Çin və Tayvan birləşir? – TAMİLLA QULAMİ şərh edir

Çin və Tayvan birləşir? – Tamilla Qulami şərh edir
Çin lideri Si Cinpin maraqlı açıqlaması ilə diqqət çəkib.
O, rəsmi Pekinin “Vahid Çin” prinsipi və 1992-ci il Konsensusu əsasında milli yenidən birləşmə mövzusunda Tayvanla dialoqa hazır olduğunu bəyan edib. Xatırladaq ki, 1992-ci ilin Konsensusu, Çin Kommunist Partiyasının nümayəndələri ilə Tayvanın ovaxtkı rəhbərliyi arasında əldə olunan razılaşmadır. Həmin razılaşma “Vahid Çin” prinsipini qəbul edir.
Maraqlıdır, Tayvanın bu təklifi qəbul etmə ehtimalı varmı? Əks təqdirdə, Çin hərbi müdaxilə addımı ata bilər?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, bu gün bu mövzu yalnız Çin və Tayvan arasında ərazi mübahisəsi deyil, həmçinin qlobal güc balansı, ABŞ-Çin rəqabəti, həm də Asiya-Sakit okean regionunun gələcək təhlükəsizlik arxitekturası mövzusudur:
“Çin lideri Si Cinpinin Tayvanla dialoqa hazır olduqlarını bəyan etməsi ilk baxışdan sülhə yönəlmiş siyasi mesaj təsiri bağışlasa da, kimsəyə sirr deyil ki, bu bəyanatın arxasında Pekinin dəyişməyən strateji məqsədi – Tayvanı Çinin siyasi nəzarəti altına qaytarmaq dayanır. Məncə, Tayvanın bu təklifi qəbul etməsi yaxın perspektivdə real görünmür.
Əsas səbəb də budur ki, Pekin məsələyə vahid dövlətin bərpası kimi yanaşdığı halda, Tayvanda formalaşmış siyasi və ictimai düşüncə özünüidarənin, demokratik institutların və mövcud həyat tərzinin qorunmasına əsaslanır. Xüsusilə Honkonqda tətbiq edilən “bir ölkə, iki sistem” modelinin nəticələri Tayvan cəmiyyətində Çinə inteqrasiya ilə bağlı ciddi etimadsızlıq yaradıb. Üstəlik də, 1992-ci il Konsensusunun özü də tərəflər tərəfindən fərqli cür dəyərləndirilir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, rəsmi Pekin bunu vahid Çin və gələcək birləşmə prinsipi kimi qəbul edir:
“Tayvanın müəyyən siyasi qüvvələri isə fərqli şərhlərə imkan verən siyasi razılaşma hesab edirlər. Buna görə də dialoq üçün ortaq siyasi zəmin olduqca məhduddur. Bəs bütün bunlar mübahisə doğurduğu halda, Çin hərbi müdaxiləyə gedə bilər? Bəli, bu ehtimalı tamamilə istisna etmək çətindir. Çünki Pekin heç vaxt Tayvan məsələsində güc tətbiqindən tamamilə imtina etməyib.
Lakin burada vacib bir məqam da var ki, hərbi müdaxilə Çin üçün də son dərəcə ağır nəticələr doğuracaq. Hüç şübhəsiz ki, Tayvan boğazında genişmiqyaslı müharibə ABŞ-nin prosesə müdaxiləsi riskini artıracaq, Yaponiya və digər regional müttəfiqləri də təhlükəsizlik baxımından hərəkətə gətirəcək. Nəticədə olaraq da, bu, regional münaqişədən daha geniş beynəlxalq qarşıdurmaya çevrilə bilər”.
T. Qulami hesab edir ki, Çinin yaxın perspektivdə birbaşa genişmiqyaslı işğaldansa, hərbi təzyiqi artırmaq, Tayvan ətrafında təlimlər keçirmək, iqtisadi və diplomatik məhdudiyyətlər tətbiq etmək, hətta mümkün blokada ssenarilərini gündəmdə saxlamaq yoluna üstünlük verəcək:
“Unutmayaq ki, Si Cinpin üçün Tayvan məsələsi təkcə ərazi bütövlüyü deyil, həm də tarixi miras və siyasi nüfuz məsələsidir. Yenə də görünən bu ki, Pekin hədəfindən geri çəkilmək istəmir. Ancaq onu hərbi yolla reallaşdırmağın bədəli də kifayət qədər yüksəkdir.
Əsas təhlükə məhz ondadır ki, tərəflərdən birinin siyasi və ya hərbi səhvi illərdir davam edən gərginliyi böyük müharibəyə çevirə bilər. Ona görə də bu məsələnin hələlik harada başlayıb, harada bitəcəyini müəyyənləşdirmək çətindir”.
Şərh yaz