Ümid Partiyasının təbliğat və informasiya müavinliyi həftəlik (01-06 avqust) fəaliyyət ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (01-06 avqust) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 01-06 avqust)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında ölkədə və dünyada baş verən olaylara münasibət bildirilib, 6 aydır ki, davam edən və dünya gündəmində olan Rusiya-Ukrayna savaşı, bu savaşın Azərbaycana, bölgəyə müsbət və mənfi təsirləri müzakirə edilib, sosial-siyasi-iqtisadi yöndə hazırlıqlı olmağın vacibliyi vurğulanıb. 

2020-ci ilin 10 noyabrında Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan atəşkəs sazişinin bəndlərinin yerinə yetirilməməsi xüsusi diqqətə çatdırılıb, atəşkəsin pozulması, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar ətrafında fikir mübadiləsi aparılıb, atəşkəsin pozulması qəti pislənib, cəbhə bölgəsində Milli Ordumuzun əsgərlərinin təxribat nəticəsində şəhid olması narahatlığı toplantının əsas müzakirə mövzularından olub. Bu istiqamətdə partiya sədri İqbal Ağazadənin hərbi xidmətə çağırışla bağlı hakimiyyətə təqdim etdiyi təkliflər paketi səsləndirilib.

Ümid Partiyası həftə ərzində iki bəyanat verib. Bunlardan biri Azərbaycan Milli Ordusunun “Qisas” əməliyyatı olub. Partiya sədri İqbal Ağazadə “Qisas” əməliyyatını dəstəkləyir, Azərbaycan Milli Ordusunun yanındayıq” deyə öz sosial şəbəkə hesabı vasitəsilə Ümid Partiyasının mövqeyini yazıb. Həftənin digəri bəyanatı isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması olayı ilə bağlı olub. Bəyanatda “daxildə artıq bir çoxları anlamalıdır ki, Azərbaycanımızı sevməyən qüvvələr xaricdə törətdikləri bu qanunazidd hərəkətləri ölkə içinə daşımağa çalışacaq və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçəcəklər. Xüsusilə, İrana bağlı qüvvələr aktivləşəcək. Ümid Partiyası hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırır” sözləri xüsusilə diqqətə çatdırılıb.

İclasın gedişatında əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər də müzakirə edilib, həlli üçün təklifləri diqqətə çatdırılıb.

Müavinliyin toplantısında Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.

Rəyasət Heyətinin rayon şöbələrin  növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması üçün səfərləri davam edir.

Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Baku News Tv ) yeddi canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, dörd yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində üç milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz