İran “bağlaya bilərik” dedi, region silkələndi – Körfəzdə mövqe dəyişdirilir?- Anar İsayev şərh edir…
ABŞ və İsrailin İrana hücumları fonunda Hörmüz boğazının bağlanacağına dair iddialar yayılır. Məlumata görə, hücumların davam etməsi halında İran bu boğazın fəaliyyətinə tam məhdudiyyət qoya bilər.
Analitiklərin fikrincə, Tehran bu imkandan əsasən şantaj və təzyiq vasitəsi kimi istifadə edir.
İranın belə bir addım atması gözləniləndirmi?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Anar İsayev deyib ki, son məlumatlara əsasən İran Hörmüz boğazını rəsmi şəkildə bağlamayıb:
“Ziddiyyətli xəbərlər adətən hərbi gərginlik, manevrlər və ya xəbərdarlıq xarakterli bəyanatlara görə yayılır. İran zaman-zaman “bağlaya bilərik” tipli siyasi siqnallar verir, amma faktiki və tam bağlama çox ciddi beynəlxalq nəticələr doğuracağı üçün bu addım indiyə qədər atılmayıb.
Əslində, İranın buna gücü çatar, müvəqqəti və ya qismən maneə yaratmaq imkanı var. Belə ki, minlərlə dəniz minası, sahil raket sistemləri (anti-gəmi raketləri), sürətli hücum katerləri (swarm taktikası), dronlar, Hörmüz ətrafında yerləşən hərbi bazalar, həmçinin SEPAH-ın dəniz qüvvələrini nəzərə alsaq, İran boğazdan keçən tankerlərə və hərbi gəmilərə ciddi risk yarada bilər. Amma qarşı tərəfin, yəni ABŞ-ın Bəhreyndə olan 5-ci donanması, Böyük Britaniya və Fransa donanması, həmçinin Körfəz ölkələrinin hərbi qüvvələri boğazın tam və uzun müddət bağlanması qarşılığında birbaşa hərbi müdaxiləyə əl atmaları mümkündür. İran bunu bilir. Ona görə strategiyası adətən “təzyiq yaratmaq, amma qırmızı xətti keçməmək” olur”.
Anar İsayev qeyd edib ki, Hörmüz boğazının şimal hissəsi İrana, cənub hissəsi isə Omana aiddir:
“Hörmüz boğazı dünyanın neft təchizatının təxminən 20 faizinin keçdiyi bir strateji su yoludur. Boğaazın ən dar hissəsi təxminən 33 km-dir. Gəmiçilik üçün istifadə olunan əsas keçid kanalı isə hər istiqamətdə təxminən 3 km enindədir.
BMT Dəniz Hüququ Konvensiyasına görə dövlətlərin ərazi suları 12 dəniz mili (təxminən 22.2 km) təşkil edir. Hörmüz boğazının dar hissəsində İran və Oman suları üst-üstə düşür. Praktiki olaraq boğazın böyük hissəsi ya İranın, ya da Omanın ərazi sularına daxildir.
Amma burada mühüm hüquqi bir prinsip var:
“Transit passage” (tranzit keçid hüququ) – beynəlxalq gəmiçilik boğazdan sərbəst keçmək hüququna malikdir. İran hüquqi baxımdan bu keçidi tam dayandırmaq səlahiyyətinə malik deyil.
Əgər boğaz bağlanarsa, nə baş verər?
Qlobal enerji qiymətləri dərhal yüksələr. Körfəz ölkələrinin ixracı dayanma riski ilə üzləşər”.
Safura Bənnayeva
Şərh yaz




