ÜMİDçilər partiya liderini təbrik edib

Bu gün Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin doğum günüdür.

ÜMİDçilər İqbal Ağazadəni fərqli formada təbrik ediblər.  Belə ki, partiya funksionerləri şəxsi profil şəkillərini partiya sədrinin fotosu, Ümid Partiyası və Azərbaycan Respublikasının bayraqlarını özündə əks etdirən profil çərçivələri ilə bəzəyiblər.

Həmçinin Ümid Partiyasının Rəyasət Heyəti və bütün ümidçilər partiya sədrinə təbrik məktubu ünvanlayıblar. Məktubda deyilir:

“Hörmətli İqbal bəy!
Sizi doğum gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş Qarabağ qazisi və Qarabağımızı, işğal altında olan torpaqlarımızı geri qaytarmaq uğrunda savaşan siyasi lidersiniz. Əminik ki, uğrunda canınızı qurban verməyi belə əsirgəmədiyiniz xalqımız sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət müstəvisinə gətirəcək. Bunu bizə sizin səmimi, realist düşüncə üzərində ardıcıl yürütdüyünüz fəaliyyətiniz deyir və biz əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən lider kimi müasir Azərbaycan tarixində əbədi qalacaqsınız.

Cənab Sədr!
Sıralarında minlərlə insanı birləşdirən böyük Ümid ailəsi daha müasir, daha demokratik və azad, ərazi bütövlüyü təmin olunan Bütöv Azərbaycan uğrunda müqəddəs mücadilənizdə sizinlə birlikdədir.

Bir daha sizi doğum gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz