Sərhəd açılımı və Zəngəzur dilemması: Türkiyənin regional hesabı – ANAR İSAYEV şərh edir

Sərhəd açılımı və Zəngəzur dilemması: Türkiyənin regional hesabı – ANAR İSAYEV şərh edir
Türkiyənin Ermənistanla sərhədindəki avtomobil və dəmir yolu buraxılış məntəqələrində hazırlıq işlərini başa çatdırması Ankara-İrəvan münasibətlərinin normallaşması prosesində yeni mərhələnin başlaya biləcəyini göstərir. Türkiyə tərəfinin yekun razılaşmanın Azərbaycanın maraqları nəzərə alınmaqla əldə edilməli olduğunu vurğulaması isə prosesin Bakı ilə İrəvan arasında münasibətlərin inkişafı ilə birbaşa əlaqəli olduğunu ortaya qoyur.
Türkiyənin Ermənistanla sərhəd-keçid məntəqələrini tam hazır vəziyyətə gətirməsi Ankara-İrəvan münasibətlərinin normallaşması prosesini sürətləndirə bilərmi? Bu addım Cənubi Qafqazda geosiyasi və iqtisadi əlaqələrə hansı dəyişiklikləri gətirə bilər?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin Ermənistanla sərhədindəki avtomobil və dəmir yolu keçid məntəqələrində hazırlıq işlərini başa çatdırması təsadüfi texniki addım kimi qiymətləndirilməməlidir. Bu, Ankara-İrəvan münasibətlərinin normallaşması istiqamətində siyasi iradənin praktiki müstəviyə keçirilməsinə hazırlıqdır. Əslində, Türkiyə bununla göstərir ki, münasibətlərin normallaşması üçün zəruri infrastrukturun yaradılması istiqamətində öz üzərinə düşən işləri görməyə hazırdır.
“Lakin nəzərə almaq lazımdır ki, sərhəd-keçid məntəqələrinin hazır vəziyyətə gətirilməsi sərhədin dərhal açılması demək deyil. Bunun üçün siyasi razılaşmalar, təhlükəsizlik məsələləri və regional maraqların uzlaşdırılması tələb olunur.
Sərhədlərin açılması Cənubi Qafqazda ciddi iqtisadi və geosiyasi dəyişikliklərə səbəb ola bilər. İlk növbədə, Ermənistanın Türkiyə üzərindən beynəlxalq bazarlara çıxış imkanları genişlənər, ticarət dövriyyəsi, investisiya və turizm əlaqələri artar. Eyni zamanda, regionun nəqliyyat-logistika imkanları genişlənər və Cənubi Qafqazın Avropa ilə Asiya arasında tranzit əhəmiyyəti daha da yüksələr”, – deyə o bildirib.
Anar İsayev vurğulayıb ki, burada Azərbaycanın da mühüm maraqları var. Regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, ümumi regional təhlükəsizliyə də töhfə verə bilər. Ancaq bu proses birtərəfli güzəştlər üzərində deyil, qarşılıqlı maraqlar və suverenlik prinsipləri əsasında qurulmalıdır. Ona görə də mən hesab edirəm ki, Türkiyənin yekun razılaşmanın Azərbaycanın maraqları nəzərə alınmaqla əldə edilməli olduğunu vurğulaması kifayət qədər mühüm siyasi mesajdır. Bu, Ankaranın Ermənistanla münasibətlərin normallaşmasını Bakı-İrəvan münasibətlərindən ayrı bir proses kimi görmədiyini nümayiş etdirir.
“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda davamlı sülh yalnız dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı və kommunikasiyaların qarşılıqlı razılaşma əsasında açılması ilə mümkündür.
Türkiyənin bu məsələdə Azərbaycanın maraqlarını nəzərə alan mövqeyi Ermənistan üçün əlavə diplomatik stimul yarada bilər. Çünki Ankara ilə münasibətlərin normallaşması Ermənistanın iqtisadi inkişafı, regional əməkdaşlığa qoşulması və beynəlxalq nəqliyyat marşrutlarına çıxışı baxımından mühüm əhəmiyyət daşıyır. Bu imkanların reallaşması isə Bakı ilə İrəvan arasında sülh gündəliyində irəliləyişdən asılıdır”, – deyə o əlavə edib.
Müsahibimiz vurğulayıb ki, Zəngəzur istiqamətində kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsi bu prosesin mühüm tərkib hissəsidir. Burada prinsipial məqam ondan ibarətdir ki, Ermənistanın Türkiyə ilə sərhədinin açılması Azərbaycanın Naxçıvanla maneəsiz bağlantısı məsələsini kölgədə qoymamalıdır. Regional nəqliyyat açılımı bütün tərəflər üçün qarşılıqlı fayda yaratmalıdır:
“Məncə, Türkiyənin mövqeyi Azərbaycanın diplomatik imkanlarını da genişləndirir. Bakı bu prosesdə yalnız öz təhlükəsizlik maraqlarını müdafiə edən tərəf deyil, həm də regionda yeni iqtisadi əməkdaşlıq modelinin formalaşmasında əsas iştirakçılardan biri kimi çıxış edə bilər.
Nəticədə, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması və regional kommunikasiyaların açılması bir-birini tamamlayan proseslər olmalıdır. Bu proseslərin uzlaşdırılması nəticəsində Cənubi Qafqaz uzun illər davam edən qarşıdurma və geosiyasi rəqabət məkanından iqtisadi əməkdaşlıq və tranzit qovşağına çevrilə bilər.
Azərbaycanın əsas marağı da məhz bu yeni regional düzəndə öz suverenliyinin, təhlükəsizliyinin və iqtisadi imkanlarının tam təmin olunmasıdır”.
Şərh yaz