İqbal Ağazadə Azərbaycan Demokrat Partiyasını təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Demokrat Partiyasını yubiley münasibətilə təbrik edib. Təbrikdə deyilir: 

Hörmətli Sərdar bəy və Demokrat Partiyasının üzvləri!

Sizləri Partiyanızın 30 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. Demokrat Partiyası Azərbaycanın müstəqillik əldə etdiyi ilk dönəmlərdən başlayaraq formalaşıb. Özünün elan etdiyi ideya və prinsiplərinə sadiq qalaraq, ölkəmizdə hüquqi, demokratik dövlət, azad və ədalətli cəmiyyət quruculuğu istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu yolda məhrumiyyətlərə, təzyiq və təqiblərə məruz qalan, həbsxanalara düşən ADP-çilər çətin sınaqlardan hər zaman üzüağ çıxıblar. Ölkəmizdə media və söz azadlığının müdafiəsi, demokratik seçkilərin keçirilməsi istiqamətində göstərilən xidmətlərdə də ADP-çilərin danılmaz rolu olub. Xüsusilə siyasi insititutların inteqrasiyasında tutduğu səmimi və ümumilli maraqlara uyğun olan mövqeyi hər zaman tərəfimizdən alqışlanıb.

Hörmətli Sərdar bəy və Demokrat Partiyasının üzvləri!

Sizi Partiyanızın 30 illik yubileyi münasibətilə bir daha təbrik edir, hər birinizə Uca Tanrıdan can sağlığı və uğurlar diləyirəm. Arzu edirəm ki, bundan sonra da dövlətimizin dünyada nüfuzlu və güclü olması, ölkəmizdə demokratiyanın formalaşması istiqamətində fəaliyyətinizi uğurla davam etdirəsiniz.

İqbal Ağazadə

Ümid Partiyasının sədri

Şərh yaz