Deputatın maaşla bağlı fikirləri aranı qarışıdırdı – “Hakimiyyət istəyir ki…” – İqbal Ağazadə şərh edir
Deputat Səyyad Aranın maaş və qazanc mövzusunda səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. O, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində insanların qazancına görə müzakirə edilməsinin doğru olmadığını bildirib.
Sitat: “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.
Bəzi vətəndaşlar Səyyad Aranı tənqid etsələr də, digərləri daha sərt mövqe sərgiləyərək, mandatının ləğv olunmasını tələb edir.
Deputatın belə bir fikir səsləndirməsi nə dərəcə doğrudur?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, ictimai-siyasi statusu olan bir şəxsin bu cür yanaşması təəssüf doğurur:
“Əvvəla, ali təhsil alan, işlədiyi yerdə fərqlənən, yeni ideyalarla çıxış edən insanların heç də böyük əksəriyyəti həyat şəraitlərini təmin edə biləcək səviyyədə maaş almır. “Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, yaxşı yaşayan da var” yanaşması yalnız ədalətli cəmiyyətlər üçün keçərlidir. Təəssüf ki, Azərbaycan cəmiyyətində bu ədalət prinsipi pozulub. Məsələn, 900 manat maaş alan (hazırda müəyyən qədər artırılıb) bir icra başçısı həbs edilərkən milyonlarla vəsaitin ortaya çıxması halları olub. Bu onu göstərir ki, cəmiyyətdə irəli çıxan və ya yaxşı yaşayan hər kəs bu mövqeyə yalnız təhsil və bacarıq hesabına gəlib çatmayıb. Buna görə də deputatın bu yanaşması doğru deyil”.
İqbal Ağa-zadə qeyd edib ki, yüksək maaşların olması prinsip etibarilə müsbət haldır:
“Biz istəyirik ki, hər kəs yaxşı maaş alsın və müqayisəni kasıblar arasında deyil, daha çox imkanlı insanlar arasında apara bilək. Lakin bütün göstəricilər adekvat olmalıdır. Əgər Azərbaycanda orta aylıq əməkhaqqı, minimum əməkhaqqı, minimum istehlak səbəti və təqaüdlər cəmiyyətin ehtiyaclarını ödəmirsə, bu halda millət vəkillərinin, nazirlərin və digər vəzifəli şəxslərin yüksək maaş alması insanlarda narazılıq yaradır. Hakimiyyət istəyir ki, rüşvət və korrupsiyanı, o cümlədən oliqarx və məmur münasibətlərini yeni bir mərhələyə keçirsin və təmizləmə işləri aparılsın. Lakin bununla yanaşı, əhalinin maraqları da nəzərə alınmalıdır”.
Partiya sədri əlavə edib ki, deputatlar vətəndaşların aşağı maaş almasına görə müəyyən məsuliyyət daşıyır:
“Çünki büdcə formalaşarkən ona səs verən şəxslər məhz deputatlardır. Onlar həm büdcənin qəbulunda iştirak edir, həm də ildə bir dəfə hökumətin hesabatına qiymət verirlər. Səyyad Aran özünü məsuliyyət daşımayan hesab edirsə, büdcə müzakirələrində maaşların artırılması ilə bağlı hansı təşəbbüslərlə çıxış etdiyini göstərsin. Əgər bu istiqamətdə addım atmayıbsa, birbaşa günahkardır”.
Zaira Akifqızı
Şərh yaz




