Ümid Partiyası Rüfət Muradlını yubileyi münasibəti ilə təbrik etdi

Bu gün Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlının 50 yaşı tamam olur.

Şərəfli, mənalı bir həyat yolu keçən, əsl vətən, millət fədaisi, Bütöv Azərbaycan sevdalısı olan Rüfət Muradlı Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub. Azərbaycanın ərazi bütövlüyü, demokratikləşməsi, söz və mətbuat azadlığı, insan hüquqlarının bərpası, güneyli soydaşlarımızın haqlarının özünə qaytarılması istiqamətində yorulmadan mübarizə aparıb. 

Cümhuriyyət irsinin davamçılarındandır.

Rüfət Habil oğlu Muradlı 1971-ci ildə Salyan şəhərində anadan olub. Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini bitirib. 1999-2012-ci illərdə ailə vəziyyəti ilə əlaqədar Tehran şəhərində yaşayıb. Həmin müddətdə də İran DTRT-da Azərbaycan dilində yayımlanan sərhədaşırı televiziyada aparıcı-redaktor kimi işləyib. İİR-da yaşadığı dönəmdə Güney Azərbaycanda milli-mədəni mübarizə aparan fəallarla yaxından tanış olan Rüfət Muradlı bu prosesin yaxın iştirakçısına çevirilib. İran televiziyasında işlədiyi dönəmdə siyasi baxışlarına görə təqiblərə məruz qalan Rüfət Muradlı 2012-ci ildə Azərbaycana dönərək aktiv siyasi fəaliyyətə başlayır. Əvvəllər də üzvü olduğu Ümid Partiyasında Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini təyin edilib. Əsas fəaliyyətini Güney Azərbaycanda soydaşlarımızın apardığı mübarizəyə yardım istiqamətində quraraq dünyaya səpələnən 50 milyona yaxın soydaşımızla bağlı aktiv fəaliyyətə başlayıb. Bu yöndəki fəaliyyətlərinə görə İranın bəzi şovinist mahiyyətli saytlarının hədəfinə tuş gələn Rüfət Muradlı daim İrandakı həqiqətlərin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasına çalışıb. O, 2014-cü ilin iyununda Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini təyin olunub. Hazırda Dünya Azərbaycanlıları ilə bağlı fəaliyyətini davam etdirir.

 Rüfət Muradlı 2015-2019-cu illərdə Borçalı Cəmiyyətinin İH-nin üzvü olub, 2013-cü ildən Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının, 2020-ci ilin avqust ayından Milli Hərəkatçılar Birliyinin üzvüdür. 

O, 2013-cü ildən Azərbaycanın ilk internet televiziyası olan Kanal 13-də soydaşlarımızın məsələlərini əhatə edən “Soydaş” proqramının yaradıcısı və aparıcısı olub. Hal-hazırda həmin kanalda “Rüfət Muradlı ilə 24 dəqiqə” və Açıq Söz” proqramlarının müəllifi və aparıcıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Rüfət bəyi yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz
PAYLAŞ