Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyunun 30-da Lənkəran şəhərinə olub.
Görüşdə Ümid Partiyası Ali Məclisin sədri Rəfail Tağızadə, İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova iştirak ediblər. Partiya rəhbərliyinin üzvləri Lənkəran rayon şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər.
Tədbir zamanı ölkədə və regiondakı baş verən ictimai-siyasi vəziyyət, partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə edilib. O cümlədən Lənkəran rayon təşkilatının təşkilatlanması istiqamətində tövsiyələr verilib, yerli fəalların fikirləri dinlənilib. Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri də müzakirə edilib. Azərbaycan daxilindəki sosial-iqtisadi problemlərin həlli istiqamətində Ümid Partiyasının təklifləri müsbət dəyərləndirilib.
Partiya İcra Aparatının rəhbəri Taleh Əliyev Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək, Azərbaycanın postmüharibə dövrünə hazır olmalı olduğunu vurğulayıb, o cümlədən ölkə müxalifətinin də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı və hazırlıqlı olmalı olduğu fikirlərini səsləndirib. O, qeyd edib ki, bu səbəbdən partiyanın yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması çox vacibdir.
Görüşdə Ali Məclisin sədri Rəfail Tağızadə təşkilatlanma ilə bağlı çıxış edərək, bu istiqamətdə təklifləri diqqətə çatdırıb. Partiya sıralarının genişlənməsinə, gənclərin siyasi proseslərdə aktivliyinin təmin edilməsi istiqamətində tövsiyələr səsləndirib.
Partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova ölkədə keçirilməsi ehtimal olunan Referendum və Parlament seçkilərinə də toxunub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlərini bölüşüb. Eyni zamanda rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub.
Partiyanın Lənkəran rayon təşkilatının fəalları şəhərdəki problemlərdən, vətəndaşların siyasi proseslərdə aktivliyinin az olmasından danışıblar, durumu dəyişmək üçün atıla biləcək addımlar barədə də fikirlərini bölüşüblər. Problemlərin həlli və ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi