Əsgərə məktub – Rəfail Tağızadə

Salam, ƏSGƏR!

Sən bu gün bir millətin, dövlətin tarixini yazırsan. Şərəf tarixini.

Sən son 100 ilin qalibisən. Torpaq sənin qələbənlə vətən olur. Yurdumuz YURD olur.

Bizim əvəzimizdən, xəcalətdən özünə qapanmış, cadar-cadar olan torpaq sənin zəfərinlə dirçələcək. Özünə gələcək. Oyanıb sənə “Axır ki, gəldin”, deyib salamını alacaq. Salam verəcək.
Sən şanlı, qalib ordunun əsgərisən. Millətə, dövlətə Qələbə sevincini bəxş edənsən. Sənin sayəndə başımızı dik tutub gəzə bildik. Mənim əziz əsgərim!
Sən haqq yolundasan. Sən ədaləti bərpa edənsən. Başqa ölkənin torpağını zəbt etmirsən. Kimsənin torpağında gözün yoxdur. Öz torpağını işğalçıdan azad edirsən. Öz torpağını qoruyursan.
Var ol, döyüş, əziz əsgər.

Hamının gözü indi səndədir. Atan, anan bacın, kiçik qardaşın sənə güvənir, sənə arxalanır. Millət, dövlət sənə güvənir. Sənə etibar edir.
Sən vətənin qoruyucususan. Sən güclüsən, rəşadətlisən.

Kimin kim olduğunu döyüş meydanı göstərir.
Əzminlə, mübarizliyinlə istənilən yeri ala biləcəyindən qorxan düşmən geri çəkilir.
Sən nə qədər güclü olacaqsansa, səninlə o qədər hesablaşmalı olacaqlar.
Bilirəm ki, sən silahsıza, dinc əhaliyə güllə atmazsan, çünki sən Azərbaycan əsgərisən.
Döyüşdə ağrı da olur, acı da, ölüm də. Bu səni sarsıtmasın. Səni daha mətin, mübariz etsin. Torpaq qanla yoğrulanda daha əziz, daha sevimli olur. Vətənə çevrilir.
Hislərinizi, istəklərinizi yaxşı başa düşürəm. Aranızda yəqin ki, mənim əsgərlərimin övladları da var. Sizi ona görə iki qat sevirəm.
Yaşadığın bu günlər həyatının ən yadda qalan günü olacaq. Bu günlər sizi birləşdirib bir edəcək. Müqəddəsləşən vətəni daha böyük sevgiylə sevəcəksiniz. İnsan qoruduğunu, qoruduqlarını daha çox sevir. Elə qoruduqların da səni.

Əsgərə hələ bu qədər sevgi, inam olmamışdı. O sevgini döyüşünlə, qələbələrinlə sən qazandırdın. Sənı balamız bildik. Balamız kimi sevdik. Hamımızın doğmasına çevrildin. Ölkənin sevimlisi olmaq böyük xoşbəxtlikdir. Bu da tale işidir.

Hər dəfə alınmış yerlərə Azərbaycan Bayrağını sancanda xalqın üzündəki sevinci, yəqin təsəvvür edirsən. Bu xalq o sancılan bayraqlarla özünə gəlir. Qələbənin sevincinin necə şirin olduğunu duyur. Sənə bir ağızdan VAR Ol, AFƏRIN, mənim igid balam! –deyir.

Sən qalibsən. Sən bu millətə qürurunu qaytardın. Məğlub vətəndaş adından xilas etdin. Yaşamaq həvəsi verdin.

Var ol, mənim igid balam!
Zəfərin mübarək, Azərbaycan əsgəri!

Rəfail Tağızadə

Ümid Partiyasının Ali Məclisinin sədri

Şərh yaz