Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Belə ki, Rəyasət Heyətinin növbəti görüşü 12 avqust 2022-ci il Gəncə şəhərində baş tutub.
Gəncədə növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırılması üçün təşkil olunan toplantıda Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, partiya sədrinin sosial məsələlər üzrə müavini İlahə Sadıqova, partiyanın Gənclərlə iş üzrə şöbə müdiri Şükür Cavadov iştirak ediblər. Partiyanın Rəyasət heyətinin üzvləri Gəncə rayon şöbəsinin rəhbərliyi – şəhər şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər.
Gəncə şəhər şöbəsinin sədri Salman İmanlı toplantı iştirakçılarını salamlayıb, torpaqlarımızın müstəqilliyi, işğaldan azad edilməsi istiqamətində canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırılması toplantısında 30-a yaxın partiya fəalları iştirak edib. Partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev ölkə gündəmini müzakirə edib, toplantı iştirakçılarının suallarını cavablandırıb. O, Azərbaycanda sosial-siyasi-vəziyyətin gərginliyindən danışıb, problemlərin həlli və 44 günlük savaşdan sonra Qarabağda bərpa işləri və köçürülmə istiqamətində Ümid Partiyasının iqtidara təqdim etdiyi təkliflər paketini iştirakçıların diqqətinə çatdırıb, daha sonra partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə edilib. Taleh Əliyev Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək, Azərbaycanın postmüharibə dövrünə hazır olmalı olduğunu vurğulayıb, o cümlədən ölkə iqtidarının da, müxalifətinin də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı və hazırlıqlı olmalı olduğu fikirlərini səsləndirib. O, qeyd edib ki, bu səbəbdən partiyanın yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması çox vacibdir. Beləliklə, o deyib ki, partiya sıralarının genişlənməsi, gənclərin, xanımların siyasi proseslərdə aktivliyinin təmin edilməsi atılması gərəkən vacib addımlardan biridir.
Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb və xüsusi olaraq vurğulanıb ki, ölkədə hər kəs iqtidarlı-müxalifətli bölgədə baş verənlərə xüsusi diqqət yetirməli və Cənubi Qafqazın lideri olma imkanının yalnız Azərbaycan ola biləcəyi qeyd edilib. Belə ki, Azərbaycan heç bir halda Cənubi Qafqaz ansamblını pozmamalı, insan haqlarının qorunmasında, məhkəmələrin azad qərarlar qəbul etməsində, seçkilərin şəffaf keçirilməsində, legitim hakimiyyətin formalaşdırılmasında xüsusi əmək sərf etməli, dünya düzəninin yenidən şəkilləndirilməsində ilk olaraq, geridə qalmamalıdır.
Tədbirin irəliləyən dəqiqələrində ölkədə keçirilməsi ehtimal olunan Referendum və Parlament seçkilərinə də toxunulub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlər dəyərləndirilib. Eyni zamanda rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub.
Partiyanın Gəncə şəhər təşkilatının fəalları şəhərdəki problemlərdən, vətəndaşların siyasi proseslərdə iştirakından danışıblar, ölkədə durumu müsbətə dəyişmək üçün atıla biləcək addımlar barədə də fikirlərini bölüşüblər.
Toplantıda problemlərin həlli və ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.
Növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinə 15 nəfərdən ibarət üzv seçilib.
Azərbaycan Ümid Partiyasının təbliğat və informasiya müavinliyi