TAMİLLA QULAMİdən Nazirin etirafına REAKSİYA: “Oxuduğunu anlamayan cəmiyyətin məsuliyyəti Təhsil Nazirliyindədir!”

Nazirin etirafına REAKSİYA: “Oxuduğunu anlamayan cəmiyyətin məsuliyyəti Təhsil Nazirliyindədir!” – Tamilla Qulami
“Oxuduğunu anlamayan cəmiyyətin məsuliyyəti kimdədir?!”
Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirib.
T.Qulami Elm və Təhsil naziri Emin Əmrullayevin PISA 2025 tədqiqatının nəticələrinə dair mətbuat konfransında səsləndirdiyi fikirləri sərt tənqid edib.
Tamilla Qulami hesab edir ki, Elm və Təhsil naziri mövcud problemlərə toxunsa da, onların yaranma səbəblərini göstərməkdə çətinlik çəkir:
“Yenə hörmətli təhsil nazirimiz açıqlamaları ilə gündəmə gəlib. Belə ki, nazir Emin Əmrullayevin Azərbaycanda insanların əhəmiyyətli hissəsinin oxuduğunu anlamaması, oxu savadlılığı sahəsində ciddi problemlərin mövcudluğu və PISA nəticələrinin arzuolunan səviyyədə olmaması barədə açıqlamaları, əslində, ölkənin təhsil sistemi ilə bağlı çox ciddi etirafdır demək olar. Nazir bildirir ki, Azərbaycanda təxminən hər üç nəfərdən ikisi oxuduğunu anlamaqda çətinlik çəkir, Bakıda isə bu istiqamətdə geriləmə müşahidə olunub.
Ancaq burada əsas sual başqa cür qoyulmalıdır… Əcəba, oxuduğunu anlamayan cəmiyyətin məsuliyyəti kimdədir?
Əgər söhbət təhsil sisteminin yetişdirdiyi nəsillərin oxuduğunu anlamamasından gedirsə, məsuliyyəti cəmiyyətin, şagirdin və ya müəllimin üzərinə atmaqla kifayətlənmək olmaz. Çünki bu, özünümüdafiədən başqa bir şey deyil – yanlış zamanda və yanlış yerdə…
Təhsilin məzmununu müəyyən edən, proqramları hazırlayan, dərslikləri təsdiqləyən, müəllimlərin seçilməsi və hazırlanması sistemini quran, məktəblərin fəaliyyətinə nəzarət edən və milyardlarla manatlıq dövlət vəsaitinin təhsilə necə yönəldilməsini müəyyənləşdirən əsas qurum məhz Təhsil Nazirliyidir!
Bu səbəbdən nazirin “üç adamdan ikisi oxuduğunu anlamır” deməsi faciədir və bu, sadəcə problem haqqında məlumat vermək deyil. Bu, eyni zamanda idarə etdiyi sistemin nəticəsi barədə etirafdır. Yaxşı, tutalım ki, etiraf etdiniz, problem də məlum oldu, bəs məsuliyyət?!
İllərdir Azərbaycan təhsilində müxtəlif islahatlar həyata keçirildiyini görürük, oxuyuruq. Yeni proqramlar qəbul edilir, dərsliklər dəyişdirilir, müəllimlərin sertifikatlaşdırılması keçirilir, məktəblər tikilir və təmir olunur, rəqəmsallaşmadan danışılır, müəllimlərin əməkhaqları artırılır və s. Bütün bunlar üçün dövlət büdcəsindən hər il böyük vəsait ayrılır. Bəs nəticə?”
Siyasətçi xanım hesab edir ki, təhsilə ayrılan maliyyə düzgün istifadə edilmir:
“Əgər təhsilə böyük maliyyə vəsaiti ayrıldığı halda şagirdin ən fundamental bacarığı – oxuduğunu anlamaq və mətn üzərində düşünmək qabiliyyəti inkişaf etmirsə, hətta bəzi göstəricilərdə geriləmə müşahidə olunursa, demək ki, problem maliyyənin azlığında deyil. Problem həmin vəsaitin hansı nəticəyə hesablanmasındadır. Çünki təhsilə ayrılan pulun çoxluğu avtomatik olaraq keyfiyyətli təhsil demək deyil. Əsas sual odur ki, həmin pul hansı sistemə yatırılır və nəticədə nə əldə edilir.
Əgər milyonlarla vəsait xərclənir, amma şagird oxuduğu mətni başa düşmürsə, verilən sualın mahiyyətini anlaya bilmirsə, fikrini məntiqi şəkildə ifadə edə bilmirsə, deməli, təhsil sistemi öz əsas funksiyalarından birini yerinə yetirə bilmir.
Azərbaycan məktəbi hələ də “əzbərləmə” sistemindən tam xilas olmayıb… Qənaətimə görə, təhsilimizin ən böyük problemlərindən biri illərdir formalaşmış əzbərçilik ənənəsidir. Yüksək bal toplamış şagirdlərin əksəriyyəti ilə ünsiyyətim zamanı bunun dəfələrlə şahidi olmuşam.
