Ümid Partiyası Ukrayna ərazisində keçirilən saxta Referendumla bağlı BƏYANAT yaydı

23-27 sentyabr 2022-ci il tarixində qondarma “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Rusiya Ordusu tərəfindən işğal altında olan Xerson və Zaporojye vilayətlərində saxta Referendum keçirilib.
Beynəlxalq hüquqa əsasən Ukrayna dövlətinin ərazisi kimi tanınan 4 (dörd) vilayətdə qondarma “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, işğal altında olan Xerson və Zaporojye vilayətlərində 23-27 sentyabr 2022-ci il tarixində keçirilən saxta referendum heç bir halda xalqın iradəsi kimi qəbul edilə bilməz!
2014-cü ildə keçirilən qeyri-legitim referendumla Ukrayna dövlətinin ərazisi olan Krımın Rusiya Federasiyası tərəfindən ilhaqına dünya birliyinin qətiyyətli cavab verməməsi hazırkı proseslərin baş verməsinə gətirib çıxardı.
Ümid Partiyası olaraq, 30 sentyabr 2022-ci il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Kreml sarayında Ukrayna dövlətinin 4 (dörd) vilayətinin müasir beynəxalq hüquqa zidd olaraq, Rusiya Federasiyasına birləşdirilməsi məqsədilə keçirilən toplantıda imzalanan sazişləri işğalçılıq aktı hesab edirik və dünya birliyini bu beynəxalq hüquqa zidd əmələ qətiyyətlə cavab verməyə çağırırıq.
Ümid Partiyası hesab edir ki, Üçüncü Dünya Müharibəsi riskinin artdığı hazırkı həssas mərhələdə bu kimi neqativ hallara qarşı səssiz qalmaq elə Üçüncü Dünya Müharibəsini təşviq etmək anlamına gəlir. Ona görə də beynəlxalq təşkilatlardan, müstəqil dövlətlərdən, nüfuzlu dini icma liderlərindən, demokratik dünya ictimaiyyətindən və beynəlxalq sülh hərəkatlarından israrla xahiş edirik ki, Ukrayna dövlətinin ərazi bütövlüyünü tanıyan və Rusiya Federasiyasını işğalçılıq əməllərindən çəkinməyə çağıran bəyanatlar qəbul edərək, öz mövqelərini ifadə etsinlər. Əks halda bəşəriyyət daha bir qanlı və dağıdıcı dünya müharibəsi ilə üz-üzə qalacaqdır!
Şərh yaz