18 yaşlı körpənin ön cəbhədə nə işi var? – İQBAL AĞAZADƏ

Xural TV-nin “Siyasət meydanı” verilişində Ümid Partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan sərhədlərində baş verən döyüşlərlə bağlı fikir mübadiləsi aparılıb.

umidparty.org xəbər verir ki, İqbal Ağazadə aparıcı Əvəz Zeynallı ilə müzakirədə bildirib ki, hərbi sahədə kadr bazasından tutmuş peşəkarlığa və hərbi çağırış yaşındakı insanların seçiminin düzgün edilməsinə qədər Azərbaycanın edə biləcəyi çoxsaylı işlər var. Mən dəfələrlə bu məsələni hökumət, səlahiyyətli qurumlar qarşısında qaldırmışam. On səkkiz yaşındakı gəncləri hərbi xidmətə çağırmağın bugünkü şəraitdə effekti yoxdur. Daha çox iyirmi üç yaşından başlanılmalı, otuz beş yaşınadək çağırılmalıdır. Hətta hərbi xidmətə çağırış belə iyirmi üç yaşından olmalıdır. Bu insan heç olmasa müstəqil həyata atılsın, qorxuları canından çıxsın, öz ayaqları üstündə addımlaya bilsin.

Partiya sədri əlavə edib ki, on səkkiz yaşındakı övladlar yanımızda olanda gecə üstünü örtməkdən tutmuş qarşısına yemək qoymağa qədər hər şeyi valideyn edir. Dövr gəlib ora çatıb ki, biz bir az başqa cür tərbiyə edirik uşaqlarımızı. Bunu 18 yaşında göndəririk hərbi hissəyə, bu adam gedib bir kor güllənin qurbanı olur. Psixoloji cəhətdən də hazır olmur. Əgər səfərbərlik elan olunacaqsa, artıq qırx beş yaşına qədər kim varsa, əlli beşə qədər isə könüllü olanların hər biri xidmətə çağırılmalıdır.

Ölkəmizi riskli zonadan çıxarmağın şərtləri var. Ola bilər ki, bu gün dövlətimizi, vətəndaşlarımızı o zonadan çıxarmaq üçün əlli min itki vermək lazım olar. Qorxmaq lazım deyil! Məgər, indiyə qədər üst-üstə verdiyimiz itkilər azdırmı? Torpaq itkisi bir tərəfə, insan itkisindən danışırıq. Biz nəhayətdə bircə dəfə bu problemi həll edib gələcək nəslin, Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etməliyik. Bilməliyik ki, biz bu problemi kəsdik. Böyük itki verdik, az itki verdik, çox itki verdik ki, mən də çox itki verəcəyimizi güman etmirəm. Amma çox itki olacaqsa belə, bundan çəkinmək lazım deyil. Birinci növbədə də mən, çünki mən bu itkini mənim övladımın, nəvələrimin yaşamasını, o təhlükəni görməsini istəmirəm.

Aparıcı Əvəz Zeynallının, “Demək istəyirsiniz ki,  biz verməsək, o itkini övladlarımız verəcəklər?”  sualına İqbal Ağazadə, “Mütləq verəcəklər! Bu gün ölən vətəndaş, Azərbaycan əsgəri konfliktdən on dörd il sonra doğulub. Təsəvvür edirsinizmi bu nə deməkdir? Konflikt başlayandan on dörd il sonra doğulan uşaqlar şəhid olur. On dörd ildə biz o konflikti on dörd dəfə həll etməliydik. Bacarıqsızlığımız, siyasəti düzgün qiymətləndirməməyimiz, başıpozuqluq, idarəetmədəki yanlışlıqlar, nəyə gətirib çıxartdı? Konfliktdən on dörd il sonra doğulan uşaqlar şəhid oldular. Vətən uğrunda ölmək də olar, öldürmək də, lakin birdəfəlik, daha bu sistematik, hər gün, erməninin kefi istəyəndə, rusun kefi istəyəndə, Qərbin kefi istəyəndə, bir başqasının kefi istəyəndə yox. Elə kimin kef istədi silahını qaldırıb atdı, maraqlarını burda təmin etdi yox. Bu, bir dəfə həll olunub bitməlidir. Həll olunanda itirəcəyimiz hər şey sabahkı nəslin qazanacağı üçün əsas yoldur”, deyə cavab verib.

Həmin verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz