Ümid Partiyasının Rəyasət heyətinin üzvləri Astarada səfərdə olub

Ümid Partiyasının rayon görüşləri davam edir – Astarada növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsi formalaşdırılıb. 

Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyunun 30-da Astara rayonunda olub. Görüşdə Ümid Partiyası Ali Məclisin sədri Rəfail Tağızadə, İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova, partiya sədrinin ümumi məsələlər üzrə müşaviri Raifə Səfərova iştirak ediblər. Partiya rəhbərliyinin üzvləri Astara rayon şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər.

Tədbir zamanı ölkədə və regionda baş verən ictimai-siyasi vəziyyət, partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə edilib. O cümlədən Astara rayon təşkilatının təşkilatlanması istiqamətində tövsiyələr verilib, yerli fəalların fikirləri dinlənilib. Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri Astarada da müzakirə edilib.

Azərbaycan daxilindəki sosial-iqtisadi problemlərin həlli istiqamətində Ümid Partiyasının təklifləri toplantı iştirakçıları tərəfindən müsbət dəyərləndirilib.

Partiya İcra Aparatının rəhbəri Taleh Əliyev Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək, Azərbaycanın postmüharibə dövrünə hazır olmasının gərəkdiyini vurğulayıb, o cümlədən ölkə müxalifətinin də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı və hazırlıqlı olmalı olduğu fikirlərini səsləndirib. O, qeyd edib ki, bu səbəbdən partiyanın yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması çox vacibdir.

Görüşdə Ali Məclisin sədri Rəfail Tağızadə təşkilatlanma ilə bağlı çıxış edərək, bu istiqamətdə təkliflər səsləndirib. Partiya sıralarının genişlənməsinə, gənclərin siyasi proseslərdə aktivliyinin təmin edilməsi istiqamətində tövsiyələr verib və rayon təşkilatında gənclərin fəallığını yüksək qiymətləndirib.

Partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova ölkədə keçirilməsi ehtimal olunan referendum və parlament seçkilərinə də toxunub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlərini bölüşüb. Eyni zamanda rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub. Xüsusilə, gənclərin problemləri dinlənilib, bəzi qeydlər aparılaraq problemlərin ictimailəşdirilməsi qərara alınıb.

Partiyanın Astara rayon təşkilatının fəalları təşkilatlanmaq üçün onlara mane olan  səbəblərdən və problemlərdən, rayonda müxalifət partiyalarının fəaliyyətindən, vətəndaşların siyasi proseslərdə aktivliyinin az olmasından danışıblar, durumu dəyişmək üçün atıla biləcək addımlar barədə də fikirlərini bölüşüblər. Rayon ərazisindəki əsas problemlərdən, kəndli-məmur münasibətlərindən, yol, təhsil məsələlərindən də danışılıb. Problemlərin həlli və ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.

Ənənəvi olaraq, Astara rayonunda da  7 nəfərdən ibarət konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Əli Əliyev seçilib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz