9 fevral seçki məzhəkəsi: Reallıq və nəticələr

44 günlük Vətən savaşında qazandığımız zəfərlər – Cəbrayılın, Füzulinin, Zəngilan və Qubadlının azad edilməsi sevincini yaşamaq, üstəlik 28 illik həsrətdən sonra Şuşada Azərbaycan bayrağının dalğalanması 2020-ci ilin rəngini dəyişməsəydi, bizim üçün ötən il, həm fevralda yaşadığımız seçki məzhəkəsi, həm ağır pandemiya şərtləri, həm də hakimiyyətin istər karantin dönəmində əhaliyə qarşı sərgilədiyi qeyri-adekvat siyasətə görə, istərsə də 14 iyul Qarabağ mitinqinə münasibətinə görə olduqca çətin və arzuolunmaz hesab edilə bilərdi. Hər halda 3000-ə yaxın qəhrəman şəhidimizin və yüzlərlə qazimizin qanları hesabına ötən 2020-ci il çağdaş tariximizdə müsbət yönləri ilə yadda qalmağı bacardı. Amma hakimiyyətin ötən 9 fevralda növbəti dəfə səhnələşdirdiyi seçki şousu haqda yazmağı həm ildönümü olduğu üçün yaddaşlarda canlandırmaq, həm də həmin seçki ilə bağlı çıxarılan nəticələr baxımından vacib bildim.

Öncə seçki xüsusunda reallıqlarımıza nəzərə salaq. Ölkəmizdə son onilliyin seçki palitrası belədir ki, seçki instututları, siyasi institutlar kimi məhv edilib, mövcud seçki qanunvericiliyi daha da mürtəceləşdirilib. Hakimiyyət demokratik azad seçki keçirmək əvəzinə seçki imitasiyası ilə məşğuldur. Seçki komissiyaları formal, həm də real müxalifətin iştirakı olmadan təşkil edilir. Seçkidən seçkiyə təbliğat və təşviqat imkanları məhdudlaşdırılır. Seçkiyə qatılanlara qarşı təzyiqlər də öz yerində. Mövcud hakimiyyət üçün nə seçki öncəsi, nə də seçkidən sonra sivil dünyanın demokratik seçki qurumlarının xəbərdarlıqları və hesabatları da artıq heç bir önəm daşımır. Elə seçki anlayışı kimi.

Bu tendensiya istər prezident, istər Milli Məclis, istərsə də bələdiyyə seçkilərində mövcud iqtidar üçün dəyişməz qaydadır. Son seçkilərdə bir daha bu mənzərəyə şahid olduq.

Ölkəmizdə ən son seçkilər tam bir il öncə məhz 9 fevraldakı parlament seçkiləridir.

Hakimiyyətdəki “baş seçki texnoloqu” Ramiz Mehdiyevin, uzun illər ölkənin ictimai-siyasi qurumlarına və mediaya qənim kəsilən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra azad seçkinin keçirilməsi illüziyasına inanıb seçkiyə qatılan yüzlərlə ümidli namizədin növbəti dəfə Azərbaycanımızda demokratiya və azad seçki ümidsizliyi yaşadığı seçki.

9 fevral seçkiləri haqda Azərbaycanda seçki institutunun dəfn edildiyi gün ifadəsi də işlədilir. Bəli, həmin gün minlərlə seçicinin haqqı tapdandı, yüzlərlə seçki görəvlisi şərəf imtahanından kəsildi, saxtakarlıq etdi, dövlət başçısı və digər rəsmilər seçki ilə bağlı açıq aşkar yalan deməkdən çəkinmədilər. Beləliklə, növbəti dəfə Azərbaycan seçicisinin səsi oğurlandı. Əlbəttə bir neçə seçki dairəsi istisna olmaqla, Azərbaycan seçicisinin inamla sandıq başına getdiyini də demək çətindir.

Elə həmin seçki dairələrindən biri, yəqin elə birincisi də demək olar, Xətai 35 saylı Üçüncü Seçki Dairəsi idi. Bu dairədə deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin mütləq qələbəsi isə seçki öncəsi bütün ölkəyə məlum idi və sonuc da məhz elə oldu. Yəni söhbət normal şərtlərdə keçirilən seçkinin mümkünlüyü halında qazanılan uğurdan gedir, nəinki, hökumətin siyahısı ilə təyin edilən mandat sahibliyindən.

9 fevral və o tarixə qədər 35 saylı Xətai Üçüncü Seçki Dairəsində İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi kimi seçki prosesindəki bəzi müşahidələrimi sizinlə bölüşməkdə fayda olduğu düşüncəsindəyəm. Ən azından bu təcrübə ölkəmizdə azad seçki keçirilərsə, uğurlu bir nümunə və “seçki presedenti” sayıla bilər. Namizədin özəl keyfiyyətləri ilə yanaşı insan qüvvəsi və münasib büdcə seçki üçün önəmldir. Məsələn 35-ci dairədən 3 dəfə deputat mandatı alan İqbal Ağazadə seçicilərin məhəllə-məhəllə problemlərini bilirdi. 2015-ci ildə həmin dairədən Araz Əlizadənin təyinat alması belə seçici ilə İqbal Ağazadə arasında fasilə yarada bilməmişdi. Amma bütün bunlara baxmayaraq, 2 aylıq seçki marafonunda Seçki Qərargahının 500-dək üzvü yenə qapı-qapı seçicilərlə görüşdü və qeydlərini apardı.

Namizəd həmin məntəqəyə görüşə gedən zaman yaranan izdiham isə seçicinin ona qarşı göstərilən diqqətə adekvat cavabı idi. Eyni mənzərəni seçki qərargahında da müşahidə etmək olurdu. Həqiqətən seçici dar günündə yanında ola biləcək vəkilini istəyir və seçki günü havanın qarlı-çovğunlu olmasına baxmayaraq, 7000-dən artıq seçicinin İqbal Ağazadəyə səs verməsi bu reallığın bariz göstəricisi idi.

Hakimiyyətin birbaşa dəstəklədiyi namizədin səsinin 1000-i aşmaması isə yenə seçicinin real iradəsinin ifadəsi kimi dəyərləndirilə bilər. Seçki günü məntəqələrdə yaradılan maneələrə rəğmən ən yüksək səviyyədə, videoçəkilişlərlə müşahidələrin aparılması 35-ci dairənin seçki sonucları ilə bağlı Mərkəzi Seçki Komissiyasının açıqladığı saxta rəyi alt üst edən amillərdən sayılmalıdır.

Seçki prosesində saxtakarlıqların qarşısını almağa müyəssər olmayan hakimiyyət mənsubları seçki sənədlərini oğurlamaqla və saxta nəticələr elan etməklə vəziyyətdən çıxmağa çalışsalar da, nəhayətdə seçki adına yaşanan bu rəzalət sonucsuz qaldı. Çünki bütün məntəqələr üzrə sonucları əks etdirən videogörüntülər mövcud idi və həmin nəticələr seçki günü 14 saatdan artıq bəndənizin təqdimatında yayımlanan canlı yayımla izləyicilərə çatdırılmışdı.

Qeyd edim ki, bu şəkildə FB üzərindən canlı yayım çağdaş Azərbaycanın seçki tarixində bir ilk idi və düşünürəm ki, olduqca təsirli effekt verdi. Bir sözlə, MSK-nın açıqladığı saxta sonucun ləğv edilməsində yuxarıda sadaladığım faktorlar həlledici olmuşdu, yəni əslində hakimiyyət fakt qarşısında qalaraq seçilmədən qalib elan etdiyi namizədlə bağlı reallığı qəbul etməyə məcbur olmuşdu. O hakimiyyət ki, onun üçün seçki institutu önəm daşımasa da, ən azı özünün bu qədər aşkar şəkildə ifşa olunmasına razı olmadı.

Nəhayət bu gün, tam bir il sonra 35-ci dairədəki seçki prosesinə yenidən nəzər salanda istər-istəməz belə bir nəticəyə çatmaq olur: ölkəmizdə normal seçki mühiti yaradılarsa, müraciət oluna biləcək və qələbəni təmin edəcək real nümunə-presedent mövcuddur.

Seçicinin iradəsini və rəqibin üzərində əzici üstünlüklə zəfəri təmin edən demokratik mübarizə nümunəsi – məhz Ümid Partiyasının 35 saylı Xətai Üçüncü Seçki Dairəsində gerçəkləşdirdiyi uğur hekayəsi…

Rufat Muradli

Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini

Şərh yaz