İqbal Ağazadə Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağa-zadə Azərbaycan xalqını Zəfər Günü Bayramı münasibətilə təbrik edib. Təbriki izləyicilərə təqdim edirik:
Əziz həmvətənlərim, dəyərli soydaşlarım!
8 NOYABR Azərbaycan təqvimindən 2 apreli, 8-18 mayı, 23 iyulu, 23-31 avqustu, 30 oktyabr kimi qara günləri silən bir bayramdır – ZƏFƏR BAYRAMI…
8 noyabr əvəzində bizə 4, 9, 17, 20, 24 oktyabr, 8, 20, 25 noyabr, 1 dekabr kimi milyonları sevindirən, Azərbaycan durduqca unudulmayacaq günləri bəxş edən BAYRAMDIR – ZƏFƏR BAYRAMI!
Bu bayramı qeyd etmək uğruna 3000 Azərbaycan övladı öz canından keçdi, onminlərlə Qazimiz düşünmədən sinəsini sipər etdi ki, 30 minə yaxın şəhidin intiqamı alınsın, yüzminlərlə məcburi köçkünün gözü yollardan yığılsın, onminlərlə qazinin yarasına məlhəm olunsun, sinəmizə çəkilən QARABAĞ yanğısına su çilənsin, Göyçəyə, Zəngəzura gedən yollarımız açılsın, Güney Azərbaycan sevinsin, Borçalı toxtasın, Dərbənd dinclik tapsın.
Bu müqəddəs Zəfər yolunda hər kəs “öldü var, döndü yoxdur” dedi.
Hamı savaşdı – hər yer döyüş meydanına çevrildi, kimsə geri durmadı, yorulmadı, bölünmədi, parçalanmadı. Birləşib, tarix yazdıq.
Azərbaycanın yeni ZƏFƏR səhifəsi açıldı.
Bu gün hələ də suverenlik hüququmuzun bərpa olunmadığı, Rusiya qoşunlarının müvəqqəti nəzarət etdiyi Xankəndimiz, Ağdərəmiz, Xocavəndimiz, Əsgəranımız, Xocalımız, onlarla kəndlərimiz var… Lakin 44 günlük savaşdakı birliyimiz kimi inam və istəklə hədəflərimizə doğru bölünmədən irəliləməliyik. İndi əsas hədəf və vəzifəmiz işğaldan azad olunmuş əraziləri bərpa etmək, köçkünlərimizi geri qaytarmaq, Qarabağda yenidən həyat ritmini təmin etməkdir.
Biz mütləq külli-Qarabağa, Azərbaycanımızın hər qarışına Cümhuriyyət mirasımız olan müqəddəs üçrəngli bayrağımızı sancacağıq.
Bayramın mübarək, Əziz Xalqım!
Qələbən mübarək, Müzəffər Ordum – Ali Baş Komandan, zabit və əsgərlərimiz!
Zəfərin daim olsun, Azərbaycan!
Var olun, Əziz Qazilərimiz!
Ruhun qarşısında baş əyirik, hər biri Qarabağ boyda olan Şəhidim!
Sevgi və sayğılarla İqbal Ağazadə
Şərh yaz