ABŞ-ı quru əməliyyatlarından çəkindirən detal – İranın gözlədiyi oldu – TAMİLLA QULAMİ şərh edir…

ABŞ-ı quru əməliyyatlarından çəkindirən detal – İranın gözlədiyi oldu – Tamilla Qulami şərh edir…
İranla ABŞ-İsrail birliyi arasında müharibənin uzanması beynəlxalq siyasi arenada narahatlıq doğurur. Müttəfiqlərinin bu müharibədə ABŞ-a dəstək verməməsi, Hörmüz boğazı ilə bağlı vəziyyət Vaşinqtonun hazırda İranda çıxılmaz vəziyyətə düşməsi kimi dəyərləndirilir.
Bəzi analitiklərin fikirincə, ABŞ belə bir durumda quru əməliyyatlarına başlaya bilər.
ABŞ İranda dirənib, yoxsa belə görüntü yaradıb, taktika dəyişdirir? Quru hücumları başlayır?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, hazırkı geosiyasi mənzərəni analiz etdikdə ABŞ-ın hərbi-strateji davranış modelinə əsasən birbaşa və genişmiqyaslı quru əməliyyatlarına başlamaq istəmədiyi görünür:
“Xüsusilə də Yaxın Şərqdə son onilliklərin təcrübəsi (İraq və Əfqanıstan nümunələri) ABŞ üçün uzunmüddətli quru müharibələrinin həm siyasi, həm iqtisadi, həm də ictimai baxımdan müsbət nəticələr doğurmadığını göstərib. Bu səbəbdən hazırkı vəziyyətdə ABŞ-ın dirənməsi real hərbi zəiflikdən yox, şüurlu strateji seçimdən qaynaqlanır.
Həmçinin mövcud vəziyyət idarəolunan xaos və gərginlik modelinə bənzəyir. Belə ki, ABŞ bu istiqamətdə də regionda hərbi mövcudluğunu hava zərbələri, dəniz nəzarəti ilə təzyiq mexanizmləri kimi saxlayır. Sanksiyalar da öz yerindədir. Buna görə hələlik İran ərazisinə birbaşa genişmiqyaslı müdaxiləni uzadır. Vaşinqtonun bu addımı həm regiondakı müttəfiqlərin təhlükəsizliyini təmin etmək, həm də münaqişənin nəzarətdən çıxmasının qarşısını almaq məqsədi daşıyır.
Məsələni Tehran tərəfdən analiz etsək, bilirik ki, İranın özünün də hərbi doktrinası burada həlledici rol oynayır və proksi qüvvələri, qeyri-dövlət aktorları ilə lokal toqquşmalar vasitəsilə qarşı tərəfi zəiflətmək niyyəti güdür. Bu da ABŞ üçün quru əməliyyatlarının risklərini artırır. Çünki belə bir müharibə başlasa, o zaman bu savaş cəbhə xətti olmayan, uzanan və idarə olunması çətin bir konfliktə çevrilə bilər”.
Tamilla Qulami deyib ki, beynəlxalq mühit də quru əməliyyatlarının başlanmasını məhdudlaşdıran faktordur:
“Böyük güclər arasında balans, xüsusilə Rusiya və Çin faktorlarına əsasən enerji bazarlarının sabitliyi və qlobal iqtisadi risklər ABŞ-ın daha ehtiyatlı davranmasına səbəb olur. Çünki quru hücumu yalnız regional deyil, həm də qlobal böhran yarada bilər.
Lakin yenə də mövcud vəziyyəti “ABŞ İranda dirənib” kimi qiymətləndirməyin tam doğru olduğunu düşünmürəm. ABŞ hazırda sadəcə taktiki olaraq birbaşa eskalasiyadan yayınır və daha çevik, yuxarıda sadaladığım təzyiq strategiyasına üstünlük verir. Bu, indi klassik hərbi hücumdan daha çox, siyasi-psixoloji və iqtisadi təsir alətlərinin ön planda olduğu mərhələdir.
Quru hücumlarının başlanması ehtimalını isə qısa müddətdə aşağı qiymətləndirirəm. Belə bir addım yalnız İran tərəfindən ABŞ və ya müttəfiqlərinə qarşı böyükmiqyaslı birbaşa hücum, nüvə proqramı ilə bağlı “qırmızı xəttin” aşılması və ya regionda balansın kəskin şəkildə dəyişməsi ilə atıla bilər.
Hazırkı mərhələdə isə tərəflər daha çox açıq müharibədən yayınaraq, nəzarətli, idarəolunan gərginlik çərçivəsində rəqabəti davam etdirirlər”.
Turan Rzayev
Şərh yaz