1945-ci ilin qaydaları ilə yeni dünya nizamı: BMT hansı dəyişikliklərə hazırdır? – ANAR İSAYEV şərh edir

BMT-də islahatların aparılması ilə bağlı Rusiya, Çin və ABŞ-ın mövqelərinin gündəmə gəlməsi beynəlxalq idarəçilik sisteminin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və qlobal qərarların qəbulunda yeni güc mərkəzlərinin təmsil olunması məsələsi böyük dövlətlərin geosiyasi maraqları fonunda xüsusi əhəmiyyət daşıyır.
BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və yeni dövlətlərin daimi üzv statusu qazanması beynəlxalq güc balansına necə təsir edə bilər? Bu proses böyük dövlətlərin mövcud siyasi təsir imkanlarını məhdudlaşdıra bilərmi?
Rusiya, Çin və ABŞ-ın BMT islahatlarını dəstəkləməsi nə dərəcədə ortaq maraqlara əsaslanır? Bu təşəbbüslər həqiqətən çoxtərəfli beynəlxalq idarəçiliyin gücləndirilməsinə, yoxsa böyük dövlətlərin təşkilat daxilində təsir imkanlarının yenidən bölüşdürülməsinə xidmət edir?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, BMT-də islahatlar beynəlxalq güc balansının dəyişməsinin qaçılmaz nəticəsidir. Lakin əsas məsələ Təhlükəsizlik Şurasının genişləndirilməsi deyil, dünya siyasətində qərarların kimlər tərəfindən və hansı prinsiplərlə qəbul edilməsidir.
Anar İsayev hesab edir ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması artıq beynəlxalq münasibətlərin obyektiv zərurətinə çevrilib. Çünki 1945-ci ildə İkinci Dünya müharibəsinin nəticələri əsasında formalaşdırılmış beynəlxalq idarəçilik sistemi bugünkü geosiyasi reallıqları tam əks etdirmir: “O dövrdə mövcud olan güc bölgüsü ilə indiki dünya nizamı arasında ciddi fərqlər yaranıb. Xüsusilə Asiyanın iqtisadi və siyasi çəkisinin artması, Hindistanın yüksələn beynəlxalq rolu, Afrikanın və Latın Amerikasının qlobal proseslərdə daha fəal təmsil olunmaq istəyi BMT-də təmsilçilik məsələsini aktuallaşdırır”.
Müsahibimizin fikrincə, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi, Hindistan, Braziliya, Yaponiya, Almaniya və Afrika ölkələrinin daimi üzvlük imkanlarının müzakirəsi beynəlxalq güc balansında müəyyən dəyişikliklər yarada bilər. Bu, qərarların qəbulunda daha geniş coğrafiyanın və fərqli siyasi maraqların nəzərə alınmasına şərait yaradar. Eyni zamanda, yeni daimi üzvlərin meydana çıxması hazırkı beş daimi üzvün – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın institusional üstünlüyünü nisbi şəkildə azalda bilər.
“Ancaq burada mühüm bir məqam var: yeni üzvlərin əlavə edilməsi mövcud böyük dövlətlərin təsir imkanlarını avtomatik olaraq aradan qaldırmayacaq. Xüsusilə veto hüququ saxlanılarsa, beynəlxalq qərarların qəbulunda indiki güc mexanizmləri də böyük ölçüdə qorunacaq. Deməli, real islahat yalnız üzvlərin sayının artırılması ilə deyil, veto hüququnun tətbiqi və qərar qəbuletmə mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi ilə mümkündür.
Rusiya, Çin və ABŞ-ın BMT-də islahatların zəruriliyini qəbul etməsi onların bu məsələdə eyni mövqedən çıxış etdikləri anlamına gəlmir. Əksinə, hər üç dövlət islahatları özünün geosiyasi maraqları və beynəlxalq təsir imkanları prizmasından qiymətləndirir”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ üçün əsas məsələlərdən biri beynəlxalq idarəçilik sistemində müttəfiqlərinin və tərəfdaşlarının təmsilçiliyini genişləndirməkdir. Vaşinqton xüsusilə Hindistan, Yaponiya, Almaniya və Braziliya kimi dövlətlərin Təhlükəsizlik Şurasında daha böyük rol oynamasını dəstəkləyən mövqelər nümayiş etdirib. Bununla yanaşı, Afrikanın daimi üzvlərlə təmsil olunması ideyasına da dəstək verib.
