Ənvər Ağazadə: “Sona qədər ordumuzun və dövlətimizin yanındayıq”

“Müharibə başlayan ilk gündən Ümid Partiyası olaraq Ali Baş Komandanın yanında olduğunuzu bəyan etdiniz. Ölkədəki birliyin qorunması üçün çalışdınız. Bunları bilirik. Bəs, belə məqamda xarici əlaqələrinizdən dövlətimizə dəstək üçün necə istifadə edə bildiniz?” ​ – sualına Ümid Partiyasının birinci müavini Ənvər Ağazadə belə cavab verib:

“Doğru qeyd edirsiniz ki, biz Ümid Partiyası olaraq müharibə başlamazdan öncə, yəni Tovuz hadisələrindən dərhal sonra, başda sərdimiz cənab İqbal Ağazadə olmaqla, hamımız bu müqəddəs savaşda əsgər olduğumuzu bildirdik. Könüllü olaraq cəbhəyə yollanmaqla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik. Bu gün ölkəmizdə Ali Baş Komandanın ətrafında yaranmış birliyin sona qədər qorunması və bu birliyə heç bir xələl gəlməməsi üçün əlimizdən gələni edirik. Sözsüz ki, müharibə təkcə cəbhədə getmir. Döyüşən əsgər və zabitlərimizlə yanaşı hər birimiz arxa cəbhədə bir əsgər olmalıyıq. Çünki hərbi sahədəki savaş qədər informasiya müharibəsi də vacibdir. Ümid Partiyası olaraq biz bu reallığı çox yaxşı dərk edirik. Beynəlxalq əlaqələrimizdən istifadə edərək Azərbaycanın haqq səsini bütün dünyaya, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmağa çalışırıq. Bugünə kimi partiyamız BMT, ATƏT, Human Rights Watch, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avronest, o cümlədən, ayrı-ayrı parlamentarilərə, senator və konqresmenlərə, dünyanın aparıcı dövlətlərinə müraciətlər ünvanlayıb. Bu təşkilatlara BMT-nin məlum dörd qətnaməsinin tələblərini bir daha xatırladıb. Ermənistan tərəfinin münaqişə bölgəsindən yüz kilometrlərlə uzaqlıqda yerləşən və Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəni qadağan olunmuş silahlarla atəşə tutması, dinc əhalini qətlə yetirməsi ilə bağlı konkret faktlar təqdim olunub. Eyni zamanda, bildirilib ki, Ermənistan Bərdə, Mingəçevir, Xızı, Tərtər və başqa böyük şəhər və rayonlarımızı iri çaplı silahlarla mütəmadi atəşə tutur. Ümumilikdə, sentyabrın 27-dən indiyədək​ 91​ mülki şəxsi qətlə yetirib,​ 405​ nəfəri isə yaralayıb. Qətlə yetirilmiş şəxslər arasında onlarla azyaşlı uşaqlar da var. Cenevrə konvensiyalarına zidd olaraq Ermənistan bu gün də belə çirkin və insanlığa qarşı olan əməllərini davam etdirir”.

Ə.Ağazadə onu da bildirib ki, partiya tərəfindən dünya azərbaycanlılarına çağırış olub: “Bu gün Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq üçün partiyamızın sədri cənab İqbal Ağazadə dünya azərbaycanlılarına müraciət edərək, onları yaşadıqları ölkələrdə bu istiqamətdə fəal olmağa çağırıb. Biz partiya olaraq bu istiqamətdə işimizi ​ hər gün davam etdiririk. Bu müqddəs savaşda sona qədər dövlətimizin, ordumuzun və Ali Baş Komandanın yanındayıq”.

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz