Bakı ilə Ankara arasında çat yaratmaq kimlərin maraqlarına uyğundur? – ANAR İSAYEV şərh edir

Bakı ilə Ankara arasında çat yaratmaq kimlərin maraqlarına uyğundur? – ANAR İSAYEV şərh edir
Azərbaycan-Türkiyə münasibətləri təkcə siyasi müttəfiqlik deyil, həm də regionda güc balansını müəyyənləşdirən əsas amillərdən biridir. Bakı ilə Ankara arasında münasibətlərin möhkəmliyi bəzi geosiyasi aktorların maraqları ilə uzlaşmaya bilər və bu fonda ayrı-ayrı fikir ayrılıqlarının qabardılması təsadüfi müzakirələrdən daha geniş məna daşıya bilər.
Bəs Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranan mübahisələr kimin maraqlarına xidmət edir və Bakı bu prosesdə həm strateji müttəfiqliyi, həm də milli maraqlarını necə qorumalıdır?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər təkcə iki dövlətin strateji tərəfdaşlığı deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementidir. Bu münasibətlər ətrafında yaranan müzakirələrdən istifadə etməyə çalışan qüvvələrin əsas məqsədi Bakı ilə Ankara arasında etimadı zəiflətmək, onların regional siyasətdə koordinasiyasını çətinləşdirmək və yaranan boşluqdan öz geosiyasi maraqları naminə faydalanmaqdır: “Burada diqqət yetirilməli əsas məqam budur ki, dövlətlər arasında ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğu normal haldır. Lakin həmin fərqlərin süni şəkildə dərinləşdirilməsi, ictimai rəyə təsir göstərilməsi və enerji layihələrinin siyasi qarşıdurma predmetinə çevrilməsi artıq daha geniş geosiyasi hesablamaların tərkib hissəsidir.
Azərbaycanın Türkiyə ilə münasibətləri zəiflədiyi halda, regionda qüvvələr nisbətinin dəyişəcəyini düşünən aktorlar bundan öz təsir imkanlarını artırmaq üçün istifadə etməyə çalışa bilərlər. Eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasət yürütmək, enerji marşrutlarını şaxələndirmək və regional əməkdaşlıq platformalarını genişləndirmək imkanlarının məhdudlaşdırılması da bəzi qüvvələrin maraqlarına uyğun gələ bilər. Bununla belə, konkret siyasi hadisələrin arxasında hansı aktorun dayandığını faktiki sübutlar olmadan iddia etmək düzgün olmazdı”.
Anar İsayev bildirib ki, Bakı bu cür cəhdlərin qarşısını ilk növbədə siyasi təmkin, diplomatik fəallıq və strateji tərəfdaşlığın institusional əsaslarını gücləndirməklə almalıdır. Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, müdafiə və təhlükəsizlik sahələrində koordinasiya davamlı xarakter daşımalıdır: “Mübahisəli məsələlərin ictimai polemikalar vasitəsilə deyil, birbaşa dialoq və qarşılıqlı məsləhətləşmələr yolu ilə həlli xüsusi əhəmiyyət kəsb edir”.
Siyasətçi deyib ki, Azərbaycan öz milli maraqlarını qorumaq naminə müstəqil qərarvermə prinsipindən geri çəkilməməlidir. Strateji müttəfiqlik qarşılıqlı hörmətə, suverenliyə və tərəflərin legitim maraqlarının nəzərə alınmasına əsaslanmalıdır. Yəni Bakı həm Ankara ilə münasibətlərin möhkəmləndirilməsində maraqlı olmalı, həm də hər hansı məsələdə Azərbaycanın dövlət maraqlarını aydın şəkildə ifadə etməlidir: “Burada mühüm bir məqam da informasiya təhlükəsizliyidir. Sosial şəbəkələrdə yayılan hər bir iddiaya emosional reaksiya vermək, ayrı-ayrı şəxslərin açıqlamalarını bütövlükdə Türkiyə cəmiyyətinin və ya Azərbaycan dövlətinin mövqeyi kimi təqdim etmək düzgün yanaşma deyil. Bakı ilə Ankara arasında ictimai etimadın qorunması üçün rəsmi kommunikasiya, faktlara əsaslanan izahatlar və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət gücləndirilməlidir”.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz