“Putin uduzaraq çıxmağı izah edə bilməz” – Moskva və Kiyev NƏYİ GÜZƏŞTƏ GETMİR? – Tamilla Qulami şərh edir
“Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərin nəticəsiz qalmasının əsas səbəbi tərəflərin müharibədən sonrakı siyasi və təhlükəsizlik arxitekturasına dair baxışlarının köklü şəkildə fərqlənməsidir. Ərazi məsələsi danışıqların ən mürəkkəb istiqaməti kimi çıxış etsə də, problemin mahiyyəti yalnız torpaq mübahisəsi ilə məhdudlaşmır. Burada söhbət Ukraynanın gələcək geosiyasi orientasiyasından, Rusiyanın postsovet məkanında təsir imkanlarından və Avropada təhlükəsizlik sisteminin gələcək konturlarından gedir.
Moskva faktiki olaraq nəzarətində saxladığı ərazilərin siyasi-hüquqi baxımdan tanınmasına, Ukraynanın NATO-ya üzvlüyünün qarşısının alınmasına və Kiyevin hərbi imkanlarının məhdudlaşdırılmasına çalışır. Ukrayna isə ərazi bütövlüyünün qorunmasını və gələcəkdə Rusiyanın yenidən hərbi müdaxiləsinin qarşısını ala biləcək real təhlükəsizlik təminatlarının əldə olunmasını əsas şərt hesab edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami səsləndirib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların uzanmasını Moskva ilə Kiyev arasında ərazi məsələsində razılığın əldə olunmaması ilə əlaqələndirib. O, həmçinin 2025-ci ilin dekabrında Vladimir Putinin iqamətgahına olduğu iddia edilən hücumun danışıqlar prosesinə mənfi təsir göstərdiyini bildirib. Bu açıqlamalar fonunda Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə olunması perspektivləri, eləcə də Vaşinqtonun prosesdəki rolu yenidən müzakirə mövzusuna çevrilib.
Xanım siyasətçi qeyd edib ki, bu mövqelər arasında müsbət nəticəyə gəlmək, əlbəttə ki, çox çətindir.
“Çünki Kiyev üçün ərazi güzəşti təkcə torpaq itkisi deyil, həm də dövlət suverenliyi və gələcək təhlükəsizliyi məsələsi, Moskva üçün isə ərazi məsələsindən geri çəkilmək müharibə nəticəsində əldə etdiyi siyasi və hərbi mövqelərin zəifləməsi deməkdir. Putin müharibədən uduzaraq çıxmağı daxildə kimsəyə izah edə bilməz. ABŞ-nin danışıqlarda ciddi irəliləyiş əldə edə bilməməsinin digər mühüm səbəbi Vaşinqtonun diplomatik vasitəçilik imkanları ilə tərəflərin real siyasi iradəsi arasında uyğunsuzluğun mövcudluğudur. Donald Tramp administrasiyası müharibəni mümkün qədər tez dayandırmaqda maraqlıdır. Lakin hamıya bəllidir ki, müharibənin başa çatdırılması ilə dayanıqlı sülhün təmin edilməsi eyni məsələ deyil. Sürətli razılaşma əldə etmək mümkündür, amma həmin razılaşmanın uzunmüddətli təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirilməməsi gələcəkdə yeni hərbi qarşıdurma riskini saxlaya bilər. Diqqət etsək, burada ABŞ-nin mövqeyində müəyyən ziddiyyətlər görünür. Vaşinqton həm Rusiya ilə münasibətlərdə müəyyən anlaşma əldə etməyə, həm Ukraynanın təhlükəsizlik maraqlarını nəzərə almağa, həm də Avropanın bu prosesdə iştirakını təmin etməyə çalışır. Lakin Moskva ilə Kiyevin gözləntiləri fərqli olduğu kimi, ABŞ və Avropa ölkələrinin müharibədən sonrakı təhlükəsizlik modelinə dair yanaşmalarında da müəyyən fərqlər mövcuddur. Bu isə vahid diplomatik strategiyanın formalaşmasını çətinləşdirir.
Cared Kuşnerin Putinin iqamətgahına 2025-ci ilin dekabrında olduğu iddia edilən hücumun danışıqlara mənfi təsiri barədə fikirlərinə gəldikdə, bu məsələ bir az qarışıqdır. Öncəliklə deyim ki, hadisənin özü ilə bağlı iddiaların müstəqil şəkildə təsdiqlənməsi və onun danışıqların dayanmasına real təsirinin müəyyənləşdirilməsi mütləqdir. Belə bir hadisə həqiqətən baş veribsə, Kremlin təhlükəsizlik narahatlıqlarını artırması və danışıqlardakı mövqeyinə təsir göstərməsi mümkündür. Lakin bütün diplomatik durğunluğu bu hadisə ilə əlaqələndirmək doğru deyil. Çünki tərəflər arasında ərazi, təhlükəsizlik təminatları və müharibədən sonrakı siyasi münasibətlər kimi fundamental ziddiyyətlər daha əvvəldən də mövcud idi. Bir tərəfdən də bu hadisə danışıqlardakı etimadsızlığı dərinləşdirən amil ola bilər, lakin əsas problemin özü demək deyil.
