Adını bilmədiyin doğmalar

Savaşda sən kürəyini yanındakı dostuna, döyüş yoldaşına söykəyib, “məni qoru”, deyirsən. Tanımadığın yaralını, şəhidini kürəyinə alıb döyüşə-döyüşə onu savaş  meydanından çıxarırsan. Özünü yaralının üstünə atıb, gələn gülləyə sipər olursan. “Onsuz da ölürəm, məni özünə yük eləmə, sən get!” deyən yaralıya, “səni xilas edəcəm, qoymaram düşmən əlinə keçəsən”, söyləyərək, çiyninə alıb döyüşə-döyüşə lazımı yerə çatdırırsan və “kimsən?” soruşmağı ağlından belə keçirmirsən. Düşüncəndəki ancaq – bizimkidir, Azərbaycan əsgəridir. 

Demək, özününküdü, doğmandan doğmadı sənə.

Vətən, torpaq, dövlət məsələsində millət olmur, vətəndaş olur. 

Hamı Azərbaycanda eyni hüquqlu vətəndaşdı. Ləzgisi də, talışı da, avarı da, zaxoru da, qırızı da, ingiloy da, kürdü də, rusu da, yəhudisi də, türkü də. Kim bu ölkənin vətəndaşıdırsa, o bizlərdən biridi. Birimizdi. Haqqımız da, hüququmuz da eynidi. 

Azərbaycan fərqli dillərdə danışıb, eyni düşünənlərin möhtəşəm birlik buketidir. Elə ona görə də gözəldi.

Vətən Müharibəsi bir daha göstərdi ki, Azərbycanda milli-etnik problem yoxdur. Hamı birdi. Hamı torpağını, vətənini, dövlətini sevir. Vətən, dövlət hamımızındı.

Adi həyatda biri-birimizlə tanış olanda kəndinə, məhləsinə kim soruşuruq. İstər Amerikada, istər Rusiyada, istərsə Bakıda olaq… Yaxşı hal olmasa da, beləyik. Amma ən çətin məqamda “Azərbaycan” deyirik, “Biz” deyirik. Ona görə də heç kim bizim birliyimizi poza bilmir. 

Azərbaycan elə bir məmləkətdir ki, orda hamı biri-biriylə qaynayıb-qarışıb. Qohum olub, doğmalaşıb. 

Biz birliyimizlə güclüyük! Varıq!

Çünki hamımız “Bura Azərbaycandır!” –deyirik.

 

Rəfail Tağızadə

Ümid Partiyası Ali Məclisinin sədri

Şərh yaz