İqbal Ağazadə: “Millətləşmə prosesinin son mərhələsini yaşayırıq”

“Biz bütövləşirik, millətləşirik. Hazırda millətləşmə prosesinin son mərhələsini yaşayırıq. Lələtəpə əməliyyatı bizi bir az diriltmişdi. Bu gün insanlar “Ali Baş Komandan, “vur” əmrini ver, mən əsgərəm” sözlərini sevincdən paylaşır. Əvvəl müstəqilliyin nə olduğunu bilən xalq yox idi və burdan o tərəfə demokratiyanı keçməyə qoymamışdılar, Rusiya qoymamışdı. İndi bu, bütövlükdə Cənubi Qafqazın dirilişidir. İçimizdə məğlub əsgər, məğlub vətəndaş və Xocalı qorxusu var idi. O qorxuların hamısını biz orda basdırmalı, dəfn etməliydik. 1918-dən bəri Azərbaycanın başında dayanan heç bir rəhbər bir qarış torpaq almayıb” 

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə MediaPost TV-yə müsahibəsi zamanı deyib. Qarabağ münaqişəsində müxalifət və iqtidar birliyindən danışan partiya sədri bildirib ki, bizim millətləşmə prosesimiz uğurla başa çatacaq: “Biz torpaqlarımızın alınmamasına müxalif idik, seçkidə, idarəetmədəki qüsurlara müxalif idik. Ümid Partiyası olaraq, biz daha çox ərazi bütövlüyümüzü istəyirdik. Bu gün ərazi bütövlüyümüz təmin olunursa, biz nəyə müxalif olmalıyıq? Bu gün kimin qəbul etməsindən və ya etməməsindən asılı olmayaraq, komanda verən Ali Baş Komandandır. O, öz görəvini layiqincə yerinə yetirir. İlham Əliyev bu gün Ali Baş Komandan kimi sona qədər qələbəni təmin edə biləcəksə, adını qızıl hərflərlə tarixə yazdıracaq.”

Siyasi partiyalar Qarabağ məsələsində hakimiyyətə yetərincə dəstək ola bilirmi? – sualına İ.Ağazadənin cavabı belə olub: Tovuz hadisələrindən həmən sonra ilk bəyanatı verən Ümid Partiyası oldu. Müxalif partiya kimi dedik ki, müharibədirsə, söhbət vətəndən gedirsə, biz əsgərik. Çox üstümüzə gəldilər, bəzi siyasi partiya sədrləri bildirdi ki, özünü İlham Əliyevin əsgəri hesab edən partiyalarla bizim əməkdaşlığımız ola bilməz. Sonra proses gəldi 27 sentyabra qədər çıxdı. Onda da biz ilk bəyanat verdik. Tarixə də nəzər salsaq görərik ki, bu xalq son 30 ildə torpaqlarımızın bütövlüyü üçün əks əməliyyat keçirən rəhbərlər arasında ən çox Ali Baş Komandan İlham Əliyevə öz dəstəyini bildirdi. 

Verilişdə xaricdə yaşayan soydaşlarımızın müharibə prossesində mövqeyindən, müharibə gedən ərazilərdə çəkilmiş şəkil və videoların paylaşılmasından və müharibədən sonrakı münasibətlərdən, eləcə də Ermənistanın taleyindən danışılıb.

Həmin verilişi təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz