8 avqust 2025-ci il “Sülh paraflanması”na 1 illik baxış – Tamilla Qulami şərh edir
Azərbaycanın son illərdə xarici siyasətdə əldə etdiyi uğurlu diplomatik nəticələr geosiyasi transformasiyanın tərkib hissəsidir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın hərbi-siyasi üstünlüyünü diplomatik üstünlüyə çevirməsi, 2023-cü il 19 sentyabrdan 20 sentyabra keçən gecə Qarabağda suverenliyini tam bərpa etməsi, Ermənistanla sülh gündəliyini özünün irəli sürdüyü prinsiplər əsasında formalaşdırması və eyni zamanda ABŞ ilə münasibətləri yeni strateji müstəviyə çıxarması Azərbaycanın xarici siyasətində mühüm mərhələ təşkil edir.
Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həmin proseslərin istiqamətini müəyyən edən əsas aktorlardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin mühüm nəticələrindən biri də məhz budur ki, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, müxtəlif qlobal güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmağı və bu münasibətləri konkret milli-strateji məqsədlərə xidmət etdirə bilməyi bacarıb. Xüsusilə də Rusiya və İran kimi qonşusu olan ölkə kimi.
2025-ci il yanvarın 20-də ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Azərbaycan münasibətlərində ciddi transformasiya baş verib. Xüsusilə Bayden administrasiyası dövründə Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinə yanaşması Bakıda ciddi narahatlıq doğururdu. Azərbaycanın mövqeyinə görə, həmin dövrdə ABŞ siyasətində regionun mümkün geosiyasi reallıqları, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni vəziyyət və Bakının regional çəkisi lazımi səviyyədə nəzərə alınmır, bəlkə də bu istiqamətdə hadisələrə diqqət yetirilmirdi.
Donald Trampın yenidən ABŞ Prezidenti seçildikdən sonra isə Vaşinqtonun Cənubi Qafqaza münasibətində yeni yanaşma formalaşmağa başladı. Bu yanaşmada qarşıdurmanın davam etdirilməsindən daha çox sülh, regional bağlantılar, iqtisadi əməkdaşlıq və ABŞ-nin strateji maraqlarının təmin edilməsi ön plana çıxdı.
Azərbaycan üçün əsas məqam ondan ibarət idi ki, bu yeni yanaşma Bakı tərəfindən illər ərzində formalaşdırılmış reallıqlarla uzlaşırdı.
Azərbaycanın hərbi və iqtisadi gücünü artırması, enerji və nəqliyyat layihələrində mühüm mövqeyə sahib olması, Avropa ilə enerji əməkdaşlığının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi və Qarabağ üzərində suverenliyin tam bərpası Bakının beynəlxalq çəkisini və dəyərini əhəmiyyətli dərəcədə artırmışdı.
Düşünürəm ki, məhz buna görə də 2025-ci il avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü sıradan diplomatik səfər kimi qiymətləndirilməməlidir. Həmin görüş zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması haqqında memorandum imzalandı. Bu, münasibətlərin sadəcə mövcud əməkdaşlıq formatında davam etdirilməsi deyil, onların yeni strateji çərçivəyə keçirilməsi niyyətinin göstəricisi idi.
Ardınca 2026-cı il fevralın 10-da açıqlanan Strateji Tərəfdaşlıq Xartiyası bu istiqamətin institusional əsaslarını daha aydın ortaya qoydu. Sənəddə suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ikitərəfli münasibətlərin təməl prinsipləri kimi təsbit edilir. Xartiya diplomatik, iqtisadi, enerji, texnologiya, təhlükəsizlik və regional bağlantılar sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bu, qarşıdurmaların olduğu bir dövrdə Azərbaycan diplomatiyası baxımından mühüm və uğurlu nəticədir. Çünki uzun illər ərzində beynəlxalq münasibətlər sistemində Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində əldə etdiyi siyasi nəticələr indi ABŞ ilə münasibətlərin yeni strateji çərçivəsinin də əsas elementlərindən birinə çevrilir.
Mən bu istiqamətdə də xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan-ABŞ münasibətlərinin transformasiyasını göstərən digər mühüm məsələ 907-ci düzəlişlə bağlıdır. Azərbaycan uzun müddət bu məhdudiyyətin ölkəyə qarşı ayrı-seçkilik xarakterli yanaşma olduğunu bildirirdi, dəfələrlə bu barədə etirazlar, əsaslar, arqumentlər səsləndirir, ikili standartlarla yanaşmanın aradan qaldırılmasını tələb edirdi.
2025-ci ilin avqustunda Vaşinqtonda aparılan danışıqlar zamanı bu məsələnin həlli Azərbaycan-ABŞ münasibətlərinin normallaşması baxımından mühüm siyasi mesaj oldu. Ölkə başçısının həmin günləri Azərbaycanın ABŞ ilə münasibətlərində yeni səhifənin başlanğıcı kimi qiymətləndirməsi də təsadüfi deyildi. Rəsmi məlumatda da Prezident İlham Əliyev bu addımı 33 illik məhdudiyyətlərin sona çatması kontekstində dəyərləndirib.
Burada əsas məsələ yalnız konkret məhdudiyyətin aradan qaldırılması deyil. Daha mühüm məqam Azərbaycanın ABŞ ilə münasibətlərində əvvəllər mövcud olan birtərəfli yanaşmanın dəyişməsi və Bakı ilə Vaşinqton arasında qarşılıqlı maraqlara əsaslanan yeni gündəliyin formalaşmasıdır.
Vaşinqton prosesinin Azərbaycan üçün ən mühüm nəticələrindən biri də regional nəqliyyat bağlantılarının yeni geosiyasi məzmun qazanmasıdır. Azərbaycan uzun illərdir, Zəngəzur istiqamətində kommunikasiyaların açılmasını yalnız nəqliyyat məsələsi kimi deyil, regional iqtisadi inteqrasiyanın mühüm elementi kimi təqdim edir. 8 avqust 2025-ci il Vaşinqton sənədləri ilə bu məsələ artıq ABŞ-ın regional strategiyasının da mühüm elementlərindən birinə çevrildi.
Sonrakı Strateji Tərəfdaşlıq Xartiyasında TRIPP — “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” — Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantını təmin etməyə və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdırmağa xidmət edən multimodal bağlantı layihəsi kimi qeyd olunur.
Kimsə dana bilməz ki, Azərbaycan üçün bu hadisə ciddi geosiyasi nailiyyətdir. Çünki məsələ artıq yalnız Bakı ilə İrəvan arasındakı kommunikasiya mübahisəsi olmaqdan çıxaraq, ABŞ-nin, eləcə də daha geniş beynəlxalq iqtisadi və geosiyasi maraqların kəsişdiyi layihəyə çevrilib.
Digər tərəfdən Azərbaycan öz regional nəqliyyat təşəbbüsünü qlobal güclərin maraqları ilə uzlaşdıraraq, onun reallaşma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Azərbaycanın xarici siyasət uğurlarını Qarabağda əldə edilmiş hərbi-siyasi nəticələrdən ayrı təsəvvür etmək mümkün deyil.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra Qarabağ üzərində dövlət suverenliyinin tam təmin edilməsi ölkənin beynəlxalq mövqeyini köklü şəkildə dəyişdi.
Bu hadisələrdən sonra Azərbaycan artıq Qarabağ münaqişəsinin tərəflərindən biri deyil, münaqişənin hərbi mərhələsini başa çatdırmış və öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi çıxış etməyə başladı.
Ən mühüm məqam isə bundan ibarətdir ki, Azərbaycan hərbi qələbəni siyasi-diplomatik nəticəyə çevirə bildi.
Məhz bundan sonra Bakının irəli sürdüyü sülh prinsipləri Azərbaycan-Ermənistan münasibətlərinin əsas danışıqlar çərçivəsinə çevrildi. Azərbaycanın irəli sürdüyü beş əsas prinsip — dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin tanınması, ərazi iddialarından qarşılıqlı imtina, dövlətlərarası münasibətlərdə güc tətbiqindən və güc tətbiqi hədəsindən imtina, sərhədlərin delimitasiyası və diplomatik münasibətlərin qurulması — sonrakı sülh prosesinin əsas sütunlarını təşkil etdi.
Bu baxımdan Azərbaycan yalnız müharibəni qazanan tərəf deyil, müharibədən sonrakı sülh gündəliyini formalaşdıran tərəf kimi də çıxış etdi.
Azərbaycanın Ermənistanla sülh prosesində mövqeyinin güclənməsinin əsas səbəbi hərbi nəticələrin siyasi reallığa çevrilməsi idi.
Uzun illər idi ki, Ermənistan tərəfi status-kvonun qorunmasına və işğal olunmuş Azərbaycan əraziləri üzərində nəzarətin davam etdirilməsinə ümid edirdi. 2020-ci il müharibəsi bu yanaşmanı dəyişdirdi. 2023-cü ildə Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası isə əvvəlki geosiyasi modelin faktiki olaraq sonunu qoydu. Bundan sonra Ermənistanın qarşısında yeni reallıqla hesablaşmaqdan başqa alternativ qalmadı.
Bu mənada sülh prosesini yalnız Ermənistanın xoşməramlılığının nəticəsi kimi təqdim etmək tarixi və siyasi reallığı sadələşdirmək olardı. Sülhə aparan yol Azərbaycan dövlətinin hərbi, iqtisadi və diplomatik gücünün yaratdığı yeni reallıqdan keçdi.
Azərbaycanın əsas diplomatik uğuru da məhz burada görünür ki, Bakı hərbi qələbədən sonra maksimalist mövqedə dayanaraq, prosesi dalana dirəmədi, əksinə, öz şərtlərini beynəlxalq sülh gündəliyinin prinsiplərinə çevirdi.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh prosesinə dair tarixi sənədin imzalanması bu uzun prosesin mühüm mərhələsi oldu. Ağ Ev də həmin günü onilliklər davam edən qarşıdurmanın sona çatdırılması istiqamətində tarixi diplomatik hadisə kimi təqdim etdi.
Burada ABŞ-nin rolunu da xüsusi qeyd etmək lazımdır. Vaşinqton prosesi göstərdi ki, Azərbaycan öz milli maraqlarından geri çəkilmədən ABŞ-nin regiondakı artan maraqları ilə əməkdaşlıq formatı yarada bilib.
Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri arasında balans yaratmaq və Azərbaycanın maraqlarını bu rəqabətdən maksimum dərəcədə qorumaqdır.
Azərbaycan eyni zamanda Türkiyə ilə strateji müttəfiqliyi inkişaf etdirib, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığını genişləndirib, ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olub və regiondakı digər güc mərkəzləri ilə münasibətlərdə də milli maraqlarını qoruyub. Bu siyasətin nəticəsində Azərbaycan regional proseslərdə OBYEKT olmaqdan çıxaraq, SUBYEKTə çevrilib.
Qeyd edim ki, Qarabağ məsələsində də eyni yanaşmanı görürük. Azərbaycan illər ərzində diplomatik danışıqlar aparıb, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edib, eyni zamanda iqtisadi və hərbi potensialını gücləndirib. Nəticədə diplomatik cəhdlərin nəticəsiz qalması halında öz ərazi bütövlüyünü bərpa etmək imkanına malik oldu. Daha sonra isə hərbi qələbəni diplomatik qələbəyə çevirdi.
Bu baxımdan “müharibədə qələbə və sülhdə qələbə” ifadəsi Azərbaycanın son illərdəki siyasətinin mahiyyətini müəyyən mənada ifadə edir. Müharibədə hərbi üstünlük, müharibədən sonra isə diplomatik və siyasi üstünlük bir-birini tamamladı. Bu gün Cənubi Qafqazda yaranmış vəziyyət əvvəlki geosiyasi mənzərədən ciddi şəkildə fərqlənir.
Qarabağ münaqişəsinin hərbi mərhələsi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Ermənistanla sülh gündəliyi formalaşıb, regional kommunikasiyaların açılması məsələsi beynəlxalq gündəliyin mühüm hissəsinə çevrilib və ABŞ Cənubi Qafqazda daha fəal iqtisadi və geosiyasi rol oynamağa başlayıb.
Bu dəyişikliklərin hər birinin arxasında Azərbaycanın son iki onillikdə həyata keçirdiyi dövlət siyasətinin nəticələrini görmək mümkündür.
Azərbaycan əvvəlcə iqtisadi potensialını artırdı, sonra güclü ordu qurdu, ardınca regional enerji və nəqliyyat layihələrində əsas aktorlardan birinə çevrildi və bütün bunları vahid xarici siyasət strategiyası daxilində birləşdirdi. Ona görə də bugünkü diplomatik nəticələr təsadüfi deyil.
Azərbaycanın son illərdə xarici siyasətdə qazandığı uğurların əsas xüsusiyyəti ondan ibarətdir ki, bunlar bir-birindən ayrı hadisələr deyil, vahid strategiyanın müxtəlif nəticələridir.
Təkrar edirəm ki, Qarabağda suverenliyin bərpası Azərbaycanın hərbi-siyasi qələbəsi oldu. Ermənistanın Azərbaycanın irəli sürdüyü fundamental prinsiplər əsasında sülh prosesinə gəlməsi həmin qələbənin siyasi nəticəsidir. ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə Azərbaycanın dəyişən geosiyasi reallıqda öz mövqeyini yeni beynəlxalq imkanlarla birləşdirməsinin göstəricisidir.
2025-ci il 8 avqust Vaşinqton görüşü bu proseslərin kəsişdiyi mühüm məqam oldu ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ABŞ-nin birbaşa iştirakı ilə yeni mərhələyə keçdi, Azərbaycan-ABŞ münasibətlərinin strateji çərçivəsi üçün əsas yaradıldı və regional bağlantıların, o cümlədən TRIPP layihəsinin perspektivi beynəlxalq səviyyədə rəsmiləşdirildi.
2026-cı ildə Strateji Tərəfdaşlıq Xartiyasının qəbul edilməsi isə bu transformasiyanın artıq institusional xarakter aldığını göstərdi. Xartiyanın regional bağlantı, enerji, investisiya, texnologiya və təhlükəsizlik sahələrini əhatə etməsi Azərbaycanın ABŞ üçün Cənubi Qafqazda sadəcə tərəfdaş ölkə deyil, strateji əhəmiyyət daşıyan dövlətə çevrildiyini göstərən mühüm göstəricidir.
Bütün bunların fonunda Prezident İlham Əliyevin xarici siyasətinin əsas nəticəsini belə ifadə etmək olar ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi regional proseslərin nəticəsini gözləyən ölkə deyil, həmin nəticələrin formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Ən böyük siyasi uğur da məhz budur!
Azərbaycanın hərbi qələbəsi diplomatik qələbəyə, diplomatik qələbəsi isə yeni regional və beynəlxalq əməkdaşlıq imkanlarına çevrilib!
Şərh yaz




