Ümid Partiyasının Rəyasət heyəti Bərdə şəhərinə səfər edib

Ümid Partiyasının rayon görüşləri davam edir – Bərdədə konfransa hazırlıq toplantısı keçirilib

Ümid Partiyasının Rəyasət heyəti üzvlərinin növbəti səfəri 25 iyun Bərdə şəhərinə olub. Rəyasət Heyətindən konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması toplantısında partiyanın İcra Aparatının rəhbəri Taleh Aliyev, Ali Məclisin sədri Rafail Tagızade, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın iqtisadi məsələlər üzrə sədr müavini Anar İsayev Bərdə rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra toplantıya başlanıb.

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev Cənubi Qafqazdakı vəziyyəti, 4 aydır davam edən Rusiya-Ukrayna müharibəsini təhlil edib, bu müharibənin bölgəyə təsirindən danışıb, postmüharibə dönəmi üçün Azərbaycanın sosial-siyasi-iqtisadi istiqamətdə hazırlıqlı olmasının gərəkliliyini vurğulayıb.

Ümid Partiyasının Ali Məclisinin sədri Rəfail Tağızadə Referendum seçkilərinin keçirilməsini və partiyanın Konstitusiyaya əlavə olaraq təqdim etdiyi proporsional seçki sisteminin bərpasının vacibliyini xatırladıb.

Ümid Partiyasının iqtisadi məsələlər üzrə sədr müavini Anar İsayev Bərdə rayonunun kənd təsərrüfatı sahəsində yararlılığını, aqrar şəhər olduğunu qeyd edib, bu istiqamətdə hakimiyyətin görülməsinin vacib olduğu tədbirlərə xüsusi diqqət çəkib. O deyib ki, kənd təsərrüfatı sahəsində monopoliya olmasaydı, bölgələrdə insanların həyat şəraiti normal olardı. Anar İsayev həmçinin partiyanın kənd təsərrüfatı sahəsindəki təkliflərini də toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması tədbirində partiya fəallarının verdiyi sualları cavablandırıb, gənclərə təbliğat, təşviqat, təşkilatlanma sahəsində aidiyyatı müavinliyin tövsiyyələrini verib.

Bərdə rayon təşkilatının gənclər üzrə şöbə sədri Elvin Mehdiyev toplantıda ölkədəki gənclərin problemlərini dilə gətirib, təhsildən kənar qalan yeniyetmələrin bütün sahələrdə qarşılaşdıqları çətinlikləri səsləndirib, təhsil səviyyəsinin aşağı olması səbəbindən ölkə gəncliyinin maarifsizlik uçurumuna yuvarlandığından danışıb. O, şəhid ailələri və qazilərin həyat şəraitindən danışıb, Ümid Partiyasının Konstitusiya islahatlarında ölkənin sözügedən təbəqəsinə xüsusi maddə ayrılmasını da yüksək qiymətləndirib.

Tədbirdə rayon təşkilatının fəallarından Rövşən İsgəndərov da daxili problemlərə, xüsusilə də təhsilin səviyyəsinə diqqət çəkib, aidiyyatı istiqamətdə partiyanın hakimiyyətə təqdim etdiyi təkliflər paketini müsbət dəyərləndirib.

Daha sonra veteran üzvlərdən olan İlyas Səfərov ölkədə keçiriləcək seçkilərdə iştirakın vacibliyi, şəffaflığın həyata keçirilməsi üzərində öz təkliflərini irəli sürüb.

Toplantının gedişatında Bərdə rayon təşkilatının sədri Natiq Seferov şəhər və kənd sakinlərinin problemləri, bu problemlərdən çıxış yollarından danışıb, partiyanın Konstitusiyaya təklif etdiyi əlavə və dəyişiklikləri vurğulayıb, Seçki Məcəlləsinə edilən təklifləri tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıb.

Bütün ölkəni saran işsizlik və Bərdədə də sakinlərin bu işsizlikdən əziyyət çəkmələrindən danışılıb, üzvlər ərzaq bahalığından, maaşların aşağı olmasından şikayətlənib, sözügedən problemlər və bu problemlərin həlli istiqamətində partiyanın təklifləri geniş müzakirə edilib.

Toplantıda Bərdə rayon təşkilatının növbəti konfransa hazırlıq üzrə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb, yerli şöbə fəallarına partiya sıralarının genişləndirilməsi, təbliğatın sürətləndirilməsi, yeni üzvlərin cəlb olunması, növbəti konfransadək yeni özəklərin yaradılması tövsiyə olunub.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz