Ümid Partiyasının Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatla bağlı Bəyanatı

Ümid Partiyasının sentyabrın 12-si axşam və 13-ü səhər Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatla bağlı Bəyanatı
Sentyabrın 12-si axşam və 13-ü səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində genişmiqyaslı təxribat törədib. Ermənistan Silahlı Qüvvələri sərhəddə yerləşən bölmələrimizi və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri görən dinc sakinləri fasiləsiz olaraq, atəşə tutub.
Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycanın Milli Ordusu tərəfindən əks tədbirlər görülüb, nəticədə ölkəmizin ərazisində 2 günlük müharibə şəraiti yaranıb.
Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin edərkən və Ermənistanın təxribatlarının qarşısını alarkən, Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Çox təəssüf ki, beynəlxalq birliklər yenə də təxribatçı və təcavüzkar Ermənistana qahmar çıxır, Azərbaycan tərəfini atəşkəs rejiminə əməl etməyə çağırırlar. Belə ki, bu təşkilatlar beynəlxalq hüququn normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq, hələ də işğalda olan rayon və kəndlərin boşaldılmasını, Azərbaycan ərazisində qeyri-qanuni yerləşən erməni silahlı qüvvələrinin ərazilərimizi tərk etmələri barədə Ermənistan tərəfinə çağırışlar etmir, Azərbaycan ərazilərini işğal edən, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirməyən Ermənistana qarşı sanksiyalar həyata keçirmirlər.
Ümid Partiyası işğalçı və təxribatçı Ermənistana dəstək verən ölkələrin mövqeyini qəti şəkildə pisləyir, bu münasibətin sülh prosesinə mane olacağını bəyan edir və bölgədə həqiqətən sülh istəyən ölkələri beynəlxalq hüququn normalarına uyğun şəkildə davranmağa səsləyir.
Ümid Partiyası olaraq, Ordumuzun bu əməliyyatlarını dəstəkləyir və xalqımızı bu ağır günlərdə Milli Birliyə çağırırıq.
Ermənistanın təxribatlarının qarşısını alarkən qəhrəmancasına Şəhid olan hərbi qulluqçularımızın ruhu qarşısında baş əyir, ailələrinə, doğmalarına səbr diləyirik.
Şərh yaz