Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (29 aprel – 5 may) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 29 aprel – 5 may)
Ümid Partiyası İdarə Heyətinin növbəti iclasları keçirilib.
Ümid Partiyasının İdarə Heyətinin toplantısında öncəliklə ölkədaxili məsələlər, Cənubi Qafqaz ölkələrinin və Azərbaycanın regiondaxili apardığı siyasət, Azərbaycanın 4 kəndinin qaytarılması, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi rəhbərlərinin nəzərdə tutulan görüşü, Ermənistandakı aksiyalar, Rusiya-Ukrayna savaşı, xarici agentura şəbəkəsinin ölkəmizə müdaxilələri və s. mövzular müzakirə edilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə agentura şəbəkəsi ilə bağlı deyib ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan adamların hamısının arxivləri açılmalıdır.
Partiya sədri qeyd edib ki, xarici agentin ifşası ortaya çıxanda, hansısa dövlətə işləməsi bilinəndə, çevrəsi, yaxınları, uşaqları, valideynləri və s. hər kəs bunun bu məzhəbə qulluğunu, ölkəsinə xəyanətini görəndə artıq yavaş-yavaş ictimai qınaq elə bir vəziyyətə gəlir ki, xarici dövlətlər də burda artıq adamlar tapmağa o qədər həvəsli olmur. Həm də bəzən bilmədən elə adamları qəhrəmana çevirirlər ki, nəticədə xarici agentura şəbəkəsinə işləməsi ortaya çıxanda iş işdən keçmiş olur.
Toplantının irəliləyən dəqiqələrində Azərbaycanın xarici siyasətindəki uğurlar xüsusilə vurğulanıb, qeyd olunub ki, bununla yanaşı daxili problemlər var və onların həlli özəlliklə iqtidardan asılıdır. Qarabağ kimi problemi həll edən, suveren hüquqları bərpa edən, Ermənistan-Azərbaycan cəbhəsində üstünlüyə, həm də sülh prosesinə bu qədər yaxın olduğu bir vəziyyətdə və hakimiyyətin kifayət qədər güclü olduğu bir vaxtda Azərbaycan hakimiyyəti açılıma doğru getməlidir.
İdarə Heyətinin iclasında vurğulanıb ki, bu açılım əsasən insan haqlarının qorunması sahəsində, hətta cinayəti olan, yaxud da gözlənilən, lakin həbs olunmuş adamlar və yaxud da siyasi məhbus hesab edilən şəxslər, cəmiyyət üçün tanınmış şəxslər – bunların hamısı ya amnistiya, ya da əfv aktı ilə böyük bir açılım edib, cəmiyyətə qaytarılmalıdırlar.
Qanunvericiliyin tələbinə görə bu il ölkəmizdə parlament və bələdiyyə seçkiləri keçirilməlidir. Bu istiqamətdə toplantı iştirakçıları qeyd edib ki, parlament və bələdiyyə seçkiləri cəmiyyət üçün yeni bir mərhələ olmalıdır və hakimiyyət bu istiqamətdə əvvəlki illərdən fərqli olaraq, siyasi institutların parlamentdə və bələdiyyədə təmsilçilik imkanlarını genişləndirməlidir. İnsanlara, siyasi partiyalara, institutlara, ictimai-siyasi cəhətdən aktiv olan vətəndaşların bu seçkilərdə haqqının tanınması və real təbliğat aparmaq imkanları genişlənməlidir.
Azərbaycan Ümid Partiyasının mərkəzi və yerli strukturları artıq bu istiqamətdə müəyyən işlərə başlayıb.
Parlament seçkilərində iştirak üçün 75 şəxs Mərkəzi Aparata məlumat verib.
49 nəfər namizədliyə namizədin dairəsi müəyyənləşib. Digər dairələr üzrə də çalışmalar davam edir.
Mərkəzi Aparat seçki şüarları, Partiyanın proqramından çıxarışlar, imza toplanmasının effektiv yolları, təbliğatda yeniliklər və s. kimi vacib elementlər üzərində işləyir. O cümlədən, Bələdiyyə seçkiləri də partiyanın diqqətindədir.
İclasda dəyişməz mövzulardan olan cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Rayon şöbələrinin kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə, partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, İdarə Heyətinin üzvləri Tamilla Qulami, Bakir Həsənbəyli, Elman Abbasov, İlahə Sadıqova, Anar İsayev yerli telekanallarda və internet televiziyalarında (Arb 24, Arb Media, İctimai Tv, Reaksiya Tv, Laf Tv, Xural Tv, Səs Tv, Cebhe Tv, Media Turk Tv) otuz (30) canlı efirlə tamaşaçılar qarşısına çıxıblar.
Bu kanallarda ümumi olaraq, altı yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Şərh yaz