Şagirdə məlumat verilir, o məlumatı yadda saxlayır və imtahanda geri qaytarır. Şagirdin nə düşündüyü, necə düşündüyü, mətnlə necə işlədiyi, səbəb-nəticə əlaqəsini necə qurduğu isə çox zaman ikinci plana keçir. Nəticədə məktəbdən çoxlu məlumatla çıxan, amma həmin məlumatı təhlil etməkdə çətinlik çəkən insanlar yetişir.
Oxumaq başqa, oxuduğunu anlamaq isə tamam başqa bacarıqdır. Şagird bir mətni sürətlə və düzgün oxuya bilər, amma həmin mətnin əsas ideyasını müəyyən edə, müəllifin mövqeyini anlaya, nəticə çıxara bilmirsə, deməli, onun oxu savadlılığı yetərli deyil. PISA kimi beynəlxalq qiymətləndirmələrin əsas məqsədi də məhz şagirdin nə qədər məlumat əzbərlədiyini yox, biliyindən istifadə edə bilib-bilməməsini müəyyən etməkdir.
Azərbaycan təhsil sistemi isə hələ də bu keçidi tam şəkildə həyata keçirə bilməyib.”
T.Qulami müəllimlərin günahlandırılması məsələsinə də toxunub:
“Müəllimi günahlandırmaq asandır, amma sistemi müəllim özü yaratmır! Nazir müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamağın vacibliyini bildirir. Şübhəsiz ki, müəllimin peşəkarlığı təhsilin keyfiyyətinə birbaşa təsir edir. Amma burada da fundamental sual yaranır: müəllimlərin işə qəbulunun, hazırlanmasının və sertifikatlaşdırılmasının qaydalarını kim müəyyən edir? Bu sistemi müəllimlər yaratmır.
Müəllimlərin seçim mexanizmini, sertifikatlaşdırma qaydalarını nazirlik müəyyənləşdirir. Tədris proqramlarını nazirlik hazırlayır, dərslikləri sistem seçir. Ona görə də şagirdin oxuduğunu anlama bacarığında ciddi irəliləyiş görünmürsə, yalnız müəllimi günahlandırmaq olmaz. Bu zaman müəllimi seçən və idarə edən sistemin özü sual altına alınmalıdır.
Təhsil sistemində kifayət qədər imtahan var, əsas gərəkli nəticə isə yoxdur. Əgər qiymətləndirmə sistemi əsasən testin düzgün cavabını tapmağa, qaydanı yadda saxlamağa və mexaniki bilik nümayiş etdirməyə xidmət edirsə, şagird də həmin sistemə uyğunlaşacaq. Nəticədə şagird düşünməyi yox, cavab tapmağı öyrənir. Valideyn də övladını repetitor yanına göndərərək yalnız yüksək bal almağa çalışır.
Bakıda göstəricilərin geriləməsi xüsusilə diqqətimi çəkdi… Bu gün Bakı ölkənin ən çox məktəbə, müəllimə, hazırlıq kursuna və təhsil imkanlarına malik mərkəzidir. Əgər bu qədər imkanın fonunda oxu savadlılığı geriləyirsə, deməli, bu, dərin sistem probleminin göstəricisidir.
Müasir uşağın informasiya ilə münasibəti dəyişib. Sosial şəbəkələr və sürətli informasiya axını uzun mətn oxuma vərdişinə mənfi təsir edir. Amma təhsil sistemi bu dəyişikliklərə uyğun yeni metodologiya qurmalıdır. XXI əsrin uşağına keçmişin metodları ilə dərs demək mümkün deyil.”
Tamilla Qulami qeyd edib ki, təhsildə islahatlar deyil, əsl nəticəyönümlü idarəetmə lazımdır:
“Yeni məktəb binası tikmək, avadanlıq almaq, müəllimin əməkhaqqını artırmaq lazımdır. Lakin bunların heç biri öz-özlüyündə şagirdin düşünmə qabiliyyətini inkişaf etdirmir. Əgər məktəbdə dərs əzbərləmə üzərində qurulursa, kitab oxuma mədəniyyəti formalaşdırılmırsa, nə qədər pul xərclənməsindən asılı olmayaraq, fundamental nəticə əldə etmək mümkün olmayacaq.
Təhsil problemləri yalnız müəllim və şagirdin üzərinə atılmamalıdır. Nazirliyin əsas vəzifəsi problemi sadalamaq deyil, həll etməkdir! Əgər Azərbaycanda insanların böyük hissəsi oxuduğunu anlamırsa, bunun səbəbini ilk növbədə təhsil sisteminin özündə axtarmaq lazımdır.
Ən böyük ehtiyac məsuliyyətli, nəticəyönümlü və keyfiyyətə hesablanmış təhsil idarəetməsidir. Ciddi düşünmək lazımdır. Kitablarınızı qarşınıza qoyun, düşünün, cənab nazir! Ən azından Ümid Partiyasının təhsil proqramlarından faydalanın – bu təklifləri sizə pulsuz təqdim edirik.
Nurlan Cəfəri
Şərh yaz