Zelenskinin Putinə məktubu diplomatik gedişdir, yoxsa siyasi mesaj? – Anar İsayev şərh edir…
Volodimir Zelenski tərəfindən Putinin ünvanına açıq məktub göndərilib. Məktubda tərəflər arasında birbaşa görüş, atəşkəs və əsir mübadiləsi kimi məsələlərin gündəmə gətirildiyi bildirilir. Məktubda həmçinin münaqişənin hazırkı gedişatı ilə bağlı müxtəlif siyasi məqamların yer aldığı qeyd olunur.
Maraqlıdır, Zelenskinin Putinə ünvanladığı açıq məktubda bir tərəfdən atəşkəs, əsir mübadiləsi və birbaşa liderlər görüşü təklif edilir, digər tərəfdən isə Rusiyanın hərbi itkiləri, iqtisadi çətinlikləri və Putinin siyasi gələcəyi ilə bağlı sərt mesajlar verilir. Bu müraciət həqiqətən sülh danışıqlarına zəmin yaratmağa hesablanıb, yoxsa Ukraynanın informasiya və psixoloji müharibə strategiyasının tərkib hissəsidir?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev açıqlama verib.
O qeyd edib ki, Zelenskinin bu tip müraciətlərini yalnız sülh təşəbbüsü və ya yalnız informasiya əməliyyatı kimi qiymətləndirmək çətindir:
“Adətən belə açıqlamalar bir neçə məqsədə eyni vaxtda xidmət edir. Bir tərəfdən, atəşkəs, əsir mübadiləsi və birbaşa liderlər görüşü təklifləri Ukraynanın beynəlxalq ictimaiyyət qarşısında danışıqlara açıq tərəf kimi görünməsinə xidmət edir. Bu, xüsusilə Ukraynaya dəstək verən Qərb ölkələri üçün mühüm siyasi mesajdır. Digər tərəfdən, Rusiyanın hərbi itkiləri, iqtisadi problemləri və Putinin siyasi perspektivləri ilə bağlı sərt ifadələr informasiya-psixoloji müharibənin elementləri kimi də dəyərləndirilə bilər. Belə mesajlar həm Rusiya cəmiyyətinə, həm rus elitasına, həm də Ukrayna ictimaiyyətinə yönəlmiş ola bilər. Məqsəd rəqibin mövqeyini zəif göstərmək və öz tərəfinin mənəvi üstünlüyünü vurğulamaqdır.
Diplomatik baxımdan isə bu cür məktubların paradoksal xarakteri var: bir tərəfdən dialoqa çağırış edilir, digər tərəfdən qarşı tərəfə təzyiq göstərilir. Müasir münaqişələrdə bu, kifayət qədər yayılmış yanaşmadır. Tərəflər eyni vaxtda həm danışıqlara hazır olduqlarını nümayiş etdirir, həm də danışıqlar masasına daha güclü mövqedən oturmağa çalışırlar. Ona görə də, məncə, bu müraciət həm mümkün danışıqlar üçün siyasi zəmin yaratmaq, həm də Ukraynanın informasiya və psixoloji müharibə strategiyasının bir hissəsi olmaq xüsusiyyətlərini daşıyır. Hansı məqsədin daha üstün olduğunu isə tərəflərin yaxın aylarda real danışıqlar prosesində atacaqları addımlar göstərəcək”.
Pərvin Şakirqızı
Şərh yaz




