ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelanı idarə edəcək əsas fiqur məhz o olacaq və yaxın 30 ildə ölkədə heç bir yeni seçki keçirilməyəcək.
Bəs xalq bununla barışacaq?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bildirib ki, ABŞ Prezidenti Donald Trampın məlum açıqlaması əslində Venesuela xalqına ünvanlanmış bəyanat deyil:
“Bu bəyanatın hədəf auditoriyası qaçırılmış Prezident Nikolas Maduronun yaxın müttəfiqləri olan ölkələrdir”.
Onun sözlərinə görə, bu o deməkdir ki, yaxın 30 ildə, ən azı, Venesuelanı idarə edəcək hakimiyyət amerikayönümlü olacaq və ABŞ-nin milli maraqları və geosiyasi istəkləri Venesuelada hakimiyyətə gələcək qüvvələr tərəfindən birmənalı olaraq yerinə yetiriləcək.
Analitikin fikrincə, bəyanat yalnız keçmiş iqtidarın müttəfiqlərinə yönəlir və nəticəsizdir:
“Bu baxımdan düşünmürəm ki, Trampın bu bəyanatı Venesuelada xalqın anti-amerikan ovqatını artıracaq. Əksinə, qeyd etdiyim kimi, bu daha çox keçmiş iqtidarın müttəfiqlərinə ünvanlanmış bəyanatdır. Bundan sonra Venesuelanın daxili işlərinə qarışmaq və ya devrilmiş prezidenti müdafiə etmək məqsədilə beynəlxalq səs-küy yaratmağın heç bir əsası yoxdur və nəticəsi də olmayacaq”.
T.Əliyev sonda əlavə edib ki, Venesuela üçün vəziyyət artıq tamamlanmış hesab olunur:
“Hakimiyyət tamamilə yeni qüvvələrə, uzun illərdir ABŞ və müttəfiqləri tərəfindən dəstəklənən müxalif liderə təhvil verilməyib. Bunun başlıca səbəbi odur ki, ABŞ artıq Venesuelada özünü rahat və “ev sahibi” kimi hiss edir və bugünkü status-kvonu qorumaqdan məmnundur”.
Jalə Rövşən
TodayPress TV
Şərh yaz




