Zelenskinin Çörçillə müqayisə olunması ədalətli və realdır – TALEH ƏLİYEV

“Uinston Çörçill də Ukrayna Prezidenti Volodimir Zelenskinin indi hərəkət etdiyi kimi edərdi”.
Bu sözləri Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevdə Viktor Pinçuk Fondunun təşkil etdiyi xüsusi görüş zamanı deyib.
“Çörçill də Zelenskinin etdiyi kimi edərdi. O da Trampın qarşısında söz seçməzdi”, – Conson bildirib.
O, həmçinin Donald Trampın müharibənin başlanmasında Ukraynanın günahı ilə bağlı açıqlamalarını tənqid edib:
“Bu məntiqlə amerikalılar yaponları Pörl-Harbora hücuma təhrik ediblər. ABŞ-ın hazırkı siyasəti Ukraynanı dəstəkləmək siyasətinə ziddir. Amerikalıların təklif etdiyi reallığı dərk edə bilmirəm, çünki mənim ürəyim var. Xüsusilə, mineral ehtiyatlar üzrə sövdələşmədən danışırıq”.
Conson Trampın Ukraynanın göstərilən dəstəyi kompensasiya etməli olması ilə bağlı tələblərinə müsbət yanaşır. O, xatırladıb ki, Böyük Britaniya İkinci Dünya müharibəsi zamanı verilən Lend-Liz çərçivəsində ödənişləri yalnız 2006-cı ildə dayandırıb. Consonun fikrincə, Trampın fəaliyyətinin əsas məqsədi avropalıların iştirakını artırmaqdır:
“Realist olmalıyıq, lakin öz həll yollarımızı inkişaf etdirməliyik. Xüsusilə, o, Ukrayna torpaqlarında sülhməramlıların əleyhinə deyil, gəlin, bunu edək”.
Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev “Sherg.az“a deyib ki, dünən Rusiyanın “xüsusi hərbi əməliyyatlar” adı altında Ukraynaya qarşı apardığı işğal siyasətinin üçüncü ili tamam oldu: Bununla əlaqədar olaraq, Avropa Birliyi rəhbərliyi və Avropa ölkələri Kiyevdə Ukrayna ilə həmrəylik tədbiri keçirdi. Bu addım ABŞ-dən fərqli olaraq, Avropa dövlətlərinin Ukraynaya qarşı mənəvi və siyasi-hüquqi öhdəliklərinə sadiqliyinin göstəricisidir.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun açıqlamaları göstərir ki, Zelenski bu müharibədə xalqının və dirənişin simvoluna çevrilib. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Ukrayna və onun liderinə qarşı ədalətsiz və qərəzli münasibəti fonunda Zelenski Ukrayna dövlətinin, xalqının və prezident olaraq özünün şərəf və ləyaqətini qürurla təmsil etməsi, onun Uinston Çörçillə müqayisə olunmasını ədalətli və real edir.
Avropa liderlərinin Kiyevə səfəri ilə eyni vaxtda Fransa Prezidenti Emmanuel Makron da ABŞ səfər etdi. Onun Trampla müzakirə etdiyi əsas məsələlərdən biri, Ukrayna müharibəsinin həllində Aİ və Ukraynanın maraqlarının qorunması idi. Trampa görüşdən sonra Makron bildirmişdi ki, sülhün təmin edilməsi üçün ABŞ Rusiya ilə olduğu kimi, Ukrayna ilə də ayrıca danışmalı və sonra uzlaşma əsasında sülh müqaviləsi imzalanmalıdır. Bu, əslində, Avropa Birliyinin münaqişənin həllinə dair mövqeyini əks etdirir. Əgər Tramp birtərəfli qaydada Putinlə sövdələşməyə gedərək Ukraynaya təzyiq göstərməyə çalışsa, Aİ-nin Kiyevə açıq və daha geniş dəstək verəcəyinin şahidi olacağıq”.
Politoloq əlavə edib ki, son günlər Kremlə qarşı 16-cı sanksiyalar paketinin qəbul edilməsi və 17-ci paket üzərində işlərin aparılması da göstərir ki, AB Rusiya və ABŞ arasında mümkün sövdələşməyə biganə qalmayacaq:
“Sülh planı Avropa və Ukraynanı qane etməzsə, Aİ bunu qəbul etməyəcək və prinsipial mövqeyini davam etdirəcək. Bundan əlavə, sülh imzalanacağı təqdirdə Avropa ölkələri sülhməramlı qüvvələrini regionda yerləşdirməyi əsas məsələ kimi irəli sürəcəklər”.
Şərh yaz