Sanki icra orqanları parlamenti idarə edirlər – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə fevralın 16-da Reaksiya TV-nin canlı efirində regionda və ölkədə baş verən ictimai-siyasi proseslər, son qalmaqallı həbslər, işğaldan azad olunmuş ərazilərdəki son durum, ölkə daxilindəki problemlər, problemlərdən çıxış yolları ilə bağlı verilişin aparıcısı Zaur Qəriboğlunun suallarını cavablandırıb.

Son qalmaqallı həbslərlə bağlı sualı cavablandırarkən İqbal Ağazadə deyib ki, mən ümumiyyətlə heç bir insanın qanunsuz əməllər etməsinin, həbs olunmasının tərəfdarı deyiləm. Lakin qanunları pozan varsa, hökmən cəza almalıdır. Çünki cinayət törədilən yerdə cəza olmayanda özbaşınalıq və xaus olur. Biz də bunun nəticəsində xalq olaraq da , cəmiyyət olaraq da əziyyət çəkirik. İndiki məqamda məsələlərə bir az fərqli yanaşmanın tərəfdarıyam. Əvvəla, biz uzun illərdir Azərbaycan hökümətinə təklif edirik ki, cəmiyyətdə korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün sistemi dəyişsin. Sistemin daha çox nəzarət mexanizmini gücləndirsin. Nəzarət mexanizmin gücləndirərək bu qədər rüşvət və korrupsiyanın olmasına, sonradan kimlərinsə bu qədər təmtəraqla həbs olunmasına və yaxud səsli-küylü azadlıqdan məhrum etmə cəzalarına layiq görməsin. Bunun üçün nə etmək lazımdır? Mən dəfələrlə əvvəlki çıxışlarımda da demişəm. Parlamentdə olan vaxt da, parlamentdən kənarda da. Korrupsiyaya qarşı Mübarizə Şurasına müxalifətdən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət bir qrup əlavə olunsun və onlar aylıq hesabat versinlər. Cəmiyyət qarşısında hardan şikayətlər daxil olur, harda daha çox korrupsiya mənbələri var, nəticələr necə oldu, hansı qənaətlərə gəldilər və hansı hüquqi addımlar atıldı. Çox təəssüflər olsun ki, korrupsiyaya qarşı mübarizə var. lakin İctimai Nəzarət Şurası kimi onun hesabatı yoxdur. Onun hesabatı cəmiyyətə verilmir və orda olan adamların əksəriyyəti də elə sonradan korrupsiyada ittiham olunan qurumlar və ya digər şəkildə başında dayananlardı. Ona rəhbərlik edənlərdi. Korrupsiya və rüşvətxorluqla mübarizə üçün hakimiyyət əvvəlcə burdan başlamalı idi. Əgər burdan başlamadısa, indi və zaman keçəndən, yaxud da vəzifədən azad ediləndən sonra korrupsiya və rüşvətxorluqla məmur həbs edilirsə, birinci növbədə dövlətə dəyən ziyanın miqdarı hesablanmalıdır.

Partiya sədri daha sonra əlavə edib ki, doğru-dürüst kimsə zamanında rüşvət alıbsa, kimsə zamanında korrupsiyayla məşğul olubsa, hökmən korrupsiyanın miqyası və miqdarı müəyyən olunub cəmiyyətə elan olunmalıdır. Xalqın vəsaiti kimi büdcəyə geri verilməsi üçün görüləcək tədbirlər doğru-dürüst müəyyənləşməlidir. Hər şey şəffaf olmalıdır. Nə qədərinin büdcəyə qaytarıldığı bilinməlidir. İndiyə qədər korrupsiya və rüşvətxorluqda ittiham olunan kifayət qədər adamlar olub. Onlara həbsqətimkan tədbirləri seçilib. Böyük bir qisminin üzərində də məhkəmə prosesi həyata keçirilib, onlar məhkumluq həyatı yaşayıb. Hətta kifayət qədər həbsdən azad olunanlar da var. Artıq bir neçə aydan, bir neçə ildən və yaxud bəlli bir zamandan sonra sual olunur, həbs olunan məmurların vurduğu ziyan miqyası nə qədərdir və bunun müqabilində büdcəyə nə ödənilib?

Partiya sədri ölkə problemlərindən çıxış yolu ilə bağlı bildirib ki, hesab edirəm ki, hakimiyyət idarəetmə sistemini bütövlükdə dəyişə bilmir, yalnız kadrları dəyişir. Kadrları dəyişməklə də çox şeyə nail olmaq olmur. Kadrlar yeni gəldiyi ilk dönəmdə özünü yaxşı göstərir, lakin sonrakı müddətdə sistem onu öz ağuşuna alır, sistem artıq onu idarə etməyə başlıyır. Yerlərdə artıq kadrlar idarə edə bilmir, sistem sistem onu idarə edir. Nəticədə nə olur? Eyni proses davam edir. Ona görə də biz hakimiyyətin dəyişməsi ugruna müxalifət olaraq mübarizə aparırıq. Dövlət üçün, yaxşı cəmiyyət üçün, cəmiyyətin qazanması üçün təklif veririrk. Gördünüz? Bu qədər təkliflər saydım ardıcıllıqla. Nə etmək mümkündür, necə etmək mümkündür. Nəzərə alsınlar, bu istiqamətdə ən azı cəmiyyətimizin gələcək qazancları üçün bunu etmək lazımdır.

İqbal Ağazadə xüsusi olaraq qeyd edib ki, mütləq demokratik seçki keçirilməlidir. Mütləq parlament elə səviyyəyə çatırılmalıdır ki, o parlament məmurun, oliqarxın hüquqlarını qoruyan parlamentdən daha çox cəmiyyətin, dövlətin, xalqın maraqlarını qoruyan parlamenə çevrilsin. Xalq kimə səs verirəcəksə, o olmalıdır. Parlamentdə oturanlar elə bilirsiniz ki, ölkədə baş verənlərin heç birini görmürlər? Elə bilirsiniz ki, onlar düşünmürlər bu qanunsuzdur, bu cinayətdir, bunu etmək olmaz? Yox, hamısını görürlər. Fərq bircə şeydədir – onların gördüklərinin hamısı onları təyin edən hakimiyyət tərəfindən həyata keçirilir. Ona görə də onlar təyin edənə xidmət edirlər. Əgər onları xalq seçsəydi, xalqa xidmət edərdilər. Parlamendə oturanlar deyir məni bura xalq seçməyib. O özü də bilir ki, onu xalq seçməyib. Özləri də bilir ki, xalqın seçiminə qalsaydılar, onlara 5 səs belə verməzdilər, o adamlar beş səs də almayıblar. Buraxın, onların birini demokratik seçkiyə. Özləri də səs versin. Qutudan onlara çıxan tək səs özlərinki olacaq. Təəssüflər olsun ki, böyük əksəriyyəti belədir. Heç vaxt mütləq şəkildə 100%-lik nəsə yoxdur. Olmaz, bu şəkildə. Biz bilirik, tanıyırıq adamları. Onların içərisində səmimi biri var idi. Xalq seçki dönəmindən sonra zəng edib soruşub ki, bəs deputatsınız, bizim bu problemlərimiz var. Deyib ki, “məni siz secməmisiniz, mənə səs verməmisiniz, mənim öz işlərim var. Mən niyə sizin işlərinizlə məşğul olmalıyam?” Bəli, bu Araz Əlizadə idi, Gəncə prospektinin sakinlərinə demişdi bu sözləri. Ən azı bu, səmimi etirafdır. Ən azı bilirdi ki, ona səs verməyiblər.

İqbal Ağazadə bildirib ki, hökümət üzərində, icraedici orqan üzərində parlament nəzarəti olmalıdır. Parlamentin nəzarət funksiyasını ciddi cəhdlə həyata keçirmək lazımdır. Parlamentin özü haqqında ciddi islahatlar aparmaq lazımdır. Parlamendə yeni dönəmdə daxili nizamlanma qəbul ediblər.Təsəvvür edin, qırx minlik bir seçicinin rəyini alıb, – fərqi yoxdu alıb, ya təyin olunub, – amma Konstitusiya Məhkəməsi təsdiq edib. Orda oturan bir deputatı, məsələn, Xətai rayonunun deputatının mandatını Şamaxanın, Ağsunun, Yevlaxın deputatı İntizam Komissiyasında əlindən alır. İntizam Komissiyası müəyyən edir ki, bu etik normaları “pozub”. Etik normaları pozma iki şəraitdə var. Bir “İnzibati Xətalar” Məcəlləsinin tələblərinə görə, bir də əmək müqaviləsinə görə. Deputat nə Əmək Müqaviləsinə görə orda oturmur ki, etik normaları pozmuş olsun, nə də deputat haqqında İnzibati Xətalar Məcəlləsinin tələblərini yerinə yetirə bilməz. Amma etik normalar haqqında qanun qəbul edirlər. Etik normalarına uygun deputatın mandatının əlindən alınması İntizam Kommissiyasına göndərilir. Xalqın seçdiyi bir adamı parlamentin özünün seçdiyi beş adam Mərkəzi Seçki Komissiyasında mandatını əlindən alır. Deputata bu olanda, orda digər deputat susacaq. Yəni, belə olmaz. Bəs onda xalq niyə səs verir? O zaman təyin edin, kimsə də xoşunuza gəlmədi, mandatını alın əlindən. Bu cür deputat olanda, parlament də bu cür olanda, onda deputat susacaq. Deputat qorxusundan danışmayacaq, çünki hökümətin əyər-əskiyini deyəndə onun haqqında bir provokativ addım olacaq. O provokativ addımdan sonra adamın mandatı əlindən alınacaq. Sadəcə birində. Görsələr heç kim buna tabe olmaq istəmir, birinin mandatını alacaqlar, digərləri də gözü çıxmış qardaşına baxıb da sükut edəcək. Bu şəkildə parlament formalaşanda və ümumiyyətlə parlamentin funksiyasını belə müəyyən edəndə vəziyyət çox çətin olur. Hər şey ordan başlayır və hesab edirəm ki, Azərbaycanda pıarlamentarizm ənənəsini fərqli qaydada, qanunlar bazasıyla fərqli yerə çıxartmaq lazımdır.

Verilişin gedişatında partiya sədri deyib ki, çox təəssüf bu gün icra orqanlarının parlament üzərində nəzarəti var. İcra orqanları sanki parlamenti idarə edirlər. Parlamentdə icra strukturlarının nümayəndələri, nazirlər, komitə sədrləri və s. səlahiyyətli dövlət nümayəndələri gələndə parlamentdəki deputatlar qarşısında ikiqat qalır. Biz bunun illərdir şahidi olmuşuq. Bu şəkildə olmaz, əksinə icra strukturu bilməlidir ki, ondan hesabat istəyən orqan o parlamentdir. Ona görə də mütləq demokratik seçki lazımdır. Demokratik seçkinin olmaması, parlametin tərkibində danışa bilən insanların olmaması, rüşvət və korrupsiyanın mənbəyidir. Çünki cəzasızlıq növbəti cinayətin yaranması üçün stimul verir, növbəti cinayətin tüğyan etməsi üçün imkan yaradır. Bu şəraitin hamısı ordan yaradılır. Rayondan seçilən deputat icra başçısının qabağında dik durur. Bilirsinizmi niyə? Ona görə ki, onu o xalq yox, o icra başçısı qanunsuzluqla seçib. O da məsuliyyətini bilir, bilir ki, onun ora təyin olmasında hansı rol oynayub, protokolları necə dəyişib, məntəqə səsini necə dəyişib, dairənin səsini necə dəyişib, inzibati resurslardan onun xeyrinə necə isifadə edib, hansı tapşırıqlar verib. Bax, buna görə vəziyyət bu yerə gəlib çıxıb. Azərbaycanın tək nicatı demokratikləşmədir.

 

Verilişi oxuculara təqdim edirik:

 

 

Şərh yaz