Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı yayımında qonaq olub.
Qarabağ qazisi 14 iyul mitinqindən danışarkən bildirib ki, burada Ermənistanın himayədarlarının ciddi maraqları var: “Əvvəla bizim şəbəkələr, saytlar, televiziyalar 5-10 təxribatçını deyil, on minlərlə vətənini, millətini, dövlətini sevən və buna görə küçələrə çıxan insanları trajlamalıdırlar. Bu gün internet dövrüdür və dünya bizi izləyir. Biz bilirik ki, Ermənistanın himayədarlarının regionda ciddi maraqları var. Digər tərəfdən, xalq mitinq keçirir, işğalda olan torpaqlarını tələb edir, bu zaman hansısa xırda emosiyanı qabartmaq lazım deyil. Bizim hansısa bir yaxınımız, ailə üzvümüz dünyadan köçəndə hamımız eyni emosiya göstəririk? Xeyr. Biri ağlayıb saçını yolur, biri fəryad edir, biri sakitcə ağlayır – hər kəs öz acısını fərqli yolla çıxarır. Xalq da öz acısını, emosiyasını belə göstərib. Sən də 5-10 təxribatçını deyil, onminlərlə vətən sevdalısını göstər.”
Partiya sədri bildirib ki, biz sonsuz yalançı danışıqlardan imtina etməliyik: “Güney Azərbaycan, Türkiyə, Türkiyə rəsmiləri ayaqda, hər kəs öz mövqeyini ortaya qoydu. Bu gün biz təhlükəli, riskli zonadayıq. Bu gün 2002-ci il doğumlu gənclərimiz əsgər olub şəhid olursa, demək, 1988-ci ildən bəri hər kəsin məsuliyyəti var. Təsəvvür edin, o şəhid olan balamız konfliktdən 14 il sonra dünyaya gəlib. Demək ki, doğru siyasət aparmamışıq, aparmamaqda da davam edirik.” İqbal Ağazadə Milli Məclisə girən bir qrup şəxsə cinayət işinin açılması məsələsinə isə belə münasibət bildirib: “Məsələni hüquqi müstəviyə çıxarırıqsa, ora girmək cinayət tərkiblidir, amma o zaman ortaya belə suallar çıxır ki, sən Koroğlu metrosunun yanından başlayan yürüşü niyə durdurmadın, niyə dövlət idarələrinin ətrafına xüsusi polis kartonları çəkmədin ki, sonra da cinayət işi açasan? Deməli, burada da insanların əsas fikrinə, məqsədinə, istəyinə baxmalısan.”
İ.Ağazadə onu da bildirib ki, 14 iyul mitinqində tək çatışmazlıq təşkilatçılıq idi: “xalq saatlarla meydanda qaldı, qrup şəkilində şüarlar səsləndirdilər, siyasi institutlar düşündü ki, ora çıxsa, hansısa qarşıdurma, təxribarçılıq olar və ya siyasiləşdirilib insanlar həbs olunar. İqtidar da düşündü ki, müxalifət ora çıxsa, təşəbbüsü ələ ala bilər. Təəssüf ki, illərdir bu hakimiyyət siyasi institutlar arasında belə münasibətlər sistemini kəskin parçalayıb.” İqbal Ağazadə verilişin irəliləyən dəqiqələrində aparıcının “bu yürüşdə Allahu-Əkbər sədalarına münasibətiniz necədir” sualına cavab verib ki, islamçının, mühafizəkarın liberaldan, lliberalın mühafizəkardan, demokratın sağçıdan, sağçının solçudan qorxmasının tək səbəbi var – hüquqi dövlətin olmaması! İdeolojilər və inamlar arasında münasibəti tənzimləyən hüquqi dövlətdir. Hüquqi dövlət anlayışında hər kəs öz yerinə oturur. Heç kim ideolojilərini və dəyərlərini dövlət idarəçiliyinə daşımağı düşünmür və biz bayrağında üç rəmzi, üç rəngi bərabər paylaşılan bir dəyərlərin sahibiyiksə, toplum olaraq da hər birimiz ümumən Azərbaycan mədəniyyətinin, cəmiyyətinin bütöv halıyıq. Gündəmlə bağlı daha bir neçə ciddi məsələ müzakirə olunan verilişin linkini təqdim edirik:
Ümid Partiyasının Mətbuat Xidməti