XARİCİ SİYASƏT

Azərbaycanın cənubi Qafqaz respublikaları ilə müqayisədə iqtisadi və demoqrafik üstünlükləri onu bu coğrafiyanın şəriksiz liderinə çevirməyə imkan verir.

Təbii ki, liderlik anlayışı digər cənubi Qafqaz respublikaları  üzərində hegemonluq  olaraq, nəzərdə tutulmamalı, əksinə, bu dövlətlərlə yaxın qonşuluq siyasəti çərçivəsində barış və sülhü saxlamaq, paylaşmaq və ortaq dəyərləri inkişaf etdirmək kimi qəbul edilməlidir. Biz örnək, nümunə ola biləcək Azərbaycan yaratmaqla tək liderə çevrilə, beləliklə də Cənubi Qafqaz Respublikalarının yeni düzən və münasibətlər sisteminə çıxmasına yardım edə bilərik.

Partiyamız Azərbaycanın imkanlarına uyğun, coğrafi və tranzit şərtlərinə söykənən, yeraltı və yerüstü sərvətlərinə bərabər bir xarici siyasət sərgiləyəcək. Bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edən Azərbaycan, digər ölkələrdən və beynəlxalq təşkilatlardan da öz suverenliyinə və ərazi bütövlüyünə hörmət tələb edən siyasət yürüdəcək.

Partiyamız dəyişən dünya düzəni çərçivəsində Azərbaycanın milli mənafe və dünya gerçəkləri arasında tarazlığın yaranmasına söykənən xarici siyasət kursu sərgiləyəcək.

 

Bunun  üçün:

 

  • Azərbaycanın uzun vədəli xarici siyasət doktrinası işlənib hazırlanacaq;
  • Xarici siyasət doktrinasının qəbul olunmasında icra strukturları ilə yanaşı, parlament, siyasi institutlar, vətəndaş cəmiyyətləri və vətəndaşlar iştirak edəcək;
  • Xarici siyasət sahəsində fəaliyyət göstərən strateji araşdırma mərkəzləri, xarici siyasət insitutları yaradılacaq və onlarla sıx əməkdaşlıq ediləcək;
  • Ölkənin təhlükəsizliyi, demokratik cəmiyyət quruculuğu, barış və sülh içərisində yaşamı təmin etmək üçün Avroatlantik məkana inteqrasiya əsas xətt olacaq;
  • Avropa birliyi ilə yaxın qonşuluq və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində sıx əməkdaşlıq ediləcək, assosiativ üzvlük üçün müraciət olunacaq, AB-nin tam hüquqlu üzvlüyü üçün ölkə qanunları, idarəetmə, iqtisadiyyat, demokratikləşmə Avropa standartlarına uyğunlaşdırılacaq;
  • Azərbaycan dövləti idarəetməsi, demokratik vəziyyəti, şəffaf cəmiyyəti, insan haqlarına hörməti ilə bölgədə sabitlik və güvən faktoruna çevriləcək;
  • Qonşu ölkələrlə münasibətdə barış və sülhü saxlayacaq, dialoqa söykənən yaxşı əlaqələr quracaq, regional əməkdaşlığın bütün imkanlarından yararlanacaq;
  • Gürcüstan, Ermənistan və Azərbaycanın iştirakı ilə Cənubi Qafqaz Birliyinin yaradılması konsepsiyasına çağırış edəcək, bunun üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacaq;
  • Tarixi, coğrafi yaxınlıq üç Cənubi Qafqaz Respublikaları arasında yeni, sağlam, dialoq, barış və sülh siyasətini sərgiləməyə yönəlik birlik siyasətinə start verəcək;
  • Ermənistan-Azərbaycan münaqişəsinin barış və sülh çərçivəsində həllini siyasətin ana xətti hesab edəcək;
  • Ermənistan, Gürcüstanla münasibətdə rəqabət siyasətinə deyil, əməkdaşlığa söykənən əlaqələr yaradılacaq;
  • Türkiyə ilə münasibətlər strateji müttəfiq kimi davam etdiriləcək, Türkiyənin regiondakı yerinə və nüfuzuna hörmətlə yanaşılacaq, iqtisadi, siyasi, mədəni hərbi əlaqələr yeni müstəviyə çıxarılacaq;
  • ABŞ-la ikitərəfli, çoxtərəfli və bloklar çərçivəsində strateji əməkdaşlıq ediləcək, ABŞ-ın regionda ən etibarlı partnyoru səviyyəsinə yüksələcək siyasət yürüdüləcək, yeni iqtisadi, siyasi, hərbi, mədəni əlaqələrin perspektivləri araşdırılacaq;
  • İslam ölkələri ilə əlaqələr genişləndiriləcək, ikitərəfli əməkdaşlıqlar gücləndiriləcək, demokratiyanın, barış və sülhün təşviqində, şərqlə qərbin qovuşmasında körpü rolunu oynayacaq siyasət yürüdüləcək;
  • Yaxın qonşumuz olan Rusiya ilə bərabərtərəfli və qarşılıqlı etimada, inama söykənən, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilən, mədəni, iqtisadi, siyasi əlaqələrin genişləndirildiyi bir xarici siyasət kursu başlanılacaq;
  • Keçmiş Sovet Respublikaları ilə ikitərəfli əlaqələr qurulacaq, siyasi, iqtisadi münasibətlər dərinləşdiriləcək;
  • MDB tərkibindən Azərbaycan ayrılacaq, bu qurumda təmsil olunan dövlətlərlə ikitərəfli münasibətlər barış, sülh, dostluq və dərinləşdirilmiş əlaqələr səviyyəsidə davam etdiriləcək;
  • Yaponiya, Cənubi Koreya Respublikası ilə iqtisadi, siyasi əlaqələrin yeni fazası başlayacaq, ölkə iqtisadiyyatında onların iştirak payının artırılması siyasəti yürüdüləcək;
  • Yaxın qonşumuz olan İranla ikitərəfli münasibətlər inkişaf etdirilməklə yanaşı, orada yaşayan həmvətənlərimizin siyasi, mədəni, hüquqi diskriminasiyasına yol verilməməsi üçün açıq dialoqa çağırış ediləcək, İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməklə yanaşı, soydaşlarımızın bu ölkə daxilində hüquqlarının tanınmasına çalışılacaq;
  • Xaricdə yaşayan həmvətənlərimizin yaşadıqları ölkələrdəki hüquqlarının qorunması istiqamətində sistemli siyasət sərgilənəcək, problemlərin aradan qaldırılması istiqamətində dialoq və təsirli vasitə hesab olunacaq;
  • Üzv olduğumuz beynəlxalq qurumlarda bəşəriyyətin barış və sülh içərisində yaşamasına yönəlik siyasət yürüdüləcək, demokratikləşmənin dərinləşməsinə, insan haqlarının qorunmasına, azad, ədalətli seçkilərin keçirilməsi istiqamətində beynəlxalq siyasətə dəstək verəcək;
  • Terrorizmə, narkoticarətə qarşı mübarizədə aktiv iştirak edəcək, buna qarşı olan təşəbbüslərin ən ciddi dəstəkçisi və iştirakçısı olacaq;
  • Azərbaycanla dost və müttəfiq olan ölkələrlə iqtisadi və siyasi əməkdaşlıq dərinləşdiriləcək, münasibətlər strateji müttəfiqliyə qədər inkişaf etdiriləcək.
Şərh yaz