləşərək Azərbaycanda yaşamağa razı olan vətəndaşlarımızın hüquqi statusuna aydınlıq gətirməli və Ermənistanla qonşuluq çərçivəsində dinc yanaşı yaşamanın konturlarını müəyyənləşdirməliyik.

Bu hüquqi və ədalətli həll variantıdır.

2. Dövlət sərhədimizə nəzarəti həyata keçirənədək döyüş davam etməlidir.

Cəbrayıl, Qubadlı, Zəngilan – İranla sərhədboyu, Kəlbəcər – Ermənistanla sərhəd boyu, Laçın koridoruna uzaq nəzarət imkanı əldə etməklə…

Bu rayonlar işğaldan azad olunduqdan sonra danışıqlarda üstün mövqeyə çıxıb şərtləri dəyişmək imkanı əldə edirik. Artıq bundan sonra heç kim bizimlə 5 rayon və status məsələsində israr edə bilməz. Masaya digər şərtlər sunulacaq.

Bu bizim üçün sərfəli variantdır.

3. Bugünki şərtlərə və basqılara rəğmən Füzuli, Cəbrayıl rayonları bütünlükdə, Ağdərə istiqamətində Tərtəri hədəfə götürən yüksəklikləri və Kəlbəcər istiqamətində strateji mövqeləri azad etməklə (Qarabağı Ermənistanla birləşdirən yolu nəzarətə götürmək şərtilə) qismən üstünlüklə danışıq masasına oturmaq olar.

Bu qismən sərfəli variantdır.

Atəşkəs elanı barədə düşünmək böyük siyasi və mənəvi yanlışlıq olar

Başqa halda atəşkəsə getmək millətin ruhunu öldürmək, Ermənistanın və havadarlarının danışıqlarda daha üstün mövqeyə çıxarılmasına şərait yaratmaq və itkilərin məsuliyyətini daşımaq deməkdir. 5-7 kənd və bir neçə yüksəklik problemin həllində heç bir əhəmiyyət daşımır.

 

P.S. Bu statusu beynəlxalq birliklərin və iri dövlətlərin atəşkəs çağırışına cavab olaraq yazdım.

İnanıram ki, xalqla iqtidarın haqq davasında bu qədər yekdillik nümayiş etdirdiyi vaxtda, insanların Vətənin müdafiəsinə bu qədər hazır olduğu zamanda, hamının şəhidliyi gülə-gülə qarşıladığı, “Vətən, canım sənə fəda!” dediyi dövrdə atəşkəs elanı barədə düşünmək böyük siyasi və mənəvi yanlışlıq olar.

Yola davam… İşğala son.

Hamımız əsgərik…”

Şərh yaz