Ümid Partiyasının rayon görüşləri davam edir – Ağsuda konfransa hazırlıq iclası keçirilib

Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyunun 9-da Ağsu rayonuna olub.
Görüşdə partiya sədrinin birinci müavini Ənvər Ağazadə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Elşən Quliyev, ümumi şöbənin müdiri Təbriz Dadaşov iştirak ediblər.
Belə ki, partiya rəhbərliyinin üzvləri Ağsu rayon şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər. Tədbir zamanı partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə olunub. Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri də təhlil edilib, görüş iştirakçılarının nəzərinə çatdırılıb, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Azərbaycan daxilindəki sosial-siyasi-iqtisadi problemlərin həlli istiqamətində Ümid Partiyasının təklifləri müsbət dəyərləndirilib.
Görüşdə təşkilatlanma ilə bağlı çıxışlar və təkliflər də öz yerini tutub, partiya sıralarının genişlənməsi müzakirə edilib, növbəti konfransa hazırlıq məsələləri danışılıb.
Ənənəvi olaraq, Ağsu rayonunda da konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb, Təşkilat Komitəsinin sədri Nurməmməd Mahmudov seçilib.
Ümid Partiyası sədrinin birincu müavini Ənvər Ağazadə keçirilən görüşün səmərəli səfər olduğunu vurğulayıb. O qeyd edib ki, yerli şöbə üzvləri partiyanın fəaliyyətini ciddi şəkildə izləyir, aparılan fəaliyyətdən razıdırlar, partiya rəhbəri İqbal Ağazadə və partiya funksionerlərinin çıxışlarını, təbliğat məlumatlarını izləyirlər, yüksək dəyərləndirirlər. Ənvər bəy səfər barədə təəssüratlarını paylaşaraq deyib ki, tədbirdə çıxış edənlər, xüsusilə gənclər partiya sıralarına yeni üzvlərin qəbulu ilə bağlı gördükləri işlər barədə də danışıblar.
Qeyd edək ki, partiya rəhbərliyi bundan öncə Saatlı və Samux rayonlarına səfər edib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
 
Şərh yaz