Çin isə özünü inkişaf etməkdə olan ölkələrin və xüsusilə Qlobal Cənubun maraqlarının müdafiəçisi kimi təqdim etməyə çalışır. Pekin Afrikanın təmsilçiliyinin artırılmasını dəstəkləyir. Lakin burada onun öz geosiyasi hesablamaları da var: “Çin istəmir ki, islahatlar nəticəsində Asiyada onunla rəqabət aparan dövlətlər, xüsusilə Yaponiya və Hindistan, beynəlxalq siyasi çəkilərini kəskin şəkildə artırsınlar.
Rusiyanın mövqeyi də maraqlıdır. Moskva BMT-nin mövcud sisteminin dəyişdirilməsinin tərəfdarı kimi çıxış etsə də, onun əsas prioriteti özünün böyük dövlət statusunu və Təhlükəsizlik Şurasındakı veto hüququnu qorumaqdır. Rusiya Afrika, Asiya və Latın Amerikası ölkələrinin təmsilçiliyinin genişləndirilməsini dəstəkləməklə Qərbin beynəlxalq institutlardakı üstünlüyünü balanslaşdırmağa çalışır”.
Anar İsayev hesab edir ki, beləliklə, bu üç dövlətin mövqelərində müəyyən ortaq məqamlar olsa da, onların vahid islahat strategiyasından danışmaq düzgün olmazdı. Hər biri daha çox öz maraqlarına uyğun beynəlxalq idarəçilik modeli formalaşdırmağa çalışır.
İslahatlar BMT-ni daha effektiv edə biləcəkmi?
Anar İsayev deyir ki, burada əsas ziddiyyət ondan ibarətdir ki, BMT-nin nüfuzunun və effektivliyinin artırılması üçün islahatlara ehtiyac var, lakin həmin islahatları həyata keçirmək üçün hazırkı güc mərkəzlərinin razılığı tələb olunur.
BMT Nizamnaməsinə əsasən, Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsi üçün Nizamnaməyə dəyişiklik edilməli, bu dəyişiklik BMT Baş Assambleyasında üzv dövlətlərin üçdə ikisi tərəfindən qəbul edilməli və Təhlükəsizlik Şurasının bütün daimi üzvləri də daxil olmaqla, üzv dövlətlərin üçdə ikisi tərəfindən ratifikasiya olunmalıdır.
Bu isə o deməkdir ki, mövcud veto hüququna malik dövlətlər öz institusional üstünlüklərini zəiflədə biləcək dəyişikliklərin qarşısını almaq imkanına sahibdirlər.
Digər tərəfdən, daimi üzvlərin sayının artırılması özlüyündə BMT-nin qərar qəbuletmə qabiliyyətini gücləndirməyə də bilər. Əgər yeni üzvlər arasında da ciddi geosiyasi ziddiyyətlər mövcud olarsa, təşkilatda konsensus əldə etmək daha da çətinləşə bilər.
Ona görə də islahatların əsas məqsədi sadəcə daha çox dövlətə daimi üzvlük vermək deyil, beynəlxalq təhlükəsizlik məsələlərində daha ədalətli, təmsilçi və işlək qərar mexanizmi yaratmaq olmalıdır.
Siyasətçi hesab edir ki, BMT-də islahatlar beynəlxalq münasibətlər sisteminin yenilənməsi üçün zəruridir. Lakin bu prosesin arxasında yalnız çoxtərəfli idarəçiliyin gücləndirilməsi niyyəti dayanmır. Eyni zamanda, böyük dövlətlər arasında qlobal təsir imkanlarının yenidən bölüşdürülməsi uğrunda mübarizə gedir: “Əslində, bugünkü müzakirələr bir həqiqəti ortaya qoyur: dünya artıq 1945-ci ilin siyasi reallıqları ilə idarə oluna bilməz. Ancaq yeni dünya nizamı da yalnız güclü dövlətlərin razılaşması əsasında qurulmamalıdır.
BMT-nin gələcəyi onun Təhlükəsizlik Şurasına neçə dövlətin daxil edilməsindən daha çox, beynəlxalq hüququn bütün dövlətlərə eyni prinsiplərlə tətbiq olunmasından asılıdır. Əgər veto hüququ siyasi maraqların müdafiə aləti olaraq qalacaqsa, yeni üzvlərin əlavə edilməsi belə təşkilatın fundamental problemlərini həll etməyəcək”.
Anar İsayevin fikrincə, bu baxımdan, BMT islahatı, sadəcə, institusional dəyişiklik deyil, beynəlxalq münasibətlərdə gücün, məsuliyyətin və ədalətin yenidən müəyyənləşdirilməsi məsələsidir.
Şərh yaz