İqtisadiyyatın neftdən asılılığı azalır? – ANAR İSAYEV şərh edir
“Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 39,3 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 645 mln. manat və ya 1,7 faiz çoxdur”.
Bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin 23,8 mlrd. manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 mlrd. manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür.
Qeyri-neft sektoru üzrə daxilolmalar cari illə müqayisədə 1,6 mlrd. manat və ya 7,2 faiz artımla, proqnozlaşdırılıb.
Qeyri-neft sektorunun büdcə gəlirlərində payının 60,6 faizə çatacağı ilə bağlı hansı əsaslar var?
Məsələ ilə bağlı Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, 2027-ci ildə qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərində payının 60,6 faizə çatacağı proqnozu, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsi, vergi bazasının genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin leqallaşdırılması ilə bağlı ola bilər:
“Qeyri-neft sənayesi, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında iqtisadi fəallığın artması, yeni müəssisələrin yaradılması, özəl sektorun genişlənməsi büdcəyə əlavə gəlirlərin daxil olmasına şərait yaradır. Eyni zamanda, kölgə iqtisadiyyatının azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinin gücləndirilməsi də bu prosesə təsir göstərir”.
Anar İsayevin sözlərinə görə, qeyri-neft gəlirlərinin büdcədə xüsusi çəkisinin artması hələ iqtisadiyyatın neftdən asılılığının real mənada azalması demək deyil:
“Əsas məsələ bu artımın nə qədərinin yeni istehsal, ixrac, investisiya və məhsuldarlıq hesabına formalaşmasıdır. Əgər qeyri-neft sektorunda dayanıqlı istehsal və ixrac artımı təmin olunarsa, 60,6 faizlik göstərici təkcə büdcə statistikası deyil, iqtisadiyyatın struktur dəyişikliklərinin də real göstəricisinə çevrilə bilər.
Bir məqamı xüsusilə qeyd edim ki, Azərbaycanın qarşısında duran əsas hədəf qeyri-neft sektorunun büdcədəki payını artırmaqdan daha çox, onun iqtisadiyyatda yaratdığı real əlavə dəyəri, ixrac potensialını və məşğulluğu yüksəltmək olmalıdır: “Çünki dayanıqlı büdcə müstəqilliyinin əsası məhz budur”.
Nigar Abdullayeva
Şərh yaz




