27 sentyabr Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə bağlı Azərbaycan Ümid Partiyasının
BƏYANATI
27 sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi olan, xalqımızın əzmini, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdiyi gündür.
2020-ci ilin məhz 27 sentyabrında Vətən torpaqlarının işğaldan azad olunması uğrunda başlanan 44 günlük müharibədə minlərlə qəhrəman övladımız şəhidlik zirvəsinə ucaldı, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda canlarından keçdi.
Azərbaycan Ümid Partiyası olaraq, bu müqəddəs gündə xalqımızın şəhid övladlarını dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik.
Şəhidlərimizin qanı ilə yazılmış bu ZƏFƏR yalnız hərbi qələbə deyil, həm də milli ruhun, xalqın birliyinin və azadlıq əzminin təntənəsidir.
44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının dövlət müstəqilliyinə, milli kimliyinə və suverenliyinə sarsılmaz sədaqətinin parlaq təzahürüdür.
Həmin günlərdə xalq – iqtidar – müxalifət ayrımı olmadan hamı bir yumruq kimi birləşdi, Azərbaycan dövlətinin arxasında durdu və haqqın, ədalətin təntənəsinə nail oldu.
27 sentyabr Anım Günü bizim üçün yalnız matəm deyil, həm də milli qürurun, birliyin və mübarizə ruhunun təcəssümüdür.
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party hesab edir ki, şəhidlərimizin canı bahasına qazanılan bu tarixi qələbə unudulmamalı, gələcək nəsillərə həm bir qürur mənbəyi, həm də məsuliyyət dərsi kimi ötürülməlidir.
Hər bir vətəndaş azad və güclü Azərbaycanın quruculuğunda fəal iştirak etməli, dövlətimizin ərazi bütövlüyünü və milli maraqlarını daim qorumağa hazır olmalıdır.
Şərh yaz




