Qəzzada kövrək sülh: İsrail daxilindəki siyasi mübarizə prosesi poza bilər – Anar İsayev şərh edir
ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəsin pozulmasının qarşısını almaq və mümkün gərginlikləri idarə etmək üçün yeni münaqişələrin həlli mexanizminin yaradılması barədə razılığa gəliblər. Mexanizmə Misirin də cəlb olunması, həmçinin Qəzzanın silahsızlaşdırılması və humanitar vəziyyətin yaxşılaşdırılması üzrə iki işçi qrupun yaradılması nəzərdə tutulur. Lakin İsraildə oktyabr seçkiləri ərəfəsində Netanyahunun Qəzza ilə bağlı mümkün güzəştlərinə qarşı siyasi təzyiqlərin artması prosesin irəliləməsini çətinləşdirə bilər.
İsraildə siyasi təzyiqlərin artması Qəzzada atəşkəsin qorunması və silahsızlaşdırma prosesini poza bilərmi?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələni iki istiqamətdə qiymətləndirmək olar: “Birincisi, İsrail daxilindəki siyasi təzyiqlər atəşkəs üçün real riskdir. Netanyahu hökuməti üçün Qəzzada hər hansı güzəşt, xüsusilə HƏMAS-ın silahsızlaşdırılması məsələsində nəticə əldə edilmədən atəşkəsin uzadılması daxili siyasi baxımdan ciddi problem yarada bilər. Seçkilər yaxınlaşdıqca sağçı və sərt xətt tərəfdarı qüvvələrin təzyiqi artarsa, Netanyahu danışıqlarda daha ehtiyatlı davranmağa məcbur olacaq. Bu isə humanitar yardımın genişləndirilməsi, məhbus mübadiləsi, İsrail ordusunun müəyyən ərazilərdən geri çəkilməsi və Qəzzanın gələcək idarəçiliyi kimi məsələlərdə razılaşmanı çətinləşdirə bilər”.
Siyasətçi deyib ki, silahsızlaşdırma isə ən mürəkkəb məsələ olaraq qalır. İsrail HƏMAS-ın hərbi imkanlarının tam aradan qaldırılmasını istəyir, HƏMAS isə öz silahlı strukturundan tam imtinanı qəbul etməyə bilər. Misirin prosesə cəlb olunması məhz burada əhəmiyyətlidir. Qahirə həm İsrail, həm də fələstinli tərəflərlə müəyyən əlaqələrə malikdir və sərhəd, humanitar yardım və təhlükəsizlik məsələlərində vasitəçi rolunu oynaya bilər. Buna görə iki işçi qrupun yaradılması, əslində, böyük siyasi məsələləri texniki və mərhələli şəkildə həll etmək cəhdidir.
“İkincisi, ABŞ-İsrail münasibətlərində fikir ayrılıqlarının dərinləşməsi atəşkəsi avtomatik olaraq pozmur, lakin onun davamlılığını ciddi şəkildə zəiflədə bilər. Vaşinqton üçün əsas prioritet atəşkəsin qorunması, humanitar böhranın yumşaldılması və Qəzzada yeni genişmiqyaslı müharibənin qarşısının alınmasıdır. Netanyahu hökumətinin prioritetləri isə daha çox İsrailin təhlükəsizliyi, HƏMAS-ın hərbi cəhətdən sıradan çıxarılması və daxili siyasi sabitliklə bağlıdır. Bu prioritetlər arasındakı fərq böyüdükcə vasitəçilik daha çətin olacaq”, – deyə o əlavə edib.
Anar İsayev hesab edir ki, burada Cared Kuşnerin prosesə daxil olması da diqqətçəkən məqamdır. Bu, Vaşinqtonun məsələni yalnız diplomatik danışıqlar səviyyəsində deyil, həm də konkret mexanizmlərlə idarə etmək istədiyini göstərir. Əgər ABŞ, İsrail və Misir arasında koordinasiya davamlı şəkildə təmin edilərsə, tərəflər arasında yaranan fikir ayrılıqlarının atəşkəsə çevrilməsinin qarşısını almaq mümkündür.
“Məncə, əsas məsələ atəşkəsin bir dəfə əldə edilməsi deyil, onun pozulacağı təqdirdə işləyəcək mexanizmin yaradılmasıdır. Yeni mexanizm məhz buna xidmət edə bilər: tərəflər arasında insident baş verdikdə dərhal əlaqə, araşdırma, vasitəçilik və gərginliyin lokallaşdırılması.
İsraildəki siyasi dinamika atəşkəs üçün ciddi risk yaradır, amma həlledici faktor deyil. Əgər ABŞ prosesə siyasi zəmanət verər, Misir vasitəçilik rolunu effektiv şəkildə davam etdirər və Qəzzanın silahsızlaşdırılması mərhələli şəkildə həyata keçirilərsə, atəşkəsin qorunması mümkündür. Əksinə, Netanyahu üzərində daxili siyasi təzyiq ABŞ-İsrail fikir ayrılıqları ilə birləşərsə və HƏMAS da silahsızlaşdırma məsələsində güzəştə getməzsə, atəşkəsin formal olaraq mövcud olduğu, lakin vaxtaşırı ciddi şəkildə pozulduğu qeyri-sabit bir mərhələnin yaranması daha real görünür”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz




