Dilsiz “dostlarımızın” qış sınağı: Onları necə qoruyaq? – TAMİLLA QULAMİ şərh edir

Dilsiz “dostlarımızın” qış sınağı: Onları necə qoruyaq? – Tamilla Qulami şərh edir
Qışın gəlişi insanlar üçün ilin fəsillərindən birinin dəyişməsi demək olsa da, küçələrdə yaşayan sahibsiz heyvanlar üçün bu dövr əsl yaşamaq sınağına çevrilir. Soyuq hava, qida çatışmazlığı və sığınacaq tapmaq çətinliyi onların gündəlik mübarizəsini daha da ağırlaşdırır.
Bu canlılara qayğı göstərmək, əlbəttə ki, hər birimizin mənəvi məsuliyyətidir. Lakin problemin həllini yalnız ayrı-ayrı insanların mərhəmətinə və könüllü təşəbbüslərinə bağlamaq düzgün yanaşma deyil. Sahibsiz heyvanların qorunması üçün dövlət qurumlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin birgə fəaliyyəti, eləcə də qida, sığınacaq və baytarlıq xidmətlərini əhatə edən sistemli mexanizmlərin yaradılması vacibdir.
Bir çox ölkələrdə sahibsiz heyvanların qorunması, sığınacaqlara yerləşdirilməsi və baytarlıq xidmətləri ilə təmin olunması bələdiyyələrin əsas vəzifələrindən biri hesab edilir. Bununla bağlı Azərbaycanda vəziyyət necədir?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, Binəqədi Bələdiyyəsinin Yerli İqtisadi İnkişaf Məsələləri Daimi Komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, xüsusilə qış aylarında küçə heyvanlarının qida və sığınacaqla təmin edilməsi üçün davamlı tədbirlərin görülməsi vacibdir: “Digər aylara nisbətdə qış aylarında sahibsiz heyvanların vəziyyəti daha da ağırlaşır.
Soyuq hava, qida çatışmazlığı və sığınacaq probleminə görə onların yaşamaq mübarizəsi çətinləşir. Hesab edirəm ki, hər bölgədə bələdiyyələrin nəzdində heyvan sığınacaqlarının yaradılması məsələsi müzakirə oluna və mərhələli şəkildə həyata keçirilə bilər.
Lakin bunun üçün yalnız bələdiyyələrin imkanlarına güvənmək doğru deyil. Dövlət qurumları, özəl sektor, ictimai təşkilatlar və heyvansevər vətəndaşlar bu prosesdə birgə iştirak etməlidirlər.
İlk mərhələdə, mövcud bələdiyyə ərazilərində münasib sahələrin ayrılması, qış aylarında müvəqqəti sığınacaqların təşkili, qidalanma və baytarlıq xidmətlərinin təmin edilməsi real addımlar ola bilər. Bununla belə, məsələyə cəmiyyətin sosial-iqtisadi vəziyyətini nəzərə almadan yanaşmaq da doğru deyil.
Heyvanlara qayğı göstərmək, onları qorumaq, ac və soyuqda qalmalarına biganə yanaşmamaq, əlbəttə ki, təqdirəlayiq insani davranışdır.
Ancaq özünün sosial problemlərlə üzləşdiyi, gündəlik dolanışığını təmin etməkdə çətinlik çəkdiyi bir cəmiyyətdə insanların heyvanlara lazımi diqqət ayıra bilməməsini də müəyyən mənada anlamaq lazımdır. İnsan ilk növbədə öz ailəsinin, övladlarının ehtiyaclarını qarşılamağa çalışırsa, onun əlavə məsuliyyət götürməsi hər zaman mümkün olmur.
Ona görə də aidiyyəti qurumlar bu istiqamətdə addım atsa, daha məqsədəuyğun olar. Əlbəttə ki, bələdiyyə statusunun artırılmasına şahidlik etsək, büdcəsinin yerli idarəetmədə əlverişli olması mümkünləşərsə, heyvanlara da münasibətdə daha diqqətli olmaq imkanları genişlənər”.
Komissiya sədri bildirib ki, cəmiyyətdə sosial rifah yüksəldikcə, sahibsiz heyvanlara yanaşma da dəyişəcək: “Sosial rifahın yüksəlməsi sahibsiz heyvanlara münasibətin yaxşılaşmasına da müsbət təsir göstərəcək.
Maddi vəziyyəti yaxşılaşan, gələcəyinə daha inamla baxan vətəndaşın ətraf mühitə, təbiətə və digər canlılara qayğı göstərmək imkanları da artır. Bu səbəbdən heyvanların müdafiəsini yalnız mərhəmət çağırışları ilə məhdudlaşdırmaq olmaz.
Dediyim kimi, həm sosial problemlərin həlli, həm də bələdiyyələrin imkanlarının genişləndirilməsi vacibdir. Məqsəd insanın da, heyvanın da daha təhlükəsiz və sağlam mühitdə yaşamasına şərait yaratmaq olmalıdır”.
Şərh yaz