İsfahandakı əməliyyat nəyin anonsudur? – Diqqətlər Trampa yönəlib – TALEH ƏLİYEV şərh edir…

İsfahandakı əməliyyat nəyin anonsudur? – Diqqətlər Trampa yönəlib- Taleh Aliyev şərh edir…
“F-15” qırıcı təyyarəsinin vurulmasından sonra ağır yaralanan ekipaj üzvünün xilas edilməsi məqsədilə ABŞ hərbçiləri İranın mərkəzi hissəsində yerləşən İsfahan ostanlığında xüsusi hərbi əməliyyat həyata keçirib. Hadisə regionda hərbi gərginliyin artdığı bir dövrə təsadüf etdiyi üçün beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib. Əməliyyatın detalları rəsmi mənbələr tərəfindən tam açıqlanmasa da, yayımlanan videogörüntülər ABŞ hərbi qüvvələrinin İran ərazisinin dərinliklərinə qədər irəlilədiyini və xilasetmə missiyasını qısa müddət ərzində həyata keçirdiyini göstərir.
Əməliyyatla bağlı sosial şəbəkələrdə və açıq mənbələrdə paylaşılan görüntülərdən aydın olur ki, ABŞ ordusu ciddi müqavimətlə qarşılaşmadan İsfahana yaxınlaşa bilib və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə həyata keçirilən xilasetmə əməliyyatı uğurla başa çatdırılıb.
ABŞ-nin İranın mərkəzi ərazilərində belə bir əməliyyatı keçirə bilməsi nəyin əlamətidir? Bu əməliyyat ABŞ-nin qurudan müdaxiləyə hazır olduğunu göstərirmi?
Sfera.az-a bu haqda açıqlama verən Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bu prosesin ABŞ-nin hava hücumlarının əslində nə qədər güclü olduğunu ortaya çıxarıb:
“Pilotun xilası zamanı İran quru qoşunlarının əraziyə müdaxilə cəhdinin hava zərbələri ilə dəf edilməsi və texnikaların kütləvi bombardman olunması mühüm bir reallığı ortaya qoydu. Bu, göstərir ki, gələcəkdə başlaya biləcək mümkün quru əməliyyatları zamanı İran hərbi birləşmələrinin bütün aktiv hərəkət zonaları havadan dəqiqliklə izləniləcək. ABŞ-nin kəşfiyyat və hava üstünlüyü rəqib qüvvələrin hərəkət trayektoriyasını öncədən müəyyən etməyə və onları hədəfə çatmadan məhv etməyə imkan verir”.
Taleh Əliyevin fikrincə, əgər belə bir mümkün quru əməliyyatı baş verəcəksə, ən az hava hücumları və dəniz qüvvələrinə qarşı həyata keçirilən əməliyyatlar qədər uğurlu olacaq:
“Bu gün ABŞ Prezidenti Donald Trampın İrana tanıdığı 10 günlük müddət yekunlaşır. Prezidentin sosial şəbəkə hesabındakı son paylaşımı: “Şərq vaxtı ilə saat 20:00-dan sonra İrana “cəhənnəm yaşadılacaq” barədə xəbərdarlığı, hərbi gərginliyin pik həddə çatdığından xəbər verir. Bu bəyanat göstərir ki, diplomatik rıçaqlar artıq yerini birbaşa hərbi təzyiqə buraxır. Ehtimal olunan quru müdaxiləsi də ən azı hava və dəniz əməliyyatları qədər effektiv keçəcək. Lakin nəzərə almaq lazımdır ki, bu, qısa müddətdə İranda tam asayişin bərpası, hakimiyyətin devrilməsi və ya dərhal kapitulyasiya demək deyil. Quru əməliyyatları başladıqdan az sonra qüvvələr nisbəti qəti şəkildə ABŞ və İsrailin xeyrinə dəyişəcək, lakin SEPAH-ın müxtəlif formalarda (partizan müharibəsi və s.) müqavimətini davam etdirəcəyi gözləniləndir”.
Şərh yaz