Noyabr ayında BƏƏ-də keçirilən üçtərəfli görüşlər və daha sonra ABŞ nümayəndələrinin Moskva və Kiyevlə təmasları diplomatik kanalın tamamilə tükənmədiyini göstərir. Tərəflər arasında genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılaşma əldə olunması da müəyyən humanitar məsələlərdə ortaq məxrəcə gəlməyin mümkünlüyünü nümayiş etdirir. Bununla belə, ərazi və müharibədən sonrakı təhlükəsizlik təminatları üzrə ciddi fikir ayrılıqlarının qalması danışıqların hələlik yekun siyasi razılaşmaya çevrilmədiyini də özündə ehtiva edir.
Yaxın perspektivə gəldikdə isə müharibənin qısa müddətdə tam və dayanıqlı sülh sazişi ilə başa çatması üçün zəruri siyasi şərtlər hələ formalaşmayıb. Daha real müzakirə predmeti atəşkəs, döyüş əməliyyatlarının mərhələli şəkildə dayandırılması, humanitar məsələlərin həlli və müəyyən təhlükəsizlik mexanizmlərinin razılaşdırılması ola bilər. Lakin atəşkəsin əldə olunması müharibənin siyasi baxımdan başa çatması demək deyil. Əksinə, ərazi məsələsi həll edilmədən və tərəflərin təhlükəsizlik narahatlıqları aradan qaldırılmadan əldə olunan razılaşma müvəqqəti xarakter daşıya bilər. Xüsusilə vurğulayım ki, müharibənin gedişinə yalnız Moskva, Kiyev və Vaşinqton arasında aparılan danışıqlar təsir göstərmir. Burada həmçinin Avropa İttifaqının və NATO ölkələrinin mövqeyi, Ukraynaya hərbi və maliyyə dəstəyinin davamlılığı, Rusiyaya qarşı sanksiyaların effektivliyi, eləcə də cəbhədəki hərbi vəziyyət diplomatik prosesin istiqamətini müəyyən edən mühüm amillərdir. Xüsusilə Avropa dövlətlərinin gələcək təhlükəsizlik təminatlarında iştirakı məsələsi razılaşmanın legitimliyi və davamlılığı baxımından əhəmiyyətlidir.
Düşünürəm ki, indiki məqamda Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində diplomatik imkanlar mövcuddur, amma tərəflərin fundamental maraqları arasında ciddi ziddiyyətlər hələ də qalır. ABŞ-nin vasitəçilik missiyası bu ziddiyyətlərin yumşaldılması və danışıqların davam etdirilməsi baxımından mühümdür. Amma yenə də, Vaşinqtonun siyasi təzyiq və diplomatik təşəbbüsləri tərəflərdən hər hansı birinin əsas təhlükəsizlik və suverenlik maraqlarından imtina etməsinə avtomatik olaraq gətirib çıxara bilməz. Ukrayna ümumiyyətlərdən öz torpaqlarından keçməz.
Əsas məsələ müharibəni istənilən formada dayandırmaq deyil, elə bir siyasi razılaşma əldə etməkdir ki, bu razılaşma tərəflərdən heç biri üçün gələcəkdə yeni müharibəyə hazırlıq mərhələsinə çevrilməsin. Əks halda, bu gün əldə ediləcək atəşkəs sabah daha genişmiqyaslı qarşıdurmanın başlanğıc nöqtəsi ola bilər. Çünki bu istiqamətdə Britaniya Parlamentinin İcmalar Palatasının 23 noyabr tarixli təhlilində noyabr danışıqlarında ərazi və təhlükəsizlik təminatlarının əsas fikir ayrılığı olaraq qaldığı göstərilib. Bu barədə Cared Kuşner də danışııqlar baş tutsa da, ciddi çətinliklər olduğunu vurğulayıb. Son olaraq qeyd edim ki, atəşkəs sülh demək deyil və təhlükəsizlik təminatları olmadan razılaşma müvəqqəti xarakter daşıyacaq. Analoji halları xatırlasaq, Rusiyanın Ukraynaya verdiyi sözləri tutmadığı da bu fikri təsdiqləyir. Təəssüf ki, Rusiya bu istiqamətlərdə etibarlı tərəfdaş deyil”.
Rəfiqə Namazəliyeva,
Şərh yaz




