Rəfail Tağızadə: “Azərbaycanca danışmağı özlərinə yaraşdırmırlar”

Son günlər Azərbaycanda rusdilli məktəblərin tələbatı məsələsi yenə müzakirə obyektinə çevrilib. İctimai-siyasi xadimlər, fəallar, qələm adamları, təhsil işçiləri, jurnalistlər və cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar ölkədə rus dilində tədrisin aparılmasına fərqli münasibət bildiriblər.

Ümid Partiyası Ali Məclisinin sədri Rəfail Tağızadə isə bu məsələyə daha məntiqli və açıq fikir bildirib. Mətni olduğu kimi təqdim edirik:

“Azərbaycanda rus dilində danışmaq üstünlük, fərqlilik sayılır. Şəhərin mərkəzi küçələrində gedəndə elə bilirsən Rusiyanın hansısa şəhərindəsən. Nəinki özəl, hətta dövlət müəssisələrinin kuluarlarında da rusca danışırlar. İşə qəbul zamanı rus dilini bilmək normativ kimi qəbul olunub. Dövlət dili Azərbaycan dili olan bir ölkədə rus dilinə sevgi, dövlətin qanunlarını pozmaq cəsarətinin mövcudluğu təəccüblü deyil. Çünki nazirliklərin, qurumların, təşkilatların rəhbərliyində olanlar öz aralarında, ailələrində ancaq rusca danışırlar. Azərbaycanca danışmağı özlərinə yaraşdırmırlar. Bu çox dəhşətli bir şeydir.

Doğru deyirlər: ”Kim hansı dildə düşünürsə, o millətə mənsubdur”. Bu qədər rusca danışanların sayının üstünə hələ sayı gündən-günə artan rusdilli məktəblərdə oxuyan və oxuyacaq uşaqlar da gələndə necə olacaq? Əvvəllər deyirdilər ki, rus məktəblərində dərs deyən müəllimlərin əksəriyyəti ruslar, yəhudilərdir və onlar dərsə daha məsuliyyətlə yanaşırlar. İndi ki bu məktəblərdəki müəllimlərin çoxu azərbaycanlı müəllimlərdir. Demək ki, məsələ təhsil məsələsi deyil. İşlə təmin olunmada rusdillilərə verilən imtiyazlardır. Dövlət dili Azərbaycan dili olan ölkədə bu qədər rusdilli orta və ali təhsilə yer ayırmaqda məqsəd tamam fərqlidir. Rusiya rəhbərliyinə çox böyük sevinclə “Azərbaycanda 340-dan çox rus məktəbi var” deməkdən doğur bütün bunlar. Daha çox başqasına xoş gəlmək, onların dediklərini etməyə xidmət edən bu hal bizim milli faciəmizdir.

Bəzən bunu SSRİ-nin tərkibində olmaqla izah etmək istəyirlər. Əgər elədirsə, onda bəs Pribaltika ölkələrində, Gürcüstanda, Ukrainada, Qazaxstanda, hətta Rusiyanın hesabına yaşayan Ermənistanda rus məktəbləri yoxdur və ya bizdəki qədər deyil. Pribaltika ölkələrində, Gürcüstanda, eləcə də Ermənistanda küçələrdə rusca danışanların ancaq ruslar olduğunu söyləyirlər. Demək, məqsəd bu deyil. Əsas olan milli qürurun olmamasıdır.
Təhsil nazirliyinin məlumatına görə Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır. Bu Azərbaycanda yaşayan rus əhalinin sayına bərabərdir – 119 min.

Ölkənin ən savadlı gəncləri, adətən, təhsil dalınca Avropaya, Amerikaya, Yaponiyaya, Türkiyəyə və başqa inkişaf etmiş, təhsil səviyyəsi yüksək olan ölkələrə üz tuturlar. Bu ölkələrdə işləmək üçün daha yaxşı şərait olduğundan geri dönmək istəmirlər. Bu həm də ölkədə beyin axınına səbəb olur. Nəticədə, Azərbaycanda rustəhsillilər üçün daha yaxşı mühit yaradıldığından onlar Azərbaycanda qalmağı düşünürlər. Bununla da ölkədəki idarəetmə sistemində işçilərin qəbulunda rusdillilərə böyük üstünlük verilir. Bu say həndəsi silsilə ilə artaraq davam edir. Dövlət qurumlarının rəhbərliyində olanların sayəsində artıq xidmət sektorları da sürətlə “ruslaşır”.

Hər il ali məktəblərə rus bölməsi üzrə qəbulda keçid ballarının aşağı salınması da Azərbaycan üçün bu kadrların hazırlanmasına xidmət edir. Kimsə, Azərbaycan istisna olunmaqla, hər hansı bir normal ölkədə öz dilində danışa bilməyən bir insan tanıyırmı? Mümkünsüzdür.

Niyə Azərbaycanda dünyada tələbat daha çox olan ingilis, fransız, alman dillərində çoxlu məktəblər açmırlar? Niyə məhz rus dilində məktəblər çox olmalıdır?

Bu, əslində, mədəni işğaldır. Siyasi problemdir.

Çox dil bilmək yaxşıdır. Bunu heç kim inkar etmir. Bunun üçün xüsusi kurslar var. Kim istəsə, gedib öyrənə bilər.

Müstəqil Azərbaycanın dövlət dili Azərbaycan dili olduğundan, Azərbaycanda dövlətin, xalqın pulu ilə maliyyələşərək Azərbaycan dilindən başqa dildə təhsil verilməsi yol verilməzdir. Rus dili də başqa xarici dil fənni kimi keçilməlidir. Daha rus dili Azərbaycanda dövlət dili səviyyəsinə qaldırılmamalıdır. Özəl məktəblər açmaq istəyirlərsə, buyursunlar.

Əslində, məsələ təkcə dil məsələsi də deyil, təfəkkürdür. Rus məktəblərində oxuyanlar Azərbaycanın tarixini, folklorunu bilmir, qəhrəmanlarını tanımır. Rusiyadan gətirilən kitablar vasitəsi ilə Rusiya tarixini, coğrafiyasını öyrənir. Rusiya sevgisi də buradan doğur.

Nə qədər ki, Azərbaycan sevgisi olmayan insanlar rəhbər strukturlarda təmsil olunacaq, bu proses daha sürətlə davam edəcək.”

 

Ümid Partiyasının Mətbuat Xidməti

 

Şərh yaz