Ərazi güzəştləri Ukraynaya sülh gətirəcək, yoxsa yeni müharibəyə yol açacaq? – ANAR İSAYEV şərh edir

Ərazi güzəştləri Ukraynaya sülh gətirəcək, yoxsa yeni müharibəyə yol açacaq? – ANAR İSAYEV şərh edir
Ukrayna müharibəsinin dayandırılması istiqamətində ərazi güzəştlərinin müzakirəsi sülhün hansı şərtlərlə əldə olunacağı və bu razılaşmanın gələcəkdə nə vəd edəcəyi ilə bağlı suallar yaradır.
Müharibəni dayandırmaq naminə verilən güzəştlər etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmasa, bu, tərəflər arasında yeni qarşıdurmanın başlanğıcını da yarada bilər. Bəs Vaşinqtonun təklif etdiyi mümkün kompromis Ukraynaya davamlı sülh gətirə bilərmi, yoxsa Rusiya üçün növbəti mərhələyə hazırlaşmaq imkanı yaradacaq?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ərazi güzəştləri ətrafında müzakirələri yalnız sülhə nail olmaq cəhdi kimi də, Rusiyaya verilən siyasi güzəşt kimi də birmənalı qiymətləndirmək olmaz. Burada əsas məsələ təklif olunan razılaşmanın məzmunu, hüquqi statusu və təhlükəsizlik mexanizmləridir.
“Tramp administrasiyası müharibəni dayandırmaq, insan itkilərini azaltmaq və ABŞ-ın bu münaqişəyə çəkdiyi xərcləri məhdudlaşdırmaq məqsədilə Kiyevə kompromis təklif edə bilər. Real diplomatiyada tərəflərin müəyyən məsələlərdə güzəştə getməsi mümkündür. Ancaq güzəştin özü sülhə zəmanət vermir”, – deyə o bildirib.
O vurğulayıb ki, Ukraynadan ərazi itkilərini qəbul etmək tələb olunursa, lakin bunun müqabilində ölkənin gələcək təhlükəsizliyi üçün etibarlı təminatlar yaradılmırsa, belə razılaşma münaqişəni həll etmək əvəzinə, onu müvəqqəti dondura bilər. Bu halda Rusiya hərbi qüvvələrini yenidən təşkil etmək, silah ehtiyatlarını bərpa etmək və gələcəkdə yeni təzyiq imkanları qazanmaq üçün vaxt əldə edə bilər.
Əksinə, əgər razılaşma atəşkəsə nəzarət mexanizmlərini, pozuntulara görə konkret nəticələri, Ukraynanın müdafiə qabiliyyətinin qorunmasını və beynəlxalq təminatları özündə birləşdirirsə, müharibənin yenidən başlanması riskini azaltmaq mümkündür. “Burada başqa bir prinsipial məsələ də var: Ukraynanın ərazi bütövlüyü və ərazilərin hüquqi statusu ilə faktiki hərbi nəzarət məsələləri eyni deyil. Atəşkəs çərçivəsində müəyyən ərazilərdə mövcud cəbhə xəttinin müvəqqəti saxlanması həmin ərazilərin hüquqi baxımdan Rusiyaya məxsusluğunun tanınması demək olmamalıdır”.
Anar İsayev hesab edir ki, Vaşinqtonun qarşısında duran əsas sınaq sadəcə atəşkəs əldə etmək deyil, Rusiyanın yeni hücuma başlamasını çətinləşdirən və Ukraynanın təhlükəsizliyini qoruyan sülh mexanizmi yaratmaqdır. Əks halda, qısamüddətli diplomatik uğur uzunmüddətli strateji uğursuzluğa çevrilə bilər.
Şərh yaz