Ukraynanın apardığı danışıqlar maraqla qarşılanıb – TALEH ƏLİYEV şərh edir

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Baş naziri Donald Tusk, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının sədri Corca Meloni və NATO Baş katibi Mark Rutte ilə danışıqlar aparıb

Mövzu ilə bağlı informator.az-a açıqlamasında Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bildirib ki, baş verən insident beynəlxalq birliyin Ukraynaya dəstəyini də bir daha gündəmə gətirib.

“Müzakirələrdə NATO-nun iştirak etməsi heç də təəccüblü qarşılanmamalıdır. Çünki sadalanan ölkələr içində yalnız Ukrayna istisnadır, qalanlarının hər biri NATO-nun aparıcı üzvləridir. NATO-nun nizamnaməsində isə “5-ci maddə” deyilən xüsusi bir bənd mövcuddur. Həmin bəndə əsasən, əgər NATO üzv ölkələrindən birinə hücum edilərsə, hərbi blokun bütün üzvləri birlikdə həmin hücuma qarşı kollektiv cavab verməlidirlər.

Bildiyiniz kimi, dünən Ukrayna üzərindən Rusiya dronlarının Polşa ərazisinə keçməsi faktı təsdiq edilmişdi. Bununla bağlı Polşa tərəfi ciddi çağırışlar edib və NATO formatında müzakirələr başlanıb. Paralel olaraq, Polşa hökuməti BMT Təhlükəsizlik Şurasının çağırılması üçün də müraciət edib.

Hesab edirəm ki, NATO-nun bu formatda müzakirələrdə iştirakı gələcəkdə oxşar hadisələr təkrarlanarsa, təşkilatın proseslərdə fəal şəkildə iştirak edəcəyinə bir mesajdır. Təsadüfi deyil ki, dünən NATO baş katibi də Rusiyaya xəbərdarlıq edərək bəyanat verib.

O, bildirib: “Biz NATO üzvü olan ölkələrin suverenliyini və ərazi bütövlüyünü qorumaq istiqamətində addımlarımızı davam etdiririk və qarşıdakı prosesləri diqqətlə izləyəcəyik.”

Baş verən insident beynəlxalq birliyin Ukraynaya dəstəyini də bir daha gündəmə gətirib. Məncə, bu hadisə ənənəvi müttəfiqlərin sırasının bir qədər də genişlənməsinə səbəb ola bilər. Söhbət təkcə siyasi deyil, həm də hərbi və maliyyə dəstəyindən gedir. Çünki uzun müddətdir səsləndirilən “Ukrayna Qərbin Rusiyayla müdafiə xəttidir, ön cəbhəsidir” fikrini dünənki hadisələr bir daha təsdiq edib. Əgər müharibə Ukraynanın sərhədlərindən kənara çıxarsa, onun coğrafiyası genişlənərsə, bu, ilk növbədə digər Avropa ölkələrinin, xüsusilə də Şərqi Avropa dövlətlərinin ərazilərinə sıçrayacaq. Bunun qarşısını almaq üçün həmin ölkələrin birbaşa Ukraynaya dəstəyini görəcəyimiz şübhəsizdir.

Eyni zamanda, baş verən insident kollektiv Qərbin Rusiyaya qarşı sanksiyalarını daha da artıracaq. Bu, həm sanksiyaların istiqamətlərinin genişləndirilməsi, həm də dolayı təzyiq vasitələrinin işə salınması ilə müşahidə ediləcək. Çünki müharibənin uzunmüddətli gedişində, sülh danışıqlarının aparıldığı bir vaxtda münaqişənin coğrafiyasını genişləndirməyə yönələn bu addımlar Qərbi daha təsirli tədbirlər görməyə məcbur edəcək. Bu isə Rusiyanın əlavə problemlərlə üzləşməsi, xüsusilə də sanksiyaların həm genişlənməsi, həm də intensivlik baxımından artması ilə nəticələnəcək”.

Şehrin Musayeva

Şərh yaz