İyunun 13-də Azərbaycan Ümid Partiyasının Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. İclasda ölkədə, həmçinin regionda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub, eyni zamanda, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Rəyasət Heyətinin iclasında ölkə gündəmi, vətəndaşların sosial-siyasi-iqtisadi durumunun çətinliyi, bu çətinlikdən çıxmaq üçün problemlərin həlli yolları danışılıb, üç aydan artıq davam edən Rusiya-Ukrayna müharibəsi, bu müharibənin dünyaya və o cümlədən Azərbaycana təsirləri müzakirə edilib. Toplantıda müharibədən sonrakı dövr üçün ehtimallar ətrafında da fikir mübadiləsi aparılıb. Postmüharibə dövründən gözləntilər, Azərbaycan hakimiyyətinin buna hazırlığı da iclasın müzakirə mövzusu olub.
İclasda Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni silahlı qruplaşmalarının bu bölgədə törətdikləri təxribatlar ətrafında da fikir mübadilələri aparılıb.
Eyni zamanda, Qarabağa qayıdış planı barədə də fərqli və maraqlı təkliflər səsləndirilib, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan sazişə əsasən Ümid Partiyasının maddələrə yönəlik verdiyi təkliflər paketi bir daha xatırladılıb, yekunda Ümid Partiyasının Qarabağa qayıdışla bağlı təklifi də müzakirə edilib.
Qarabağ müharibəsi qazilərinin problemləri də iclasda müzakirə edilib və hökumətin atmalı olduğu addımlar barədə də fikir mübadiləsi aparılıb. Qazilərin, şəhid ailələrinin problemləri Ümid Partiyasının sədri və funksionerləri tərəfindən zaman-zaman işıqlandırılıb, aidiyyatı qurumlardan tələb edilib ki, sözügedən problemlər öz həllini tapsın.
Rəyasət Heyəti rayon şöbələri ilə görüşləri də müzakirə edib. Artıq beş rayonda – Saatlı, Samux, Ağsu, Cəlilabad və Masallıda görüşlər keçirilib və şöbələrin konfransa hazırlığı yoxlanılıb. Eyni zamanda, konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb. Görüşlərdə partiya sıralarının artırılması, gənclərin partiya sıralarına cəlbi də müzakirə edilib. Partiya sədrinin birinci müavini Ənvər Ağazadə xüsusilə qeyd edib ki, bölgə gənclərinin siyasətə aktiv marağı müşahidə edilir, onlar kütləvi olaraq partiya sıralarına yazılırlar.
Gənclərin, ümumilikdə ölkə vətəndaşlarının problemləri, onların həlli istiqamətində görüləcək işlər, gənclərə müxtəlif formalarda dəstək də partiya yetkililəri tərəfindən müzakirə edilib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz