Bərdədə sosial vəziyyətin ağırlığı hər ailədə hiss edilir – Natiq Səfərov

Ümid Partiyası Bərdə Rayon Şöbəsinin sədri Natiq Səfərov Umidparty.org saytının müsahibidir. 

Natiq bəy, bu gün nəinki ölkəmizdə, hətta dünyada belə gündəm olan mövzu pandemiyadır. Bərdədə vəziyyət necədir? 

Pandemiyanın yaratdığı fəsadlar yəqin ki, uzun müddət cəmiyyət üçün qalıcı olacaq. Bərdədə də ötən müddətdə bu istiqamətdə ciddi problemlər oldu. İstər insanların sağlamlıq baxımından problemləri, istər sosial vəziyyət, istərsə də aidiyyatı strukturların yazdıqları cərimə. Nəzərinizə çatdırım ki, sonuncu məsələ Bərdə rayonunda az qala kütləvi xarakter daşıdı. Bu, ciddi narahatçılıqlar yaratdı. Sosial vəziyyətin ağırlığı isə hər ailədə qabarıq formada hiss edilir. Mən bunu əhali ilə şəxsi münasibətlərim kontekstində aydın görürəm.

Bütün baş verən problemlər kontekstində Azərbaycan əsgəri uğurlu bir döyüş yolu keçdi. Artıq bu gün Qarabağın böyük bir hissəsi azaddır.  

Vətən Müharibəsində rayonumuzun ərazisində 77 şəhid dəfn olundu, Bərdə onlarla şəhid verdi.

Bundan başqa erməni faşizminin mülki vətəndaşa yönəlik iki dəfə raket atəşi nəticəsində 29 sakinimiz də şəhidlik məqamına ucaldı. Ümumiyyətlə Bərdə rayonu Vətən müharibəsi dönəmində ciddi itkilərə və dağıntılara məruz qaldı. Bütün bunların kontekstində ərazilərimizin böyük bir hissəsinin işğaldan azad edilməsi qürurverici haldır. Həmin dövrlər mənə Böyük Vətən Müharibəsi ilə bağlı oxuduqlarımızı və filmlərdən izlədiyimiz situasiyanı xatırlatdı. Hər kəs imkanı çatan formada cəbhə üçün çalışdı. Məhz qələbəmizdə birliyimizin, bərabərliyimizin nəticəsində mümkün oldu.

Tarix yazan qazilərimizlə partiya rəhbəri kimi görüşləriniz olubmu? Umumiyyətlə, onlarla bağlı rayonda vəziyyət necədir? 

Vətən Müharibəsində onlarla igidimiz yaralandı. Onlar bu gün də tibb müəssisələrində və ya evlərində müalicələrini davam etdirirlər. Onu da qeyd edim ki, pandemiya şərtlərinin imkan verdiyi şəkildə istər şəhid ailələri ilə, istərsə də qazilərimizlə görüşlərimiz olub və bu gün də davam etməkdədir. Şəhidlərimizin dəfnində partiya fəalları ilə iştirak etdik. Bu bizim vətəndaş və vəfa borcumuzdur. Partiya üzvlərimizdən bir qrupu daxil olmaqla, o cümlədən mənim övladım da həmin vaxt döyüşdü. 

Natiq bəy, partiya quruculuğu hansı səviyyədədir?

Son günlər virusa yoluxma sayı azaldığı üçün insanlar mərhələlərlə pandemiyadan əvvəlki dövrə qayıtmağa cəhd edirlər. Yuxarıda qeyd etdiyim kimi ötən müddət hər kəs kimi Bərdə əhalisi üçün də çətin olsa da, normal həyatın tam bərpasına inanırıq. Ötən dövr ərzində üzvlərimizlə, aktivlərimizlə mövcud qaydalara uyğun formada, mümkün olan variantlardan istifadə edərək görüşlərimiz olub. Partiya olaraq, əsas fəaliyyətimiz təşkilatlanmaqdır. Pandemiyadan dolayı partiyanın Bərdə rayon şöbəsinə üzvlərin qəbulunda qısa müddət üçün durğunluq oldu. Lakin həmin vaxtı kompensasiya etmək üçün bu gün var qüvvəmizlə çalışırıq. Partiyamızın sədri İqbal bəyin müsahibələrində xalqın arzu və istəklərinin ifadə edilməsi onu xalqa daha çox sevdirib. Bu məsələ də bizə təşkilatlanmağımızda ciddi kömək edir.  

QEYD: Səfərov Natiq Musa oğlu 1961-ci ildə Ağdam rayon Nəmirli kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun “Mexanika” fakültəsini bitirib. 

2003-cü ildən Ümid Partiyasının üzvüdür. 

Ümid Partiyası Ali Məclisinin üzvü, Bərdə Rayon Şöbəsinin sədridir.

Şərh yaz