Ümid Partiyasının həftə ərzindəki (17 – 21 iyul) fəaliyyəti ilə bağlı
PRESS-RELİZ
(Həftəlik 17 – 21 iyul)
Həftə ərzində Ümid Partiyasının İdarə Heyəti və Müavinliyinin növbəti iclasları keçirilib.
İdarə Heyətinin toplantısı zamanı ölkədə və dünyada baş verən hadisələr, Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Ermənistan münasibətləri, hər iki ölkə arasında imzalanması planlaşdırılan Sülh Müqaviləsi danışıqları, Qarabağda müvəqqəti yerləşən süıhməramlıların müddəti bitdikdən sonra Azərbaycanın atacağı addımlar və s. məsələlər müzakirə edilib.
İdarə Heyətinin iclasında Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli sazişin bəndlərinə nə Ermənistanın, nə də Rusiya sülhməramlılarının riayət etməməsi, Azərbaycan və Ermənistan ölkə rəhbərlərinin hər Qərb görüşündən sonra Rusiyanın ya Moskvaya, ya Soçiyə dəvət edilməsi və ya atəşkəsin pozulmasından danışılıb, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar qəti pislənib.
Toplantıda həmçinin Rusiya-Ukrayna savaşı müzakirə mövzusu olub, bu savaşın bölgəyə təsiri, post-müharibə dönəmində Azərbaycanın indidən xüsusi planlı xarici siyasət formalaşdırmasının vacibliyi qeyd olunub. Azərbaycan və Ermənistan arasında imzalanması gərəkən Sülh Müqaviləsinin uzanma səbəblərinin həm də bu müharibənin olması vurğulanıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan həm ölkəsində siyasi vəziyyətin tamamilə öz lehinə dəyişməsini, həm də Rusiya-Ukrayna savaşında Putinin məğlubiyyətini gözləyərək vaxt qazanır və beləliklə, Sülh Müqaviləsinin imzalanmasını da süni şəkildə uzatmış olur.
Müavinliyin iclasında media işçiləri 22 iyul Mətbuat Günü münasibətilə təbrik edilib, partiya sədri İqbal Ağazadə öz sosial şəbəkə hesabı vasitəsilə jurnalistlərə təbrik məktubu ünvanlayıb.
Toplantıda “Siyasi Partiyalar Haqqında” Azərbaycan Respublikasının yeni Qanununa əsasən üzvlərin yoxlanması barədə rayon təşkilatlarının hesabatları dinlənib.
Müavinliyin toplantısında vətəndaşın sosial-siyasi-iqtisadi problemləri, uşaqpulunun verilməsi, bu problemlərin həlli üçün Ümid Partiyasının təkliflər paketi səslənib.
İclasda partiyanın təklif etdiyi Referendum və Azərbaycan Respublikasının Milli Məclisinə keçirilməsi gərəkən seçkinin keçirilməsinin vacibliyi vurğulanıb.
Partiyanın İdarə Heyəti və müavinliyinin toplantılarında həmçinin cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, müvafiq şöbələrin hesabatları gündəliyə çıxarılıb.
Həftəlik fəaliyyət olaraq, Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya yetkililəri – partiyanın İdarə Heyətinin üzvləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, partiyanın İdarə Heyətinin üzvü Bakir Həsənbəyli, İlahə Sadıqova) İnternet Televiziyalarında (Arb 24, Reaksiya Tv, Laf Tv, Xural Tv) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, dörd yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində iki milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Şərh yaz