Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (4-8 iyul) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 4-8 iyul)
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.
Rəyasət heyətinin toplantısında ölkə gündəmi müzakirə olunub, Azərbaycanın mövcud iqtidarının daxili və xarici siyasətindəki çatışmazlıqlar, Qarabağın və nəzarətimizdə olmayan torpaqların taleyi ilə bağlı Ümid Partiyasının təkliflər bir daha diqqətə çatdırılıb. İctimaiyyətə təqdim olunan sözügedən təkliflərin effektivliyi və ölkə iqtidarının bu təkliflərə yanaşma tərzi vurğulanıb.
Toplantıda Qarabağda atəşkəsin pozulması, daxildə sosial durumun ağırlığı, bu ağırlıqdan çıxmaq üçün partiyanın həll yolunda təklifləri dəyərləndirilib, dünya siyasətindən Özbəkistanda baş verənlər, Rusiyanın Tovuz yaxınlığında hərbi baza tikməsi, daxildə və dünyada gərginliyin artması, bu gərginliyin artmasında maraqlı olan qüvvələr, Böyük Britaniyanın baş naziri Boris Consonun istefası, sərhədlərin bağlanmasının pərdəarxası və s. məsələlər ciddi müzakirə mövzusu olub.
Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Müavinliyin toplantısında sözügedən məsələlər diqqtə çatdırıldıqdan sonra Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb, partiyanın təqdim etdiyi Konstitusiya islahatları, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər dəyərləndirilib, rayon şöbələri ilə görüşlər müsbt qiymətləndirilib.
Xatırladaq ki, Ümid Partiyasının Rəyasət heyəti Saatlı, Samux, Ağsu, Cəlilabad, Masallı, Neftçala, Şəki, Sabirabad, Qəbələ, Bərdə, Göygöl rayonlarında görüşlər keçirib, şöbələrin konfransa hazırlığı yoxlanılıb, sözügedən rayonlarda konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə müavini İlahə Sadıqova, partiyanın diaspora, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Kanal 13) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, dörd yüz yetmiş minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Ənənəvi olaraq, həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Üzvlərdən çoxluğu xanımlar və gənclər təşkil edib. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi




